Universitetlərin tədqiqat mərkəzinə çevrilməsi və muxtariyyət qazanması vacibdir
Təhsil Nazirliyinin dəstəyi, UNEC və Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin təşkilatçılığı ilə Bakıda "Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Konfransda çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycan müstəqil dövlət kimi özünün elmin idarə edilməsi sistemini müasirləşdirir: "Bizim zəngin ənənələrə malik olan elmimiz mövcud olub və bu gün də mövcuddur. Biz onu müasirləşdirir və elmin beynəlmiləşdirilməsi prosesini həyata keçiririk. Bu gün bizim təhsil sistemimiz müasir çağırışlara cavab verir”.
Nazir Azərbaycanda universitetlərin yeni idarəetmə modelinin yaradılacağını bildirib. Onun sözlərinə görə, insan kapitalının formalaşması ilə məşğul olan ali təhsilin rolu davamlı şəkildə yüksəlir: "Universitetlərimiz ənənəvi şəkildə kadr yetişdirməklə yanaşı, biliklərə əsaslanan məhsul istehsalçısına çevrilir. Son illər elmi tədqiqat fəaliyyətinə qrantların cəlb olunması üçün müvafiq tədbirlər görülür. Bu da gənclərin elmə marağını bir daha artırır”.
M.Cabbarov vurğulayıb ki, milli ali təhsilin dayanaqlılığının təmin edilməsini əsas iş kimi görürük: "Ona görə də universitetlərin yeni idarəetmə modelini yaradırıq. Ölkədə bu günə qədər tədris olunmayan bir sıra elmi tədqiqatla bağlı fənlərimiz var. Bu gün ölkədə savadlı alimlərimiz var. Tədqiqat universitetlərinin yaradılması ilə onların potensialından geniş şəkildə istifadə edilməsinə şərait yaradılacaq”.
Konfransda iştirak edən millət vəkili Fazil Mustafa yeni idarəetmə modelinin hansı formada olması ilə bağlı "Şərq”ə danışıb. Deputatın sözlərinə görə, yeni model universitetlərin tədqiqat mərkəzinə çevrilməsindən ibarət olmalıdır:
"Xüsusi bir baloniya sistemini gətirməklə biz bunu dolğun şəkildə tətbiq edə bilməzdik. Faktiki olaraq universitetlərin tədqiqat mərkəzinə çevrilməsi və muxtariyyət qazanması vacibdir. Bunlar idarəetmə mexanizmində nəzərdə tutularsa, fərqli bir universitet modeli yarana bilər. İndiki şərtlərdə çox ciddi işlərin görülməsi nəzərdə tutulub. Universitetlərin müstəqilliyi məsələsi gündəmə gəlməlidir. Universitet özünü yaşadacaq səviyyədə imkanlara malik olmalı və dövlət büdcəsindən asılı olmamalıdır. Bunları etmək imkanı olsa, müəyyən dəyişikliklər baş verə bilər”.
Yeganə Bayramova