Türkiyə Suriyanın şimalını nəzarətə götürəndən sonra mərkəzə doğru irəliləyəcək
Ankara xilaskar qiyafəsində...
ABŞ Türkiyənin əli ilə Suriyada Rusiya və İranın qarşısını almaq istəyir
Türkiyə Suriyanın şimalını nəzarətə götürəndən sonra mərkəzə doğru irəliləyəcək
Türkiyə Suriyanın şimalını nəzarətə götürəndən sonra mərkəzə doğru irəliləyəcək
ABŞ hökuməti Suriyadan öz hərbçilərini çıxaracağı ilə bağlı açıqlama yayıb. Amerikanın Suriyada hərbi kontingenti və bazaları əsasən Türkiyə, İraq və İordaniya ilə sərhədlərdə, Rakkada və ətraf ərazilərdə yerləşir. Bir sıra media orqanları amerikan əsgərlərinin Suriyadan geri qaytarılmasını Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanla əlaqələndiriblər. Onların yazdığına görə, ABŞ Prezidenti Donald Trampla türkiyəli həmkarı Ərdoğan arasında baş tutan telefon danışığında bununla bağlı razılıq əldə olunub. Tramp "Suriyada olmağımızın tək səbəbi İŞİD idi. İŞİD-i məğlub etdik” deyə açıqlama verib. Məlumat üçün deyək ki, yaxın günlərdə Türkiyə Silahlı Qüvvələri Suriyanın Fəratdan şərqdəki ərazilərində yeni antiterror əməliyyatlarına başlayacaq. Ekspertlərə görə, əgər ABŞ bölgədən çıxarsa, Türkiyə Fəratın şərqi ilə kifayətlənməyəcək. PKK-nı bölgədə tamamilə məhv etmək üçün Rakka və ətrafını da işğaldan azad etməyə çalışacaq. Bu isə rusların xoşuna gəlməyə bilər. Nəticədə qarşıdurma yaşana, Suriyada müharibə yenidən alovlana bilər. Bununla yanaşı, ABŞ "Suriyadan çıxma” adı ilə əraziyə bölgəni yenidən qarışdıracaq terror təşkilatı çıxara bilər.
"Türkiyənin Suriyada varlığı güclənəcək...”
Çinin Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Qao Şantao da bildirib ki, ABŞ-ın Suriyadan öz ordularını çıxarması Donald Trampla Ərdoğan arasında əldə olunan müəyyən razılaşma ilə bağlıdır: "Mənə Trampın niyyəti, Prezident Ərdoğanla hansı razılaşmalar əldə etməsi hələ də aydın deyil. Silahlı kürdlər üçün elə də yaxşı olmayan günlər başlayır. Türkiyənin Suriyada varlığı güclənəcək, Əsədin mövqeləri daha da möhkəmlənəcək. Bu, Rusiyaya sərfəlidir. Amerikanın Suriyadan ordularını tam şəkildə çıxartma ehtimalı yüksəkdir”.
Putin: "İstisna etmirəm ki, ABŞ Suriyadakı qoşunlarını çıxaracaq, çünki..”
Rusiya prezidenti Vladimir Putin deyib ki, Suriyada İŞİD üzərində qələbə əldə olunması məsələsində Donald Trampla razıdır: "ABŞ prezidenti ilə eyni fikirdəyəm. Həmin ərazidə terrorizmə qarşı mübarizədə mühüm dəyişiklik etmişik və Suriyada İŞİD-ə ciddi zərbələr vurmuşuq. İŞİD terrorçuları Əfqanıstan və oxşar ölkələrə qayıdıblar. Bu da Rusiya, ABŞ və Orta Asiya ölkələri üçün təhdid yaradır. O ki, qaldı Amerika qoşunlarının Suriyadan çıxmasına, tam olaraq bunu başa düşmürəm. Vaşinqton Əfqanıstandan da çəkiləcəyini açıqlayıb. Amma 17 ildir ki, bu ölkədə qalıb. İstisna etmirəm ki, ABŞ Suriyadakı qoşunlarını çıxaracaq. Çünki amerikan əsgərlərinin bölgədə heç bir legitimliyi yoxdur”.
İsraildən ABŞ-ın Suriyadan çıxmasına reaksiya
İsrail baş naziri Benyamin Netanyahu deyib ki, ABŞ Suriyadan çıxması ilə bağlı bizi həftənin əvvəlində məlumatlandırıb. Baş nazir əlavə edib ki, bu qərara baxmayaraq, İsrail özünü müdafiə etməyə davam edəcək: "Bunu əvvəlcədən bilirdik. Ona görə də özümüz üçün problem hesab etmirik”.
