“Adamları küçədə kəskin danışmağa niyə vadar etməliyik ki ? ! ” - Müsahibə




Tanınmış teleaparıcı, professor Qulu Məhərrəmli "Sherg.az"a danışıb.

Ölkə telekanalların hazırkı durumu, bu sahədəki boşluqlar, çəkilən serialların keyfiyyəti, aparıcıların peşəkarlığı və s. məsələlərlə bağlı professorla apardığımızı söhbəti oxucularımıza təqdim edirik :

- Kimi dindirirsən hamı, hər kəs yerli televiziyaların səviyyəsindən gileylənir.
Doğrudanmı, telekanallarımız mənəvi böhran içərisindədir ?

- Televiziyalarda başlanmış böhran daha da dərinləşir. Ölkə televiziyalarını baxımsız vəziyyətə salan yaradıcılıq, peşəkarlıq probleminin hələ də çözülməməsi və televiziyaların ictimai mövzulardan kənarlaşmasıdır. Buna Qərbdə assosiallaşma deyilir. Bu zaman sosial maraq itir, əvəzində ictimai məzmundan uzaqlaşıb, bir qrupun maraqlarına xidmət edən verilişlər hazırlanır. Bizdə televiziyaların öz funksiyalarından kənarlaşması hiss olunur. Ciddi diskussiyaları bir kənara qoyur, amma eyni zamanda məişət mövzusunu, insan emosiyalarını işıqlandıran verilişlər verirlər. Buna görə də telekanallarımız baxımlılıqlarını itirirlər.

- Verilişlərin baxımlılığının artırılmasında teleaparıcıların da üzərinə yük, məsuliyyət düşür axı...

Televiziyaçı gərək hər zaman orta səviyyəli tamaşaçını hədəf götürsün. Çox intellektual tamaşaçıya yönəlməyin öz problemləri var. Zövqsüz tamaşaçıya da yönəlmək doğru deyil. Cəmiyyətdə orta tamaşaçı obrazı olmalıdır ki, sən daim onu nəzərdə tutub, onun üçün danışasan. Təəssüf ki, bizim bugünkü orta tamaşaçı dünən çoxluq təşkil edən bəsit tamaşaçı təbəqəsidir. Ona görə də indi keçmiş orta ilə intellektual aranı hədəfə almaq lazımdır. Telekanallarımız 10-15 il əvvəlki televiziya səviyyəsindən təxminən 100 addım geridir. Çünki bizdə TV haqqında təsəvvürlər çox bəsitləşib, xəbər proqramları cılızlaşıb, ekranda mənəviyyatsız, boz və dayaz adamlar çoxalıb, efirdə fikir yoxsulluğu hökm sürür, əsl mənəvi böhran içindəyik. Əvvəlki illərlə müqayisədə TV-də texniki imkanlar artıb, rəqəmli texnologiya möcüzələr vəd edir, kompüter qrafikasının üstünlükləri göz qabağındadır. Amma ölkədə populyar televiziya kanalı olmadığı üçün populyar aparıcılar da yetişmir. Mətbuatda da belədir. Bir vaxtlar yüksək səviyyəli qəzetlərimiz çıxırdı. O qəzetlərdə işləyən jurnalistlərin üslubu, tərzi də fərqli idi. Yazılı mediada fərdi üslub saxlanılıb. Köşə yazılarında, araşdırmalarda bunlar özünü göstərir. Əfsuslar olsun ki, efirdə əlvanlıq yoxdur. 90-cı illərin əvvəllərində ekranlarda fərqliliyi ilə diqqəti cəlb edən simalar meydana çıxdı. Məsələn, Nadejda İsmayılova, İlqar Əlfioğlu, sonralar Mirşahin, İlhamiyyə Rzayeva, Mehriban Vəzir, Xəyal Tağıyev, Sevinc Osmanqızı, Səadət Məmmədova. İndi gəlin görək onlardan kim qalıb? O dövrdə televiziya rəhbərləri peşəkar, medianı, televiziyanı bilən insanlar idi. Onlar bu fərqliliyi qəbul edib, o adamlara güzəştə gedə bilirdi. İndi rəislər meydana çıxıb. Rəislərin meydana çıxdığı televiziyalarda fərqlilik və peşəkarlıq tamamilə arxa plana keçib. Fərqliliyin olmamasının üç mühüm səbəbi var.

- Hansılardı ?

