Aliment problemi...

"Elə ata var ki, maddi imkanı ola-ola övladına aliment ödəmək istəmir"
"Belə adamların əmlakları valideynlərinin adına, gəliri isə qeyri-rəsmi olduğu üçün çox asanlıqla məsuliyyətdən yayına bilir"


Bu il sabit pul məbləğində alimentin miqdarı 6 manat artırılıb.
Hüquqşunas Tağı Hüseynov köhnə aliment məbləğinin yalnız məhkəməyə müraciət etməklə artırılacağını bildirib: "Bu ildən sabit pul məbləğində alimentin miqdarı 160 manat olduğundan köhnə aliment məbləğini yalnız məhkəməyə müraciət etməklə artırmaq olar”.

Vəkil Asif Abdullayev isə "Şərq”ə açıqlamasında deyib ki, məhkəmənin qərarı ilə problem öz həllini tapmadığı üçün köhnə aliment məbləğinin məhkəməyə müraciət etməklə artırılmasına nail olmaq da müsbət heç nə vəd etmir: 

"Məhkəmə qərarlarının icrasında çox ciddi problemlər var. Elə ata var ki, maddi imkanı ola-ola övladına aliment ödəmək istəmir. Belə adamların əmlakları valideynlərinin adına, gəliri isə qeyri-rəsmi olduğu üçün çox asanlıqla məsuliyyətdən yayına bilir. 

Əgər icra məmurları ciddi araşdırma aparsalar, alimentdən yayınan ataların sayını nisbətən azaltmaq olar. Lakin məhkəmə icraçıları aliment işlərində maraqsız olur və formal sorğu göndərməklə işlərini bitmiş hesab edirlər. Təbii ki, maddi imkanı, işi olmadığı üçün övladına aliment verə bilməyən atalar da var. Onu həbs etsələr belə məhkəmə qərarını icra etmək gücündə deyil”.

A.Abdullayev deyib ki, aliment ödəməkdən boyun qaçırma, ilk növbədə inzibati xətalar məcəlləsinə əsasən, daha sonra cinayət məsuliyyətinə səbəb ola bilər. Amma üzrlü səbəbdən gecikmə məsuliyyətə səbəb olmur.

Vəkilin sözlərinə görə, qanunvericilik, alimentlə bağlı digər şəxslərə qarşı da tələb irəli sürməyə əsas verir. Yetkinlik yaşına çatmayan nəvənin saxlanılması üçün, babadan və ya nənədən də aliment tələb etmək olar:

 «Baba və nənənin də nəvəyə maddi köməklik etmək vəzifəsi var. Yetkinlik yaşına çatmayan nəvə öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna imkanı olan baba və nənədən məhkəmə qaydasında aliment tələb edilə bilər. Əgər icra məmuru müəyyən etsə ki, uşağın atası həbsdədir, əlildir və yaxud ölkəni tərk etdiyi üçün axtarışa verilib, bu kimi hallarda nəvə baba və nənəsinə qarşı iddia qaldırıb aliment tələb edə bilər. Nənə və baba təqaüdçü olsalar belə uşağın maddi təminatı üçün həmin təqaüdün yetmiş faizinə qədərindən aliment tuta bilərlər”.

Şəymən