Əlcəzair Prezidenti Əbdülməcid Tebbun ölkədə son dövrlərdə baş verən və 12 nəfərin ölümünə səbəb olan meşə yanğınlarını qəsdən törədənlərə ölüm cəzası verilməsini nəzərdə tutan qanun layihəsinin hazırlanması barədə göstəriş verib.
Sherg.az xəbər verir ki, Tebbunun göstərişinə əsasən, Ədliyyə Nazirliyi sentyabrın 15-dək Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi təqdim etməlidir.
Layihə ilə meşəlik əraziləri qəsdən yandıran şəxslər üçün nəzərdə tutulan cəzaların ölüm hökmünü də əhatə edəcək şəkildə sərtləşdirilməsi planlaşdırılır. Bildirilir ki, bütün apellyasiya və məhkəmə prosedurları başa çatdıqdan sonra ölüm hökmü icra edilə bilər.
Qeyd edək ki, Əlcəzair qanunvericiliyində ölüm cəzası mövcud olsa da, ölkədə 1993-cü ildən bəri edamlar həyata keçirilmir. Hazırkı qanunlara əsasən, meşə yanğınları törədənlər üçün ən ağır cəza 30 il həbs və bəzi hallarda ömürlük həbsdir.