-Birinci, televiziyalarda azadlığın çərçivəsi daralıb. İkinci, fərqli olmağa can atanların sayı azalıb. Üçüncü, peşəkarlığın səviyyəsi aşağı düşüb. Peşəkarlığın yerini isə təsadüfi, jurnalistikanı bilməyən, amma müəyyən idarəçilik qabiliyyəti olan adamlar tutmağa başlayıb. Belə olanda da inzibatçılıq önə keçir, o, fərdi xarakterləri, cizgiləri silir. Ortaya hamısı bir konveyerin məhsulu olan üzüyola və hər işə yarayan boz aparıcılar çıxır. Üzüyola və hər işə yarayan boz jurnalist özünü kiməsə bənzədə bilər, amma orijinalı yox, surətini seçəndə nəticə etibarı ilə televiziya kanalları uduzur.

- Sizə elə gəlmirmi ki, indiki halda televiziyalar sosial sifarişin rol oynamadığı bir müstəviyə keçiblər?

- Telekanallar, sözün əsl mənasında müstəqil deyillər və televiziyaların əksəriyyəti tamaşaçı üçün işləmir. Deyim ki, onların çoxu heç təbliğat işinə də yaramır. Heç bir televiziyanın populyarlaşmaq imkanı yoxdur. Populyarlaşmaq üçün TV-nin özəl konsepsiyası və siması olmalıdır. Buna isə yalnız cəmiyyətdə gedən prosesləri dürüst ifadə etmək sayəsində nail olmaq mümkündür. Televiziyalarda geniş ictimai diskussiyalar, plüralizm, alternativ fikirlər yoxdursa, ən minimal şərtlər ödənmirsə, televiziya necə populyar ola bilər? Baxın, ölkə əhalisinin 60-70 faizi məlumatları xarici KİV-lərdən və internetdən alır.

- Bir müddət öncə ölkə telekanalları haqqında çoxşaxəli qanunlar hazırlandı. Həmin qanunlara hansı səviyyədə əməl olunur?

- Onların bir çoxunun hazırlanmasında iştirak etmişəm. Açın, "Televiziya və Radio yayımı haqqında” qanunda proqramlara verilən tələblərə baxın. Balanslı, qərəzsiz və geniş çeşidli mövzularda verilişlər hazırlanmalıdır. Quran ayəsi qədər gözəl sözlərdir. Amma bunlara əməl olunurmu? Televiziyalarda bir qorxaqlıq, təşəbbüssüzlük var. Qorxaq adam isə heç vaxt azad və real düşünə bilməz. Xəbərlərin hamısı bir-birinə oxşayır. Sanki bütün xəbərlər eyni ardıcıllıqla düzülür. Mövzular eyni, rəngarənglik yox, coğrafi tutum prinsipinə demək olar ki, riayət olunmur. Siyasi məsələləri bir yana qoyuram. Hanı bizdə mənəviyyatla, cəmiyyətin inkişaf perspektivləri ilə, şəxsiyyət problemləri, təhsillə bağlı kəskin proqramlar? Bəzi diskussiyaları çıxmaq şərti ilə bütün müzakirələr sözün adlıq halda deyilişidir. O müzakirələr şəkilçi qəbul etmir. Yəni, problemin olduğu ürkəkcəsinə deyilir, amma bunu necə həll etmək haqqında danışılmır. Televiziyalar ona görə çox bəsitdir ki, ekranda nüfuzlu, cəmiyyətdə tanınan şəxsiyyətlərin qarşısına ciddi sədd çəkilib. Fikir müxtəlifliyinin olmaması da ordan irəli gəlir. Bir çox adam özü bu televiziyalara gəlmək istəmir, bir çoxlarını isə televiziyalar istəmir. Bu davranışla biz necə normal cəmiyyət qura bilərik?

- İndiki halda Azərbaycan cəmiyyətini daha çox hansı formada hazırlanmış teleproqramlar maraqlandırır?

Hazırda ölkə ictimaiyyətində açıq, cəmiyyəti düşündürən müzakirələrə ehtiyac var. Normal ölkələrdə debatlar cəmiyyətdə gedən fikirləri bir dalğa kimi ekrana çıxardır. Tamaşaçı baxır ki, bu müzakirələr onun düşündüklərini bu və ya başqa formada ekranda deyir. Bu deyilirsə, gərilmiş sinirləri ekranda yumşaltmaq mümkündürsə, adamları küçədə kəskin danışmağa niyə vadar etməliyik ki? Bu mənada biz Türkiyə TV-lərindən çox şey öyrənməliyik.

