AMİP başsızdır, Etibar Məmmədov işə qarışmır

Ancaq yaxın günlərdə partiya sədri olmaq üçün iddiaların sayı çoxalacaq


Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədrliyinə namizədlər hələ ki, müəyyənləşməyib”. Bu barədə təşkilatın baş katibi Arzuxan Əlizadə bildirib. Onun sözlərinə görə, partiyada yalnız qurultay günü müəyyən olunandan sonra rəsmi qaydada namizədliyin irəli sürülməsi prosesinə start verilir:

"Bu, ona görə nəzərdə tutulub ki, bütün namizədlər üçün bərabər imkanlar yaradılsın. Namizəd partiya üzvü və rəhbərlikdə təmsil olunan şəxs də ola bilər. Bu baxımdan mən də öz namizədliyimi irəli sürəcəyəm”.

Baş katib qeyd edib ki, qurultay gününün müəyyənləşməsi üçün aprel ayında Mərkəzi Şuranın iclasının çığırılması nəzərdə tutulsa da, cəbhədə baş verən hadisələrlə bağlı təxirə salınıb: "Belə əsləhətləşmələr oldu ki, gərginlik aradan qaldırılandan sonra iclası keçirib, qurultayın gününü təyin edək”.

Baş katibin açıqlamasını dəyərləndirən partiyanın Mərkəzi Şurasının üzvü Əli Oruclu "Şərq”ə açıqlamasında qeyd edib ki, hər kəsin seçilmək hüququ var və bu hüququ heç kimin əlindən almaq olmaz: "A.Əlizadə bildirib ki, iddiasını ortaya qoyacaq. Qoysun. Deyim ki, indiyə qədər ondan başqa öz istəklərini ortaya qoyan adam yoxdur. Hər halda kadrlar var. Hesab edirəm ki, qurultay zamanı bəzi iddialılar da ortaya çıxacaq və yaxud vaxt yaxınlaşdıqca, iddialılar özlərini tanıdacaqlar”.

Təşkilat yetkilisi onu da diqqətə çatdırıb ki, qurumun lideri Etibar Məmmədov bu işlərə qarışmır: "Etibar bəy partiyanın lideridir. Kiminsə hüquqlarının məhdudlaşdırılmasına heç vaxt imkan verməz. Bizim təşkilatda bütün proseslər demokratik yolla aparılır. Burada Etibar bəyin heç bir rolu yoxdur. Qurultayda da layiqli namizədlər var. Yaxın vaxtlarda üzə çıxacaqlar. Təbii ki, onların ən yaxşılarından birinin partiya sədrliyinə gətirilməsi məsələsi qurultay nümayəndələrinin ixtiyarındadır”.

Nihat Kərimli, Ayyət Əhməd