Aktyorun məktəb direktorunu döyməsinə reaksiya: "Ekrandakı rolu ilə həyatdakı rolu arasındakı fərq..."





Ötənlərdə azərbaycanlı aktyor və məktəb direktoru arasında arzuolunmaz hal yaşanıb. "Dolu” filminin məşhur aktyoru, "Drakon” obrazını canlandıran Rza Rzayev qalmaqal yaşadığı məktəb direktoru Tural Mirzəliyevi döyüb. Nizami Rayon Məhkəməsinin qarşısında baş verərən mübahisə sonda davaya çevrilib. Bu barədə gənc müəllim Həbib Əlizadə sosial şəbəkədə məlumat verib. R. Rzayev direktoru döyərək ona ağır bədən xəsarətləri yetirib. Və T. Mirzəliyev 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilib. R.Rzayevi isə polis saxlayıb. Xatırladaq ki, bir neçə ay əvvəl 175 nömrəli məktəb-liseyinin direktoru Tural Mirzəyev qohumunun işdən çıxarılmasına etiraz edən Rza Rzayev bu qərarını dəyişməsi üçün məktəbə gedərək direktorla mübahisə edib.

Məsələyə münasibət bildirən təhsil eksperti Məlahət Mürşüdlü "Sherg.az”a bildirib ki, aktyor R.Rzayevin 175 saylı məktəbin direktorunu döyməsi böyük hörmətsizlik və biabırçılıqdır:


"Aktyorun pedaqoji işlərə qarışması və düzgün mövqe tutmayaraq 175 saylı məktəbin drektorunu təhqir etməsi, döyməsi mövcud qanunvericiliyə, hüquqa hörmətsizlikdir. Bu olay insanların özlərini apara bilməməsindən, qabiliyyətlərinin çatışmazlığından qaynaqlanır. Aktyor özü ziyalı təbəqənin təmsilçisidir. Məktəbin direktoru R.Rzayevin qohumunu işindən haqlı və ya haqsız səbəblərdən dolayı çıxamasını bir kənara qoyuram. 


Lakin bir ziyalının belə bir hərəkət etməsi, birinə qəsdən xəsarət yetirməsi xoşagələn deyil. R.Rzayevin bu hərəkəti məsələni zorbalıqla, güc yolu ilə həll etməsi istiqamətindəki addımdır. Bu cür yanaşmanı bir aktyora yaraşdırmıram. 

Ekran qarşısında əyləşən tamaşaçılara əxlaqi, mənəvi keyfiyyətdən danışır. Amma onun ekrandakı rolu ilə həyatdakı rolu arasındakı fərqə baxın. Hər ikisi bir-birindən tamam fərqlidir. Əlbəttəki, bu olayı pisləyirəm. Bu, bir ziyalıya yaraşmayan hərəkətdir”.

Kənan Eynuroğlu