Qulu müəllim, televiziyanın bir funksiyası da cəmiyyətdə sosial harmoniya yaratmaqdır, amma bizim telekanallarda bu yoxdur...

- Mənim üçün televiziya bir ictimai forumdur ki, biz o forumda ictimai yerlərdə apardığımız müzakirələri eyni zamanda ekranlara çıxarmalı, çıxış yollarını cəmiyyətlə birgə axtarmalıyıq. Bunun üçün Amerika kəşf etməyə ehtiyac yoxdur. BBC televiziyasının təcrübəsini öyrənmək kifayətdir. Əgər televiziya, BBC kimi öz tamaşaçısına hörmət edirsə, o seviləcək və müdafiə olunacaq. Çox təəssüf ki, indi bizdə elmi proqramlaşdırma yoxdur. Halbuki vaxtı ilə bununla elmi mərkəzlər məşğul olurdu. Televiziya məkanının Moskvadan idarə olunduğu vaxtlarda filosoflar, sosioloqlar, psixoloqlar bu işə qoşulur, çox incə məsələlər nəzərə alınırdı. Bizim televiziyalardakı proqramlaşdırma kommersiya məqsədli yox, sosial-humanitar məqsədli olmalıdır. Biz televiziyanı sadəcə pul, gəlir gətirən reklam tribunasına çevirməli deyilik. Televiziyanın ictimai, sosial, pedaqoji funksiyası da var ki, bunu heç vaxt yaddan çıxarmaq olmaz. Bunun bir qolu kommersiya, digəri əyləncədirsə, onda bu qolun üzərində siyasət qurmaq olmaz.

- Azərbaycan telekanallarına serial çəkilişləri üçün dövlət büdcəsindən vəsait ayrıldı. Amma yenə də ortaya maraqlı serial qoyulmadı. Maraqlı seriallar ərsəyə gətirmək üçün nələr edilməlidir, hansı işlər görülməlidir?

- Seriallarda mütləq Qərb prodüserliyinə müraciət etməliyik. Buna ciddi ehtiyacımız var. İndiki dönəmdə yaradılmaqda olan teleserial bazarını yalnız onların köməyi ilə qura bilərik. Bizim təfəkkürümüzdəki kino klassik kinodur. Çəkdiyimiz seriallar da göz qabağındadır. Onların heç birisi tamaşaçını cəlb edə bilmir. Bizdə serial çəkməyə elə birinci addımdan gəlir mənbəyi kimi baxırlar. Hiss olunur ki, bu işə girişmiş səlahiyyətli adamların iştahı yaxşıdır. Bizimkilər seriala pul ayrılanda necə serial çəkmək haqqında yox, o pulu necə oğurlamaq haqqında düşünürlər. Bu psixologiyadan əl çəkməsək, biz yaxşı serial çəkə bilməyəcəyik. Serial bazarı mütləq Türkiyədəki kimi formalaşdırılmalıdır.

- Ölkə telekanallarındakı fəsadların aradan qaldırılması istiqamətində nə kimi zəruri addımlar atılmalıdır?

- Teleməkanları düşdüyü vəziyyətdən çıxarmaq üçün orada azadlıqları artırmaq, peşəkar mövqelərini gücləndirmək və prodüser institutlarının inkişafına diqqət yetirmək lazımdır. Yəni, çörəyi çörəkçiyə həvalə etməliyik. İctimai diskussiyalar azaldıqca, bu cür verilişlərin sayı artdıqca, cəmiyyətdə ciddi bəsitləşmənin şahidi olacağıq. Digər tərəfdən Azərbaycanın efir məkanında şou-proqramlarla bağlı bütün verilişlər bərbad gündədir. Sanki müğənnilərdən başqa Azərbaycanda aparıcı sima yoxdur. Yenə də həmin bu müğənnilərin efir mədəniyyəti, səviyyəsi, davranış mədəniyyəti olsaydı, buna göz yummaq olardı. Bu problem bu və ya digər dərəcədə bütün telekanallarda var. Efirdə bir-biri ilə zarafat edəndə elə hesab edirlər ki, bununla verilişə duz-istiot qatırlar. Unutmaq olmaz ki, duzu-istiotu çox olanda yeməyin, ümumiyyətlə, dadı olmur. Düşünürəm ki, yuxarıda sadaladığım problemlər həllini tapmasa, Azərbaycanın efir məkanları daha acınacaqlı duruma düşəcək.

Söhbətləşdi: Ayyət ƏHMƏD