Aqşin Yenisey QATİL olmaq istəmədi, ölkəni tərk etdi

“Sağ qalsam, məni ya ruhanilik, ya da dəlilik dövrü gözləyir”“Mən getdikcə özümü bir şair və yazıçı kimi xilas etmək üçün öz dövrümdən uzaqlaşdırıram”
"Biz bir oğuldansa, bir rayonun getməsinə razıyıq. Bu, hər hansı bir xalq üçün ən böyük mədəniyyətsizlik nümunəsidir”
"Nizami Gəncəvi, Axundov, Hacıbəyov, lap elə Bəxtiyar Vahabzadə bu xalqa işğal ağrısını unutdurmaq üçün verilmiş ağrıkəsicilərdir"
"Sözlə yaşayan adam” rubrikasının budəfəki qonağı şair Aqşin Yeniseydir.
Özünə məxsus yazı üslubu, hadisələrə obyektiv yanaşması ilə hər zaman oxucuların diqqətini cəlb edən, şair bir müddətdir ki, qardaş ölkədə yaşayır. Təbii olaraq, onun qəfil gedişi şairin oxucuları və ictimaiyyət arasında sual doğurur:
"Görəsən, Aqşin Türkiyəyə həmişəlik köçüb?” Amma yox, bu inandırıcı görünmür. Axı, Aqşin Yenisey təkcə yaradıcılığına görə deyil, həm də Vətənə bağlı olduğuna, daima milli mövqedə dayandığına görə sevilir, digər qələm sahibləri arasından seçilir. Həm də ki, söz vaxtına çəkər deyirlər. Düz bir il bundan qabaq şair "Şərq”ə müsahibəsində "Mən heç vaxt şəxsi səadət dalınca qaçmamışam və bu səadəti də xarici pasportuma vurulan möhürlərin sayında görməmişəm” demişdi. 
Bir ilə nə dəyişdi ki, Aqşin Yenisey Azərbaycanı tərk edib, qardaş ölkəyə pənah apardı? Bütün bu suallara cavab tapmağın isə bir yolu vardı, o da şairlə əlaqə saxlayıb onu Türkiyəyə aparan səbəbləri öyrənmək...
Amma səbrimizi basıb, şairlə söhbətimizə adət-ənənəyə uyğun olaraq sağlıq durumu ilə başladıq.
Görəsən, xalqın sevimli şairinin vəziyyəti necədir? Əvvəlki ağrıları onu narahat etmir ki?
Xəstəliyinin onun üçün artıq bir yazı mövzusu olduğunu deyən şair bu işdə ona kömək edən Elman həkim, Nuru həkim və Namiq həkimə öz təşəkkürlərini bildirib: "Yaradıcı adamın mütləq bir bədbəxt tərəfi olmalıdır və bu, onun yalnız öz səhvləri ucbatından olmalıdır. Həyatında cəsarətin zədəsi olmayandan dahi, üzərində təhqirin ləkəsi olmayandan peyğəmbər olmaz! Bu xəstəlik mənim özümə elan etdiyim müharibənin nəticəsi idi. Ölüm qorxusu duyğusunu aşmaq! Məncə, əsl yaradıcı azadlıq bundan sonra yaranır!”
- Bir müddətdir Türkiyədəsiz. Bu səfər nəylə bağlıdır?
- Bu, səfər deyil. Həyat yoldaşım Ankarada "Hacettepe” xəstəxanasında beş il uzmanlıq müddəti qazanıb. Bu beş ildə mən həm Azərbaycanda, həm də Türkiyədə yaşayacağam. Özümə gəlincə, məni Türkiyədə saxlayan duyğu, açıq deyim ki, vətən yorğunluğudur. Bu yorğunluq vətəndə üst-üstə qalaqlanmış ümidlərin, arzuların ağırlığından yaranır. Həssas adamların yorğunluğudur bu. Dincəlmək üçün mütləq tərk etməlisən, ya mənim kimi müvəqqəti, ya da tutaq ki, Nabokov, Sveyq kimi həmişəlik. Yoxsa ikinizdən biriniz o birinin qatili olacaq, ya vətən sənə gec-tez sui-qəsd hazırlayacaq, ya sən vətənin manqurt övladına çevriləcəksən. Bəzən insan da vətəni yorur, bu hissiyyatı itirib yaşayanların dik başları olur həmişə.
