Almanlar Azərbaycana nə vaxt və niyə gəlib?

Boran Əziz: “Yüz il ərzində almanlarla azərbaycanlılar arasında heç vaxt dini və etnik qarşıdurma olmayıb”
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Almaniya XİN rəhbəri Frank-Valter Ştaynmayerin görüşündə tarixi Almaniya-Azərbaycan əlaqələri diqqət mərkəzində olub. İki dövlət və xalq arasındakı münasibətlərdən bəhs edən E.Məmmədyarov Azərbaycan-Almaniya əlaqələrinin böyük tarixə malik olduğunu bəyan edib. Nazir bildirib ki, 2017-ci ildə Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyi qeyd olunacaq.
Onun sözlərinə görə, alman irsi Azərbaycanın təşəbbüsü ilə YUNESKO-nun mədəniyyət abidələri siyahısına daxil edilib: "Azərbaycan hökuməti Azərbaycanda alman abidələrinin qorunması üçün bərpa işləri aparır. Məndə olan son məlumata görə, 4 kilsə bərpa edilib. Almanların yaşamış olduğu kənd və qəsəbələr təmir olunub”. Bununla yanaşı, Mədəniyyət və Turizm Nazirliyi almaniyalı həmkarları ilə birlikdə ölkəmizin müxtəlif regionlarında məskunlaşan alman mühacirlərin həyatını əks etdirən "Azərbaycanda Alman Məskənləri” adlı layihə hazırlayıb. Layihənin tərkib hissəsi kimi aşağıdakı tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Bu tədbirlər - Gədəbəydə "Siemens” muzeyinin abadlaşdırılması, Şəmkirdə Alman İrsi Mərkəzinin bərpası, Göygöldə Regional Muzeyin təmir edilməsidir. Azərbaycanla münasibətlərdən danışan Ştaynmayer köhnə alman kəndlərinin bərpasını və xalqların sıx əməkdaşlığını olduqca məmnunluqla qarşılayıb: "Təşəkkür edirəm ki, Azərbaycan bu kəndlərin bərpası üçün aktivlik göstərir. Biz birlikdə çalışacağıq”.
Almanların Azərbaycana ilk kütləvi köçü 
1817-ci ildə General Yermolov almanların ilk dəstələrinin Azərbaycana yerləşdirilməsi barədə göstəriş verib. Almanların Azərbaycana ilk kütləvi köçü isə 1817-1819-cu illərə təsadüf edir. Azərbaycana yerləşdirilmiş almanların çoxu Vürtemburq krallığının sakinləri olublar. 194 alman ailəsi Şəmkir yaxınlığında Helenendorf (Xanlar rayonu) və Annenfeld adlı iki koloniya salıblar. Yaşayış məntəqəsi plan üzrə salınıb. Həmin kəndlərdə geniş küçələr, aynabəndli, taxtapuşlu, zirzəmili və eyvanlı evləri tikilib. Bu kaloniyalardan başqa almanlar Azərbaycanda Georqsfeld, Qrünfeld, Ayxenfeld, Traubenfeld, Yelizavetinka kimi kəndlər də salıblar. Almanlar Azərbaycanda siyasi və ictimai həyatda daim fəal olublar. XIX əsrin sonu-XX əsrin əvvəlində Azərbaycanda yaşayan almanlarının əksəriyyəti xristianlığın protestantlıq qoluna etiqad ediblər. Ölkəmizdə protestant kilsəsi 1857-ci ildə məhz Helenendorfda tikilib. Sonralar Gədəbəy, Şamaxı, Bakı, Şəmkir ərazisində də alman lüteran kilsələri tikilərək istifadəyə verilib.
