İran Xarici İşlər Nazirliyi Hörmüz boğazı ətrafında yaranmış vəziyyətdə qeyri-sabitliyin yeganə amilinin ABŞ-nin Yaxın Şərqdəki fəaliyyəti olduğunu bildirib.
Sherg.az-ın məlumatına görə, nazirliyin bəyanatında qeyd olunub ki, regiondakı dəniz yollarında qeyri-sabitliyi müəyyən edən yeganə amil fevralın 28-dən başlayan ABŞ və İsrailin qanunsuz hərəkətləridir.
İran XİN həmçinin bildirib ki, ABŞ-nin atacağı istənilən addıma İran “sarsıdıcı zərbə ilə” cavab verəcək.
Daha əvvəl Axios ABŞ qüvvələrinin İranın cənubundakı Larak adasında yerləşən iki raket qurğusuna zərbə endirdiyini yazıb. İran isə cavab olaraq İordaniyada yerləşən ABŞ hərbi bazalarına zərbələr endirib.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İran ərazisindəki obyektlərə zərbələr endirməyə başlayıb. İran da buna cavab verib. İyunun ortalarında Tehran və Vaşinqton hərbi əməliyyatların dayandırılması barədə memorandum imzalasa da, bir müddət sonra tərəflər yenidən qarşılıqlı zərbələrə başlayıblar. Hazırda münaqişə həll olunmamış qalır və ABŞ əsasən iqtisadi təzyiq siyasətinə üstünlük verir.