- Bəs, ölkəyə nə vaxt qayıdacaqsız?
- Bu, mənim hər iki ölkədəki şəxsi qayğılarımla bağlı olan bir məsələdir, çünki mən özümü nə Azərbaycan, nə də Turkiyə üçün vacib bir adam hesab edirəm. O da ola bilər ki, heç qayıtmayım, bundan sonrakı ömrümü coğrafi sərgərdanlığa həsr edim. Bu ənənənin Nəsimi adlı dühası var ədəbiyyatımızda.
- Yaradıcılıq durumunuz necədir? Üzərində işlədiyiniz bir əsər varmı?
- Harda olmağımdan və başıma nə gəlməyindən asılı olmayaraq, ümidsizliyimi və qorxularımı kağızlaşdırmağa vaxt tapıram. Üç ildir ki, irihəcmli üç yazı üzərində işləyirəm. Birinci yazı insanı "ənəl-həqq” səviyyəsinə ucaldacaq psixoloji inqilab haqqındadır, ənənəvi olmayan modern Azərbaycan təhkiyəsində Nəsiminin, Cəfər Cabbarlının, Məhəmməd Hadinin bir obrazda cəmlənmiş psixoloji və tarixi portretini yaratmaq fikrindəyəm. İkinci yazı, bayaq dediyim kimi, xəstəlik dövründə gördüyüm qarabasmalarla, halüsinasiyalarla bir evdə keçən həyat haqqındandır. Siz bilməzsiniz, alkoqol depressiyasının son həddində insan qarabasmalarla, halüsinasiyalarla yaşamağa başlayır ölümqabağı. Hələ təksənsə, onlar reallığa çevrilirlər. Bu, ölümlə həyatın sərhədindəki alatoranlıqda yaşamaqdır, mən o alatoranlıqda yaşamışam. İkinci yazı bu alatoranlıqdakı həyat haqqındadır. Mərhum şairimiz Vaqif Səmədoğlunun "Allah məni yarı öldür, yarı saxla ağlamağa” misrasındakı adamın vəziyyəti. Üçüncü yazı isə artıq bitib. Bu, 1992-93-cü ildə Azərbaycanda icra olunan son ölüm hökmlərini əhatə edən bir yazıdır. Çap etməyə hələ tələsmirəm, gözləyirəm ki, yazının həyəcanı canımdan çıxsın. Hər üçünə ona görə yazı deyirəm ki, əsər olub-olmadığını gələcəyin və oxucuların ixtiyarına buraxıram.
- Kitab çıxarmaq planınız necə, varmı?
- Yaradıcılıq insanın yaşamaq uğrunda mübarizədən oğurladığı boş vaxtdır. Oxucunun sənətə ayıracaq boş vaxtı olmalıdır. Mən çörək dalınca qaçan cəmiyyətin kitaba ehtiyacının olmamasını təbii qarşılayıram. Və istəyirəm ki, bu aclıq dövründə həyatımı özümə ibadətdə keçirim, yəni öz faniliyimin səsini dinləyim, qəbiristanlıqda yaşayan Füzuli kimi. Mənəviyyatın cinayət yolu ilə təsdiq olunduğu, vicdanın tapança ilə eyniləşdirildiyi, dialoqların susdurulduğu bir dünyada kitab çap etmək adama gücsüzlüyün təhtəlşüuru kimi görünür. Həyat tamamilə detektiv süjetə oturdulub. Mən getdikcə özümü bir şair və yazıçı kimi xilas etmək üçün öz dövrümdən uzaqlaşdırıram. "Hər bir yazıçı öz dövrünün övladıdır” deyirlər, mən öz dövrümə dönük çıxmaq istəyirəm. Xəyanət azadlığa açılan yeganə qapıdırsa, qorxma, aç o qapını. Bu, Amerikan ruleti kimi bir oyundur, yeganə patronu darağa qoyub fırladırsan və tapançanı gicgahına dirəyib tətiyi çəkirsən. Özümü, üstəlik, kitabını da qoltuğuna vurub gəlmiş çağırılmamış qonaq kimi hiss edirəm bu zəmanədə. Ola bilsin ki, qıraqdan oxuyana çox yekəxana təsiri bağışlayacağam, olsun, bunun özü də bir uzaqlaşmadır.