Azərbaycana nüfuz edən alman mədəniyyəti
Almanların Azərbaycana yerləşdirilməsindən sonra - əlli il ərzində Gəncə ətrafında iki, Şəmkirdə üç, Tovuzda bir, Ağstafada üç alman yaşayış məntəqəsi salındı və alman ailələrinin sayı 3400-ü ötdü. Tarixi qaynaqların da məlumat verdiyi kimi, almanların Azərbaycanın Qərb bölgələrinə gəlişi ilə kənd həyatında böyük mədəni dəyişikliklər baş verib. Onların məskunlaşmasından sonra qərb bölgəsində yaşayan yerli azərbaycanlı kəndlilər də almanlar kimi altı zirzəmili, üstü çardaqlı, damı kirəmitli evlər tikməyə başlayıblar. O dövrədək həmin bölgələrdə zirzəmili və çardaqlı evlər olmayıb. Bəzi məlumatlara görə, kənd təsərrüfatında işlədilən dördçarxlı at arabalarının düzəldilməsi də almanların gəlişindən sonraya təsadüf edir. Cins inəkləri də ilk dəfə Azərbaycana almanlar gətiriblər. Sənaye üsulu ilə pendir və yağ istehsalı da məhz onlara məxsusdur. Azərbaycanda ilk yağ-pendir zavodu Ziqanter adlı alman tərəfindən Şəmkirdə tikilib. Almanlar kənd yerlərində elektrik enerjisindən istifadənin, elektrik dəmir yolunun, indiki Şəmkirin Dəllər qəsəbəsindən Gədəbəyədək uzanan neft kəmərinin ilk yaradıcıları olublar.
Gədəbəy misəritmə zavodlarının əsasını da Azərbaycanda yaşamış Simens qardaşları qoyub. Xanlar Şampan Şərabı Müəssisəsini də almanlar tikib.
Rəfibəyov qardaşları almanlara zamin durub 
Azərbaycandakı alman kaloniyaları azərbaycanlılarla çox mehriban və səmimi yaşayıblar. Bir hadisəni qeyd etmək yerinə düşər. 1914-cü ildə I Dünya müharibəsi başlayanda rus çarı I Nikolay Krım, Moldova, Şimali Qafqaz və Volqaboyunda yaşayan almanların Sibirə köçürülməsini əmr edib. Bu zaman yalnız Gəncə quberniyasındakı almanlar köçürülməyib. O zaman Gəncə ictimaiyyəti, xüsusən də Rəfibəyov qardaşları Qafqaz canişininin yanına gedərək almanlara zamin durub və onların köçürülməsinə imkan verməyib. 1918-ci ildə bütün Azərbaycandakı koloniyalarda yaşayan almanların sayı 6 min nəfərə yaxın olub. O zaman onların əsas peşəsi əkinçilik və şərabçılıq idi. Həmin dövrdə helenendorflu Forer və Hummel qardaşlarının istehsal etdiyi çaxır bütün Qafqaz bölgəsində hazırlanan çaxırın 58 faizini təşkil edirdi. 1918-ci ildə almanlar Azərbaycana yerləşmələrinin 100 illiyini təntənə ilə qeyd ediblər.
Stalinin siyasi əmri, Mikoyanın çirkin təşəbbüsü
1941-ci ilin sentyabrında Stalinin əmri və Mikoyanın təşəbbüsü ilə təqribən 20 mindən çox Azərbaycan vətəndaşı olan almanlar heç bir tutarlı dəlil olmadan Sibirə və Qazaxıstana sürgün ediliblər. Onların abad evlərinin çoxuna Mikoyanın havadarlığı ilə isə ermənilər yerləşdirilib. Tarixdən də məlumdur ki, 1941-ci ildə almanlar Xanlardan sürgün edilənədək rayon ərazisində bir nəfər də erməni yaşamayıb. Almanlar sürgün olunduqdan sonra azərbaycanlılar onların evlərində yaşamağı özlərinə sığışdırmayıblar. Ermənilər isə bütün evləri zəbt ediblər. Ölkəmizdə alman arxitektorların layihələri əsasında inşa olunan tikililər çoxdur. Xanlar, Şəmkir, Daşkəsən, Gədəbəy rayonlarında xeyli yaşayış məntəqəsi onlar tərəfindən salınıb. Azərbaycan almanlarının inşa etdikləri məşhur tiklilərin bəziləri Bakıda yerləşir. Bakıda 28 may küçəsində yerləşən alman kilsəsi-kirxa onlardan biridir. Ölkəmizdə yaşayan alman icması hər bazar günü bu kilsəyə gəlib, öz dualarını oxuyur, ibadət edir və söhbət aparırlar. Kirxanın yanında daha bir bina var. Kapelhauz adlanan bu bina alman mədəniyyət mərkəzidir. Bu bina Almaniya hökuməti tərəfindən 99 illiyə icarəyə götürülüb.
