Akif Çovdarov gələn həftə son söz deyəcək - YENİLƏNİB
Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, günün ikinci yarısında davam edən prosesdə sabiq idarə rəisi mayor Akif Əliyev son sözlə çıxış edib.
O da digərləri kimi ittihamı qəbul etməyib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
General Akif Çovdarova son söz verilsə də, gələn proses son söz deyəcəyini deyib.
Məhkəmə prosesi oktyabrın 4-də davam edəcək
***
14:52
Lent.az-ın məlumatına görə, məhkəmədə çıxış edən Səlim Məmmədov deyib ki, ona qarşı düşmənçilik 2008-ci ildən yaranıb: "2008-də polis mayorunun oğlu ilə bağlı tədbir keçirdik. Onun ekstazi satması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdu. Həmin oğlanın telefonlarını izləməyə başladıq. Bu xətt zəncirvari olaraq Bakı şəhər prokurorunun oğluna və Əzizbəyov rayonunun keçmiş prokurorunun oğluna gedib çıxdı. Hər şeyi qanun çərçivəsində etdik. Axtarışların hamısında şəxsən özüm iştirak etdim. Gəlib gördüm prokurorluq aləmi qatıb bir-birinə ki, sən prokurorların uşaqlarına sataşmısan. Az qalırdılar, məni xalq düşməni elan etsinlər. Ortada video var idi deyə bir şey edə bilmədilər”.
Səlim Məmmədov qeyd edib ki, həmin uşaqların hərəsinin cibindən 300-350 həb çıxmışdı: "Bizim düşmənçiliyimiz də o vaxtdan başlayıb. Mən də, Akif Çovdarov da, nazirimiz də daima dövlətə xidmət etmişik, bizə verilən istənilən qərardan asılı olmayaraq sadiq qalacağıq. Keçmiş kəşfiyyatçı olmur. Amma bizə qarşı qərəzli davranırlar. Ermənilərlə işləyib dövlətə xəyanət etməkdə ittiham edilən Rauf Mirqədirovu atasının yasına buraxdılar, amma anam öləndə məni buraxmadılar”.
Həbsdə olan polkovnik deyib ki, onlar narkotiklə mübarizə aparıblar: "Sizin uşaqlar üçün çalışıb narkotiklə mübarizə aparırdıq, siz bizimlə nəyin mübarizəsini aparırsınız? Biz işləyəndə il ərzində 1 tondan çox narkotik vasitə aşkar edib götürürdük, bizdən sonra isə ilə cəmi 30 kiloqram narkotik tapa biliblər.
Ən sonda Azərbaycan xalqına həqiqət, hakimlərə ədalət, özümə isə bəraət istəyirəm”.
**
13:10
Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan proses Sabunçu rayon Məhkəməsinin inzibati binasında keçirilib.
Proses haqqında Səlim Məmmədovun vəkili Cavid Rzazadə və Orxan Osmanovun vəkili Elxan Quliyev məlumat verib.
Polkovnik Səlim Məmmədov son sözlə çıxış edib. Polkovnik ona qarşı verilən epizodlarla bağlı geniş danışaraq heç birinin məhkəmə dövründə sübta yetirlmədiyini, ittihamları razı olmadığı deyib. S. Məmmədov barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.
Daha sonra İdarənin keçmiş şöbə rəisi Orxan Osmanov son sözlə məhkəmədə çıxış edib. O, çıxışında verilə ittihamların heç biri ilə razı olmadığını dilə gətirib. O da Səlim Məmmədov kimi barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.
Proses davam edir. Günün ikinci yarısında sabiq idarə rəisi, mayor Akif Əliyev son sözlə çıxış etməsi gözlənilir.
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında A.Çovdarovun rütbələrdən, fəxri adlardan məhrum edilməklə 15 il, S. Məmmədovun 12 il, O.Osmanovun 9 il və A.Əliyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı S.Məmmədov, O.Osmanov və A.Əliyevin də rütbələr və fəxri adlardan məhrum olunmasını tələb edib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz
azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.