"Amerikadan gələn reytinq televiziyamızı alt-üst elədi"

Həmid Herisçi: "İnanın, bu gün sovet efiri və köhnə televiziya ənənəsi, təcrübəsi bizim üçün daha şirindir"
"Həmin şirkət bilərəkdən Azərbaycan təfəkkürünə, cəmiyyətimizə, ziyalılarımıza hücum edir. Bunların hamısı əvvəlcədən düşünülmüş planlı hərəkətlərdir, təxribatlardır"



İllərdir telekanallarda milli-mənəvi dəyərlərə zidd verilişlərin yayımlanması ətrafında müzakirələr gedir. Tez-tez bu qəbil verilişlərin dayandırılmasına və ya səviyyəsinin yüksəlməsinə yönəlik fikirlər səslənir, polemikalar aparılır. Telekanallar, xüsusən şou-biznes proqramları yüksək kürsülərdən tənqid olunur, efiri mənasız verilişlərlə dolduranlar qınaq obyektinə çevrilir, kanalın öz verilişi üçün məsuliyyət daşıması tövsiyə edilir.Milli Televiziya və Radio Şurası (MTRŞ) da dəfələrlə şou-biznes verilişlərinin səviyyəsiz hazırlanması ilə bağlı iradlarını dilə gətirir. Amma təəssüflər olsun ki, tənqidlərin, verilən tövsiyələrin heç bir mənası və xeyri olmur. Əgər iradların nəticəsi olsaydı, ötən günlərdə "Space"nin efirində yayımlanan "Günaydın" verilişində günlərdir müzakirə olunan biabırçı hadisə yaşanmazdı. Görünən isə budur ki, telekanallar hələlik öz "siyasətlərini" dəyişmək niyyətində deyillər. Telekanallar usanmadan efir qarşısında oturan milyonlarla tamaşaçıya hörmətsizlik edir, müğənnilərin nümunəvi olmayan həyatlarını təbliğ etməklə məşğul olurlar. İstər-istəməz tamaşaçıda milli telekanallardakı verilişlərin səviyyəsizliyi barədə bir sual formalaşır: - "Bəyəm verilişin yaradıcı heyəti və aparıcısı proqrama çağırdığı qonağın hansı sözləri deyəcəyini bilmirdilərmi?". Axı kimisə şəxsi həyatı ilə bağlı qıcıqlandırıb efirdə insanların gözü qarşısında biabırçı vəziyyətə salmaq, verilişləri əxlaqında kəm-kəsir olan şou-biznes nümayəndələri üzərində qurmaq heç bir kanala başucalığı gətirməz. Əksinə, bu cür hallar telekanalları ictimaiyyətin gözündən salmağa xidmət edir. Maraqlı telelayihələri ilə hər zaman ictimaiyyətin təqdirini qazanan tanınmış televiziya aparıcısı, yazıçı-publisist Həmid Herisçi efirlərdə yaşanan biabırçı olaylarla və şou-verilişləri ilə bağlı "Şərq"in suallarını cavablandırıb. Problemin yaranma səbəblərindən danışan teleaparıcı maraqlı məqamlara toxunub. Yeri gəlmişkən onu da qeyd edək ki, bir müddət əvvəl mətbuata müsahibə verən "Yeni Müsavat" qəzetinin redaktoru Azər Ayxan Azərbaycan efirində Həmid Herisçinin "Şəxsiyyət vəsiqəsi"ndən başqa maarifləndirici proqramın olmadığını iddia etmişdi.

- Həmid bəy, telekanallardakı biabırçı hadisələrin tez-tez yaşanmasına səbəb nədir? Məsələn, "Space" telekanalında artıq neçənci dəfədir ki, qeyri-əxlaqi olaylar meydana gəlir...

- "Space" TV-də yaxşı verilişlər olub. Məsələn, mən həyat yoldaşım İlhamiyyə Rza ilə "Space"də həftədə iki dəfə saat yarım canlı efirdə olmuşuq. Sizi inandırım, bir dəfə də olmayıb ki, bizim canlı efir vaxtı hansısa nalayiq hərəkət və söz səslənsin. 3-4 il verilişimiz gedib, amma heç bir xoşagəlməz hadisə yaşanmayıb. Televiziyanı bilən bir mütəxəssis kimi sizə deyim ki, indiki canlı yayım bizim zamandakı kimi deyil, indi canlı efirlərdə müəyyən gecikmələr var. Yəni müasir dövrdə canlı yayımda baş verən biədəb hərəkəti və ya sözü vaxtında kəsib atmaq mümkündür. "Günaydın" verilişində səslənən söyüşləri də efirə getmədən kəsmək olardı. Bu, elə də problem deyil, bu gün canlı efirə nəzarət güclüdür. Yəni aparıcı hansısa səhvi edə bilər, amma kanalda nəzarətçilər var axı?! Niyə vaxtında müdaxilə etmirlər?