- Əvvəllər yazılarınızda yumor daha çox idi. Son zamanlar yazdıqlarınızda sanki fəlsəfilik hiss olunur. Bu nəylə bağlıdır? Yaşla, yoxsa...
- Fəlsəfə deməzdim, bu sahənin öz lovğa adamları var. Sadəcə, bütün hisslər böyüyüb zəkaya, bütün zəkalar incəlib gec-tez hisslərə çevirilir. Mən bu yola hisslərlə çıxmışdım, indi hisslərimin qocalıq dövrünü yaşayıram, sağ qalsam, qarşıda, yəqin ki, ya ruhanilik, ya da dəlilik dövrü gözləyir.
- Tez-tez tərcümələr edirsiz. Tərcümə etdiyiniz əsərləri necə seçirsiz? Müəllif, yoxsa mövzu?
- Bu tərcümələr bir türkcədən başqa bir türkcəyə uyğulamalardır. Məqsədim imzası bizim ədəbiyyatda hallanmayan dünya məşhurlarını oxucularımıza tanıtmaqdır. Vaxt olduqca oxuduğum məşhurların uyğun yazılarını dilimizin bədii, poetik qatına yaxınlaşdırıb çapa göndərirəm. Sərçə və yanan meşə söhbəti...
- İddialara görə, son zamanlar yazarlar sevgi, məişət mövzularına müraciət edir. Mübarizə ədəbiyyatı görünmür. Üsyankarlıq yoxdur. Halbuki müharibə şəraitində yaşayan ölkədə Vətənlə bağlı mövzulara çox yer ayrılmalıdır. Sizcə, bu irad haqlıdırmı? Və bizdə son illər bu mövzulara kimlər müraciət edir?
-Sizin dediyiniz mövzular daha çox bizim dövlətə, cəmiyyətə lazımdır, ona görə bu mövzuların yazılmasında, ekranlaşdırılmasında ayrı-ayrı təşkilatlar, ictimai institutlar, özünü cəmiyyətin aristokratiyası hesab edən, vətənin ən neftli, qazlı yerindən yeyən şəxslər maraqlı olmalıdır. Bu mövzular bütün dünyada yazıçılardan çox, adlarını çəkdiklərimin diqqətindədir. Tarixlə ədəbiyyat arasında əlaqəni çox vaxt dövlət maraqları yaradır. Yeni yazıçılar, şairlər hamısı kasıb-kusub ailələrin üzvləridir, yazdıqlarının doxsan faizini məişət problemlərindən qurtulmaq, arzusunda olduqları şedevri yazmaq üçün yazırlar. Tarixi romanlar xeyli vaxt alan bir işdir. Bizim ölkədə belə əsərləri ya təmin olunmuş xalq yazıçıları yaza bilər, ya da milyoner məmurlar. Bu sual onlara verilməlidir. Kasıb-kusublar ancaq vətən uğrunda havayı əsgər gedə və gedib ölə bilərlər, bunu da canla-başla edirlər. Vətənə, millətə lazım olan hər şeyi yetim-yesirin boynuna yükləmək olmaz. Ona görə də günümüzün yazıçıları ilə heç kimin şərtlərlə danışmağa haqqı yoxdur. Biz dəmyə bitkisi kimi bir şeyik, məhsul vermədən də ölümə getmək haqqımız var. Yoxsa tarixi əsər yazmaq üçün yenidən fars şahına, rus çarınamı əl açaq? Nizami Gəncəvi özü də öz cibinin puluna "Sənsiz” qəzəlindən başqa heç nə yazmayıb. Bizim aristokratiya da Fransada, İngiltərədə, Almaniyada olduğu kimi ədəbiyyatda, sənətdə anlayışlarla yaşamağa maraqlı olmalıdır. Amma bizimkilər televiziya reytinqlərində, media qalmaqallarında sözlərlə yaşamağı sevir, ədəbiyyatımız da buna adekvatdır.
- "Çalışmaq lazımdır ki, cəmiyyət xoşbəxt olsun. Cəmiyyət xoşbəxt olsa, onda ailə də, fərd də xoşbəxt olacaq”. Bu, sizin ifadənizdir. Bəs, cəmiyyəti xoşbəxt etməyin formulu nədir? Burada əsas yük kimlərin üzərinə düşür?
