"Anti-milli müxalifət millətin taleyi barədə heç nə düşünə bilməz"

"İş ondadır ki, özlərini Milli Şura adlandırsalar da, kifayət qədər marginallaşaraq xaricdəki anti-Azərbaycan mərkəzlərin "əlinə oynayırlar". Xarici dairələrin sifarişi yerinə yetirməyə çalışırlar"
Xəbər verdiyimiz kimi, bu ilin yanvarın 19-da radikal müxalifət partiyaların və onların ətrafında olan təşkilatlarin mitinqi baş tutdu. Və heç şübhəsiz ki, bu aksiya onların bir daha zəifliyini, cəmiyyət tərəfindən dəstəklənmədiyini nümayiş etdirdi.
Müxalifət başçılarının və funksionerlərinin çıxışları göstərdi ki, onlar cəmiyyətə yeni, faydalı, konstruktiv heç nə təklif edə bilmirlər. 25 ildən çoxdur dəyişməyən eyni simalar, eyni şüarlar, eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər yenidən təkrarlandı. Müxalifətin birləşmiş qüvvələrinin "Məhsul mitinqi” internet resurslarında az qala şəksiz qələbə kimi təqdim olunur. Halbuki mitinq öz xaotikliyi, təşkilatçılığın zəifliyi, sistemsizliyi ilə diqqəti çəkdi. Aksiyada heç bir ziyalı, cəmiyyətdə tanınan şəxsin iştirakı nəzərə çarpmadı.
Heç kimə sirr deyil ki, mitinq yalnız yerli çağırışlarla başa gəlməmişdi. Xaricdəki anti-Azərbaycan dairələr tərərfindən idarə olunan ünsürlər mitinqə çağırış edirdilər. Və beləliklə, son mitinq Azərbaycanın klassik küçə-meydan müxalifətinin xaricə sığınan anti-Azərbaycan qüvvələri ilə birlikdə təşkil etdiyi ortaq tədbir idi.
AXC-nin şinelindən çıxmış və bu gün də müxalifət postunu zəbt etmiş şəxlərin çıxışları, irəli sürdükləri iddialar bir daha təsdiq etdi ki, onlar hələ də revanşizm ab-havasındadırlar, dağıdıcılıq, sabitliyin pozulması yolu ilə hakimiyyəti zəbt etmək niyyətindən əl çəkməyiblər.
Yanvarın 19-da baş tutan uğursuz mitinqdən sonra, yanvarın 20-də Şəhidlər Xiyabanında radikal müxalifət və onun başçılarının simasızlığı, başıpozuqluğu bir daha aydın şəkildə özünü büruzə verdi. Bu insanlar normal, sivil qaydada tədbir keçirmək, ictimaiyyətə öz fikirlərini, ideyalarını çatdırmaq qabiliyyətində deyillər. Çünki hələ də 1990-cı illərin qaraguruhçuluq ab-havası ilə yaşayırlar.
Bütün bunlar onu deməyə əsas verir ki, yanvarın 19-20-si baş verənlər müvafiq dövlət orqanları tərəfindən araşdırılmayınca və ona qiymət verillməyincə dağıdıcı qrupların kütləvi aksiya təşkil etməsi imkanları məhdudlaşdırılmalıdır.
Ehtimal etmək olar ki, Əli Kərimli və onun başıpozuq, marginallaşmış dəstəsi bunu hakimiyyətin qorxması kimi qələmə versin. Sual oluna bilər, hakimiyyət uzun müddət təbliğat aparıb, bütün güclərini səfərbər edib meydana cəmi 3 minə yaxın adam yığa bilən siyasətbazlardan niyə qorxmalı və çəkinməlidir?! Kim iddia edə bilər ki, bu kimi qabiliyyətsiz, gücsüz, aciz adamlar və onların ətrafındakılar hakimiyyətə alternativ ola və güc nümayiş etdirə bilərlər
Vəziyyəti şərh edən millət vəklili Araz Əlizadə "Sherg.az"a söyləyib ki, 1990-cu ildə, yanvarın 19-dan 20-ə keçən gecə törədilən təxribatda Azərbaycan Xalq Cəbhəsinin (AXC) də günahı var. Əlbəttə,əsas cinayətkar Qarbaçov, SSRİ Kominist Partiyasının Siyasi Bürosu və Azərbaycanın həmin dövrdəki yarıtmaz rəhbərliyi idi. Amma buna hüquqi qiymət verilmədi. Ona görə də, AXC-nin indiki üzvləri bu təxribatlarını yenə davam etdirirlər. Onlar milli müxalifət yox, milli xəyanətkardırlar.
İş ondadır ki, özlərini Milli Şura adlandırsalar da, kifayət qədər marginallaşaraq xaricdəki anti-Azərbaycan mərkəzlərin "əlinə oynayırlar". 
Bu cür müxalifət millətin taleyi barədə heç nə düşünə bilməz. Sadəcə, xarici dairələrin sifarişi yerinə yetirməyə cəhd göstərirlər. Elə bunlara dəstək verən xarici mərkəzlər də çox diletantdır. Xaricdə nümayişçiləri döyən, öldürən, həbs edən bir hakimiyyət Azərbaycana demokratiya dərsi keçməyə çalışır. 
Və bəyan edir ki, Azərbaycanda demokratik prinsiplərə əməl olunmur. İnsan hüquq və azadlıqları pozulur. Bizim özünü milli müxalifət adlandıranlarımız da onlara haqq qazandırır. Bundan böyük siyasi əxlaqsızlıq ola bilərmi ? Hər halda mən görməmişəm".
Ayyət Əhməd