“Adamın dilini kəsərlər”

Xuraman Əlizadə: “Mən kiməm ki, Fatma Mahmudova kimi böyük sənətkara qarşı səhv edim”


Xalq artisti Fatma Mahmudova ilə aktrisa Xuraman arasında incikliyin olduğu bildirilir. Tanınmışlar arasında umu-küsülük hökm sürür. Xalq artisti gənc aktrisadan inciyib. Məlumatı dəqiqləşdirmək üçün Fatma Mahmudova ilə əlaqə saxladıq. "Şərq”ə açıqlama verən Xalq artisti "Mən Xuramanı çox istəyirəm. Həmişə də ona dəstək verən insan olmuşam. İstedadlı gənc aktrisalarımızdan da biridi.

Aramızda isə heç bir inciklik olmayıb. Bilmirəm bu məlumat hardan qaynaqlanıb. Amma Xuraman mənim qızım yaşındadı. Onunla mənim aramda nə inciklik ola bilər ki? Xuraman yerini bilən, böyük-kiçiyə hörmət etməyi bacaran xanımdı. Mən ondan heç vaxt özümə qarşı bir hörmətsizlik də görməmişəm. Necə yalan deyim ki, aramızda soyuqluq var. O harda məni görürsə, hörmətimi saxlayır. Mən onun xətrini həqiqətən çox istəyirəm”.

Aktrisa Xuraman Əlizadə də bizimlə söhbətində məlumatın yalan olduğunu dilə gətirdi: 

"Mən bilmirəm bu məlumat kimin marağına xidmət edir. Amma inanın səmimiyyətimə ki, bizim Fatma xanımla aramızda qarşılıqlı hörmətdən başqa heç bir münasibətimiz yoxdu. Mən kiməm ki, onun kimi böyük sənətkara qarşı səhv edə bilim. Bu mənə ayıb olar. Hər zaman özümdən böyük sənətkarlara hörmətlə yanaşmışam. Hətta Allah eləməsin, aramızda nəsə olsa belə, Fatma xanım mənə nəsə desə, mən yenə ona güldən artıq söz demərəm. 

O, dəyərli sənətçidi, məndən yaşda böyükdü. Mən o qədər özümü itirməmişəm ki, onun kimi böyük sənətkarlara qarşı hörmətsizlik edib, onlara dil uzada bilim. Adamın dilini kəsərlər. Başqalarının yerinə danışa bilmərəm, amma mən o tərbiyənin də sahibi deyiləm ki, məndən böyüyə qarşı hörmətsizlik edim. Fatma xanımın xətrini çox istəyirəm, ondan da özümə qarşı heç bir soyuqluq görməmişəm”.

Tahirə