- Sizcə, kanalın nəzarətçiləri niyə efirə müdaxilə etməyiblər?

- Əgər belə şeylər efirə gedirsə, deməli, həmin telekanalın sadəcə yaradıcı tərəfi deyil, eyni zamanda texniki tərəfi də çürüyüb. O qədər veriliş hazırlamışam, amma heç birində yaradıcı və ya texniki problem olmayıb. Məncə, artıq başa düşmək lazımdır ki, televiziyalarımızda həyata keçirilən Amerika modeli özünü doğrultmur. İllərdir efirlərdə bu model uğrunda mübarizə aparırdıq. Amma bizim məqsədimiz başqa idi. Biz mübarizə aparmadıq ki, efirimiz bu cür biədəb verilişlərlə doldurulsun. İnanın, bu gün sovet efiri və köhnə televiziya ənənəsi, təcrübəsi bizim üçün daha şirindir. Çünki müasir televiziyalar artıq televiziya olmaqdan çıxıb. Amerikadan ölkəmizə gətirilmiş bu reytinq sistemi inkişaf etməmiş, yəni televiziyası olmayan ölkələr üçün nəzərdə tutulur. Amma Azərbaycanda televiziya 1957-ci ildən fəaliyyət göstərir. Türkiyədən, İrandan və yaxın şərqdəki bir çox ölkədən öncə Azərbaycan efiri yaranıb. Zəngin televiziya təcrübəsi, telelviziya kadrları da məhz elə Azərbaycanda olub. Amma Amerikadan gələn reytinq sistemi televiziyamızı alt-üst elədi. Bu gün elə vəziyyət yaranıb ki, efirə çıxmaq üçün mütləq savadsız olmalısan. Sanki bu, qanundur. Vəziyyəti bu hala salan isə xaricdən gələn reytinq sistemidir. Efirin bu gündə olmasında nə hökumətin günahı var, nə də birbaşa kanalların. Məsuliyyət xarici və yerli şirkətlərin üzərinə düşür. Reytinq şirkəti Azərbaycan dövlətinə və xalqına cavab vermək fikrində deyil. Heç görmüsüzmü, onlar bir dəfə müsahibə versinlər, hansısa açıqlama ilə çıxış etsinlər?!
- Tənqidlə üzləşən aparıcılar özlərinə belə haqq qazandırırlar ki, guya, o cür şou-verilişlər ictimaiyyət tərəfindən tələb olunur. Sizcə, bu, həqiqətən belədirmi?

- Bunların hamısı mücərrəd sözlərdir. Müasir həyatda yaşayırıq, indiki televiziyanın öz qayda-qanunları var. Hansı sorğuya əsasən iddia edilir ki, camaat şou-verilişlərinə daha çox baxır, o cür proqramları tələb edir?! Küçədə, bazarda 3-5 adamı danışdırmaqla efirin reytinqi ölçülmür. Bu, yalandır. Məsələ ondadır ki, Azərbaycan xalqının zövqü reytinq şirkəti ilə "işləyən" sadəcə 300 nəfərin zövqü ilə müəyyən olunur. Həmin 300 nəfər reytinq şirkətinin rəyçiləri hesab olunurlar. Onlar alimlər və professorlar deyil, adi adamlardır, şirkət evlərinə müəyyən aparatlar qoyur və həmin cihaz vasitəsi ilə qeydiyyat aparır. Yəni bütün ictimaiyyətin, ziyalı təbəqəsinin hansı verilişə baxıb-baxmadığını 300 aparat müəyyən edir. Axı 300 adamın hansısa verilişə baxması o demək deyil ki, Azərbaycan xalqının böyük əksəriyyəti həmin səviyyəsiz şou-proqramları izləyirlər.


- MTRŞ-nin mütəmadi iradlarını necə dəyərləndirirsiniz, bunların nəticəsi olacaqmı?