Trampın qoşunları Suriyadan çıxarmaq qərarı ölkədə mübahisələrə səbəb olub
ABŞ prezidenti Donald Trampın 2 min nəfərlik hərbi kontingentin Suriyadan çıxarılacağı haqda bəyanatı Senat və Konqresdə birmənalı qarşılanmayıb. "The New-York Times” yazır ki, respublikaçılar və demokratlar bu addımın doğuracağı geosiyasi fəsadlardan, Suriyada vəziyyətin Rusiya və İranın tam nəzarətinə keçəcəyindən narahatlıq ifadə ediblər. Tramp "Twitter” səhifəsində "İslam dövləti” terror təşkilatı üzərində qəti qələbə qazanıldığı və amerikan əsgərlərinin vətənə dönməsinin vaxtı gəldiyini bəyan etsə də, Pentaqon bunun tam əksi olan bəyanatla çıxış edib. Müdafiə Nazirliyində CNN-ə bildiriblər ki, "hərbçilərin geri qayıtması məntiqsiz və vaxtı çatmamış” addımdır. "The Washington Post” qəzetinin yazdığına görə, ABŞ-ın müdafiə naziri Cim Mattis Suriyada kiçik bir hərbi hissə saxlamağı tövsiyə etsə də, ABŞ Prezidenti bu təklifi qəbul etməyib. Bununla bağlı Mattisin vəzifəsindən istefa edəcəyi də xəbər verilir. Amerika Birləşmiş Ştatlarının ən böyük müttəfiqi olan Böyük Britaniyanın müdafiə naziri də Trampın bu qərarının düzgün olmadığı qənaətindədir.
"ABŞ kürəyimizə xəncər sapladı”
Trampın Suriyadan qoşunlarını çıxarması barədə verdiyi qərar PKK və YPG terrorçuları üçün şok effekti yaradıb. Terrorçular Trampı xəyanətdə ittiham ediblər. YPG üzvləri yaydıqları açıqlamada Trampın bu qərarından ciddi təşvişə düşdüklərini gizlətməyiblər: "ABŞ kürəyimizdən xəncərlə vurdu, bu, böyük xəyantədir”.
"ABŞ bu məsələni Türkiyə ilə birlikdə həll etmək istəyir...”
Amerikanın qərarı ilə bağlı "Şərq”ə danışan politoloq Əhəd Məmmədlinin sözlərinə görə, ABŞ-la Türkiyə əvvəlcədən bu məsələni razılaşıblar: "Reuters” aqentliyinin verdiyi xəbərə görə, Trampla Ərdoğan razılığa gələndən sonra bu qərar ortaya çıxıb. Hesab edirəm ki, qərarın ortaya çıxması təsadüf deyil. ABŞ Türkiyənin əli ilə Suriyada Rusiya və İranın qarşısını almaq istəyir. İlk olaraq Fıratın şərqi terroristlərdən təmizlənəcək. Bundan sonra Suriyanın şimal ərazisi Türkiyənin nəzarətinə keçəcək. Beləliklə də ABŞ-ın dəstəyi ilə, Rusiya və İranın Suriyanı nəzarətə götürmələrinin qarşısı alınacaq. Məsələ ondadır ki, Suriyanın 90 faizini təşkil edən sünnilərin böyük əksəriyyəti Türkiyəni xilaskar görürlər. Ona görə ABŞ bu məsələni Türkiyə ilə birlikdə həll etmək istəyir. Türkiyə Suriyanın şimalını nəzarətə götürəndən sonra mərkəzə doğru irəliləyəcək”.
"Həm respublikaçılar, həm demokratlar bu qərarı etirazla qarşıladılar”
Analitik xatırladıb ki, Trampın qərarın ABŞ-ın siyasi istibleşmenti tərəfindən sərt tənqid olundu: "Həm respublikaçılar, həm demokratlar bu qərarı etirazla qarşıladılar. İngiltərə də narazı qaldı. İsrail isə məsələni araşdıracağını bildirdi. Deyilənə görə, hətta Trampın yaxın ətrafının da belə bir gedişatdan xəbəri olmayıb. İstənilən halda qərar qəbul edilib. Nəzərə alaq ki, ABŞ bölgədə qalır və hər zaman hər yerə müdaxilə etmək gücündədir.
İsmayıl