“Alma al!” xoş hadisədir

Siqaretə qarşı aksiya təqdir olundu




Bakı şəhərində "Siqaret alma! Alma al!” aksiyası keçirilib. Səhiyyə Nazirliyinin dəstəyi ilə 31 may - Ümumdünya Tütünsüz Günü ərəfəsində keçirilən aksiyanın məqsədi əhalinin diqqətini sağlam həyat tərzinə yönəltmək, onları zərərli vərdişlərdən uzaq olmağa dəvət etmək olunub.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilə ASAN Könüllüləri Gənclər Təşkilatının birgə təşkil etdiyi aksiyanın ilk günü "28 May” metrostansiyası qarşısında keçirilib. Üzərində aksiyanın şüarı əks olunan köynək və günlük geyinmiş 50 könüllü və İSİM nümayəndələri siqaret çəkən şəxslərə yaxınlaşaraq, tütün və tütün tüstüsünün zərəri ilə bağlı onlara ətraflı məlumat veriblər. Sonra onlara əllərindəki siqareti atmaq və sağlam həyat tərzinin rəmzi sayılan alma götürmək təklif olunub. Aksiya zamanı 300-dən çox siqaret çəkənlə maarifləndirici söhbət aparılıb və onlar əllərindəki siqareti xüsusi tullantı qutusuna atıb, səbətdən sağlamlığın rəmzi olan yaşıl alma götürüblər. İctimaiyyət tərəfindən maraqla izlənən aksiya paytaxtın müxtəlif ərazilərində də baş tutub.

Keçirilən aksiyanın təqdirəlayiq olduğunu vurğulayan Ramin Hacılının sözlərinə görə, insanlara müsbət inpuls verib, onları düşünməyə vadar edir: 

"Ən azından bu aksiyanı keçirən insanlar cəmiyyət üçün nümunə olurlar. İstənilən halda bu cür aksiyalar cəmiyyətdə müəyyən hay-küyə səbəb olur, gənclər aksiyaların görüntülərini sosial şəbəkələrdə paylaşırlar, onlar haqqında mətbuat yazır, ictimaiyyət üzvləri danışır. Bu aksiyadan xəbər tutan hər insan əlindəki siqareti zibil qabına atmasa da, siqaretin zərərləri barədə maarifləndirici təbliğat aksiyaları keçirmək, onu gündəmə gətirmək çox xoş hadisədir”.
R.Hacılının sözlərinə görə, elə məsələlər var ki, ona qarşı mübarizə sırf inzibati qaydada aparılmalıdır. Ən azından bir insanın digərinə qarşı hüquqlarının qorunması üçün inzibati qadağaların olması, qanunvericilik bazasının yaradılması vacibdir. Ancaq insanların özünü qorumasının vacibliyi maarifləndirici tədbirlər və bu cür maraqlı aksiyalar vasitəsilə insanlara aşılanmalıdır.

Şəymən