- Məncə, Nuşirəvan müəllimin xəbərdarlıqları çox ciddi və önəmlidir. Mən həmişə onun rəyinə böyük hörmətlə yanaşmışam. Hesab edirəm ki, qurumun sonuncu xəbərdarlığı əvvəlkilərə nisbətən daha sərt idi. Yəqin ki, yaxın günlərdə bu istiqamətdə ciddi addım atılacaq.

- Bəzi ekspertlər bunu kanala müdaxilə kimi dəyərləndirirlər...

- Necə istəyirlər, elə də dəyərləndirsinlər. Televiziya və radio şurası efirlərdəki biabırçı hərəkətlərə dərhal müdaxilə etməlidir. Çünki onlar etməsə, başqa xarici qüvvələr kanallarımıza müdaxilə edəcək. Bilirsizmi, ən bahalı reklam paketləri məhz bilərəkdən səviyyəsiz verilişlərə yerləşdirilir. Bunu da edən xaricdən gələn reytinq şirkətləridir.

- Xarici ölkələrdə, məsələn, qonşu Rusiyada və Türkiyədə efirə gedən şou-verilişlərində bu cür hallar çox nadir hallarda yaşanır. Bunun səbəbi nədir?

- Səbəbi odur ki, artıq Rusiya da, Türkiyə də həmin reytinq şirkətlərinə qarşı çox ciddi tədbirlər görməyə başlayıblar. Xüsusən, Türkiyədə Ərdoğan hakimiyyəti dövründə televiziya sahəsinə çox ciddi müdaxilə olub və yaxşı ki, olub. Rusiya da bu sistemi tamamilə ləğv etmək fikrindədir. Çünki hazırda Rusiya ilə ABŞ arasında gərginlik var. Reytinq şirkətləri isə ən böyük asılılıq deməkdir. ABŞ-ın həmin şirkətləri sadəcə Azərbaycanda deyil, eyni zamanda Gürcüstan və Ermənistanda da fəaliyyət göstərir və heç kim arasında fərq qoymur. Yəni Azərbaycan efirinə nəzarət edən şirkət həm də Ermənistan efirinə nəzarət edir. Onlar üçün milli-mənəvi dəyər anlayışı yoxdur. Əsas siyasətləri xarici brendləri Azərbaycan efirində təbliğ etməkdir.

- Verilişdə efirə gedən nalayiq söz və hərəkətdən sonra kanal rəhbərliyi ictimai qınaqdan sonra həmin proqramı bağlayır, amma qısa müddətdən sonra ona bənzər veriliş yenidən efirə çıxır...

- Çünki onlara nəzarət edən reytinq şirkəti belə istəyir. Həmin şirkət bilərəkdən Azərbaycan təfəkkürünə, cəmiyyətimizə, ziyalılarımıza hücum edir. Bunların hamısı əvvəlcədən düşünülmüş planlı hərəkətlərdir, təxribatlardır. Efirə gedən söyüşlər də şirkətlərin göstərişi ilə həyata keçirilir.

- Apardığınız "Şəxsiyyət vəsiqəsi" adlı verilişin reytinqi nə qədərdir?

- Onların cədvəlinə görə, ən aşağı reytinqi olan verilişlərdən biri də "Şəxsiyyət vəsiqəsi"dir. Amma görürsüz, ictimaiyyət nümayəndələri baxırlar və tərifləyirlər. Lakin bu cür verilişlərə pul vermirlər, reklam vermirlər, maliyyə cəhətdən boğurlar. Yalandan da deyirlər ki, sizin verilişə baxan yoxdur, ona görə də efirdən çıxardırıq. Bu siyasət Vaşinqtonda müəyyənləşdirilir və Azərbaycanda həyata keçirilir. Heç kim onlara müdaxilə edə bilmir, özlərini çox güclü bilirlər. Ona görə də kiməsə hesabat vermirlər, deyirlər ki, "biz belə işləyirik". Bu yaxınlarda Mirşahin də, Kamran Həsənli də həmin reytinq şirkətini çox ciddi tənqid etdi. Mən də bununla bağlı "Reytinqin qurbanları" adlı bir məqalə yazmışam. Yəni biz illərdir bu sistemlə vuruşuruq.

- Necə düşünürsüz, apardığınız mübarizə müsbət nəticə verəcəkmi?

- İnanmıram ki, hansısa nəticəsi olsun. Bizim mübarizəmiz "tənha cəngavərlərin döyüşüdür". Reytinqlə aparılan mübarizələr də təkbətək döyüşlərdir. Bu döyüşlərdə ictimaiyyət iştirak etmir.

İsmayıl