Xanların sonuncu almanı
Xanlarda yaşamış və 2007-ci il martın 29-da vəfat etmiş sonuncu alman Viktor Klayn olub. O, sovetləşmədən sonra "antisovetçi” damğası vurularaq güllələnməyə məhkum edilənlərin qətlinin canlı şahidlərindən idi. Almaniyanın Azərbaycandakı səfirliyi Viktor Klaynın Xanlardakı evini muzeyə çevirib. Hazırda Azərbaycanın digər bölgələrində çox az sayda alman yaşayır. Ancaq onların böyük əksəriyyəti yaşlıdır və demək olar ki, heç biri alman dilini bilmirlər.
"Azərbaycanlılarla almanlar arasında heç vaxt dini və etnik qarşıdurma olmayıb”
Almaniya və Azərbaycan xalqlarının qədim əlaqələri ilə bağlı "Şərq”ə danışan tarixçi-alim Boran Əziz deyib ki, XIX əsrin əvvəllərində rus çarı almanları Azərbaycana köçürərkən onun məqsədi Cənubi Qafqazda xristianların sayını artırmaq və müsəlmanların demoqrafi vəziyyətini dəyişmək olub. Amma çarın niyyəti baş tutmayıb: "Çar anlayırdı ki, təkcə almanlarla bu siyasəti həyata keçirmək mümkün deyil. Ona görə də almanların ardınca erməni və rusları da Azərbaycana köçürməyə başladı. Azərbaycan torpaqlarına köçürülən almanlar XIX əsrdən XX yüzilliyin əvvəllərinə, yəni 1920-ci ilə qədər əhalinin sadəcə 1.5 faizini təşkil edirdi. Çar Rusiyası onları bura köçürərkən müstəmləkəçi və irticaçı məqsəd daşıyıb. Amma imperiyanın məkirli planı baş tutmayıb. Çünki nə almanlar yerli əhaliyə, nə də yerli xalq əcnəbi almanlara mənfi münasibət bəsləyiblər. Yüz il ərzində almanlarla azərbaycanlılar arasında heç vaxt dini və etnik qarşıdurma olmayıb. Tərəflər biri-birinə çox mehribanlıqla yanaşıblar. Xüsusən yerli sakinlər almanlara xoş münasibət göstərib, onları evlə, yaxşı yaşayışla təmin ediblər”.
Azərbaycan xalqı alman irsini qoruyub
Tarixçi bildirib ki, Azərbaycana köçürülən ermənilər yerli əhalini sıxışdırıb, müxtəlif üsullarla evlərini, ərazilərini əllərindən alıblar. Lakin Avropa milləti olan almanlarda belə faktlara qətiyyən rast gəlinməyib: "Bu baxımdan almanların Azərbaycandakı tarixi irsinə hörmətlə yanaşmaq çox zəruridir. Azərbaycan tarixən almanlara məxsus olan heç bir mədəni irsi dağıtmayıb, məhv etməyib, əksinə, olduğu kimi qoruyub saxlayıb. Bu cür yanaşma Azərbaycan xalqının tarixən multikultural təbiətə və düşüncəyə malik olmasından xəbər verir. Tarixçi olaraq alman irsinin bərpasına, qorunmasına çox sevinirik və layihəni dəstəkləyirik”.
İsmayıl