Aprelin sonunda savadsızlar tanınacaq

Müğənnilər dil və danışıq qüsurlarını düzəltmək barədə düşünsünlər



Aprel ayının sonunda hansı müğənninin necə danışdığı bilinəcək. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu aparılan monitorinqin nəticələrini məhz aprelin sonunda açıqlamağı planlaşdırır.

Bu barədə "Şərq”ə institutun monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva məlumat verdi. S.Əliyeva bildirdi ki, hazırda yerli teleyayımçılar və eləcə də informasiya saytlarının dil qüsurları ilə bağlı monitorinqlər davam etdirilir. Məqsəd isə Azərbaycan ədəbi dil normalarına necə riayət edildiyini aşkarlamaqdır: 

"Mən hər zaman bildirirəm ki, bu monitorinqlərdə məqsəd kimisə hədəfə almaq deyil. AMEA-nın Dilçilik İnstitutu öz vəzifəsi gərəyi Azərbaycan ədəbi dil normalarının pozulmasına qarşıdır. Məqsəd dilimizin təmizliyini, saflığını, normalarını qorumaqdır. Monitorinqlərin aparılmasında da məqsəd budur. Hazırda bütün yerli telekanallarda bir sıra proqramların monitorinqi aparılır, verilişlərə dəvət olunan müğənnilərin mahnı məntnini düzgün ifa edib-etmədiyi, həmçinin müğənnilərin danışıq tərzi ilə bağlı da monitorinq aparılır.

 Yol verilən qüsurlar qeydə alınır və nəticələr aprel ayının sonlarında ictimaiyyətə təqdim olunacaq.Televiziya təkcə aparıcıların, jurnalistlərin məkanı deyil. Hansısa müğənni verilişə dəvətlidirsə, o da ədəbi dil normaları çərçivəsində danışmalıdır. Müğənnilər gərək üzərlərində işləsinlər, dil, danışıq qüsurlarını düzəltsinlər. 

Məsələn, mən "Nanəli” verilişini çox sevirəm və izləyirəm. Baxıram ki, bu verilişdə ədəbi dil normaları ilə bağlı artıq nə qədər müsbət yönümlü dəyişikliklər var. Biz monitorinq aparılacağı barədə məlumat verəndə bəzi müğənnilər bunu alqışladı, amma bəziləri də narazılıq etdi. Yaxşı olar ki, narazılıq edən müğənnilər öz dil və danışıq qüsurlarını düzəltmək barədə düşünsünlər”. S.Əliyeva teleproqramlarla yanaşı, hazırda 30-a yaxın informasiya saytı ilə bağlı da monitorinqlərin davam etdirildiyini dedi.

Məlahət