Şarj cihazını rozetkada saxlamaq elektrik xərcini artırır - “Vampir enerji”nin sirri

Telefonun şarjı bitdikdən sonra adaptrı elektrik rozetkasında saxlamaq az da olsa enerji sərfiyyatına səbəb olur.

Sherg.az xəbər verir ki, mütəxəssislərin “vampir enerji” adlandırdığı bu istehlak cihaz heç bir telefona qoşulmadıqda belə davam edə bilər.

Türkiyədə məişət elektrik enerjisinin qiymətləri əsasında aparılan hesablamalara görə, rozetkada qalan bir telefon adaptrının illik enerji sərfiyyatı təxminən 1,6 kilovat-saatdan bir qədər çoxdur. Məqalədə göstərilən qiymətlərlə bu, ildə təxminən 1,5 türk lirəsinə başa gəlir.

Adaptrın elektrik sərfiyyatı onun modelindən və texniki xüsusiyyətlərindən asılıdır. Müasir şarj cihazlarında bu göstərici adətən çox aşağı olur. Buna görə də tək bir adaptrı rozetkadan çıxarmaqla əldə edilən maliyyə qənaəti cüzi olsa da, çoxsaylı elektron cihazların fasiləsiz enerji sərfiyyatı ümumi istehlaka təsir göstərir.

Şarj cihazını istifadə etmədikdə rozetkadan çıxarmaq enerji israfını azaldır. Bununla yanaşı, enerji qənaəti üçün daha böyük nəticə verən addımlardan biri də evdəki digər elektron cihazların gözləmə rejimində sərf etdiyi enerjiyə diqqət yetirməkdir.