Ali məktəblərə qəbul sadələşir

Kamran Əsədov: "Amma biz imtahan keçiriləcək fənlərin sayını azaltmaq və konkret sahələr üzrə müəyyən etsək, hesab edirəm ki, daha effektiv olacaq"


"Bu gün Azərbaycan gənci daha yüksək təhsil almağın əhəmiyyətini dərk edərək yeni imkanlar axtarışındadır”.

Bunu "Sherg.az”a yeni imtahan qaydalarını şərh edərkən təhsil məsələləri üzrə mütəxəsis, tarix üzrə fəlsəfə doktoru Kamran Əsədov deyib. 

O diqqətə çatdırıb ki, ali məktəblərə tələbə qəbulu ilə bağlı məsələlərin daim ictimaiyyət tərəfindən maraqla qarşılanması insanların gələcəyə verdiyi dəyərin və sabaha inamının təzahürüdür:

"Hazırda Azərbaycanda ali məktəblərə qəbul imtahanları fənlərin sayına və çətinlik dərəcəsinə görə çox ağır imtahanlar sırasındadır. Azərbaycan Respublikası prezindentinin 2013-cü ildə imzaladığı Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında göstərilib ki, təhsil əlçatan olmalıdır. Hesab edirəm, bütün ixtisas qruplarında riyaziyyat fəninin olması anlaşılan deyil. Bundan əlavə orta məktəbin nüfuzunun qaldırılması, şagirdlərin buraxılış imtahanlarına və orta məktəb dərslərinə maraqlarının artırılması üçün 2019-cu ildən tətbiq ediləcək yeniliklər mütərəqqi addım olacaq.

Ali məktəblərə qəbul sadə olmalıdır. Bir misal deyim: Fransada universitetlər hər kəs üçün açıqdır. Universitetlərə daxil olmaq üçün qəbul imtahanları keçirilmir və təhsil pulsuzdur. Orta təhsil haqqında sənədi - bakalavr diplomunu alan hər kəs sənədlərini istədiyi universitetə verə bilər. Əgər namizəd orta məktəbdə yaxşı qiymətlərlə oxuyubsa, onu universitetə qəbul edirlər. Bununla yanaşı, bakalavr diplomu olmayan və orta təhsilini yarımçıq qoymuş fransızlar universitetlərə qəbul olmaq üçün Universitet Təhsilinə Qəbul Diplomu - DAEU (Diplôme d'Accès aux Etudes Universitaires
 almalıdırlar. DAEU diplomu universitetlər tərəfindən verilir”.

K.Əsədov xatırladıb ki, hazırda tələbələrin böyük əksəriyyəti demək olar, sevdiyi ixtisas üzrə ali təhsil almır:

"Amma biz imtahan keçiriləcək fənlərin sayını azaltmaq və konkret sahələr üzrə müəyyən etsək, hesab edirəm ki, daha effektiv olacaq. Çünki humanitar sahədə təhsil almaq istəyənə dəqiq elmləri akademik səviyyədə bilmək lazım deyil”.


Qeyd edək ki, 2019-cu ildən tətbiq ediləcək yeni modelə əsasən, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları indiyədək olduğu kimi – 3 fənn üzrə keçiriləcək, ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə qəbul imtahanlarında imtahan fənlərinin sayı 5-dən 3-ə endiriləcək və buraxılış imtahanlarının nəticələri ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınacaq.

Aysel Aslan