- Bu, gərgin sosial tədqiqatların cavab verməli olduğu sualdır. Mən bizim millətin məişət ailəsindən cəmiyyət ailəsinə çevrilə bilməməyinin ancaq mədəni səbəbləri haqqında danışa bilərəm. Gəlin soruşaq, bizim yerimiz nə üçün hələ də mədəniyyəti məişətində, gündəlik həyatında əritmiş, həll etmiş xalqların sırasında deyil? Nə üçün mədəniyyəti üstümüzdə gəzdirməyi sevmirik, düşünürük ki, onun yeri məktəbdir, teatr binasıdır, vəzifəli adamın qəbul otağıdır? Nə üçün biz həyati vacib anlarda birinci mədəniyyətimizi qurban veririk, yəni beş manat irəli düşmək üçün sahibləndiyimiz bütün bəşər mədəniyyətinin ən ali, fundamental dəyərlərini ayaqlayırıq? Məsələn, müsəlman olaraq ən adi yalana görə Qurana, allaha and içirik? Axı yalan danışmamaq, inanc bir mədəniyyət göstərgisidir. Mənim izahım budur ki, bizim mədəniyyətimiz bizə işğal qarşılığında verilmiş ağrıkəsicidir. Mədəniyyət mübarizənin yaratdığıdır. Biz mədəniyyətin heç bir növünü həyatla mübarizə forması kimi yaratmamışıq. Klassik meyxanadan başqa. O vaxt meyxana sufilərin islam imperializminə qarşı yaratdığı öldürücü satira silahı idi. İndi Həmid Herisçidən başqa meyxanaçıların, demək olar ki, hamısı həcilərdi, islam mədhiyyəçiləridir. Mədəniyyət həmişə bizə başqaları tərəfindən irəli getmək üçün yox, geri qalmamaq üçün verilib. İyirmi beş ildir mədəniyyətimizdə durğunluqdur, yerimizdə sayırıq, sovet kinoları, sovet bəstəkarları ilə fəxr edirik. Bilirsiniz niyə, çünki o başqası yoxdur. Mədəniyyətimiz mübarizəmizin xatirəsi deyil, ona görə bizim üçün onun heç bir həyati dəyəri, həyatdan üstün dəyəri yoxdur. Mədəniyyət bizə işğalçı ilə dil tapıb yola getdiyimiz üçün verilmiş bir medalyondur, o, bizə evdə, qutuda saxlamaq və hərdənbir baxıb fəxr etmək, qonaq-qaraya göstərmək üçün lazımdır. Mədəniyyətin bizim üçün praktik yox, poetik, romantik dəyəri var. Nizami Gəncəvi, Axundov, Hacıbəyov, lap elə Bəxtiyar Vahabzadə bu xalqa işğal ağrısını unutdurmaq üçün verilmiş ağrıkəsicilərdir. Ona görə onlardan öyrəndiyimiz həqiqətlər bizi beş manat irəli salan yalanın qarşılığında gücsüzdür, heç nədir. Yoxsa bu qədər mənəvi valyutası olan bir xalq bu qədər mənəvi səfalət içində yaşayardımı? Qanını üstümüzə tökmüş öz müqəddəsimizin kitabına yalandan and içərdikmi, Məmmədquluzadənin torpağında alim olub "ən böyük arzum həccə getməkdir” deyərdikmi? Cəsarətimiz çatardımı öz bərəkətimizin üzünə qayıtmağa? Bizi cəmiyyət olmağa qoymayan milli ruhu ifadə edən mədəniyyətimizin olmasıdır, ona görə biz ailəyə, milli olana, özümüzünkü olana bərk-bərk yapışmışıq. Bir oğuldansa, bir rayonun getməsinə razıyıq. Bu, hər hansı bir xalq üçün ən böyük mədəniyyətsizlik nümunəsidir!
- Yəqin ki, baş verən ədəbi prosesləri izləyirsiz? Əsas müzakirə olunan məsələlərdən biri Rasim Qaraca ilə Murad Köhnəqala arasındakı mübahisədir. Siz də AYO-çu olmusuz. Murad Köhnəqalanın dedikləri ilə nə dərəcədə doğrudur? Yazıları kəsib-doğranan yazarların (M.Köhnəqalanın deyimi ilə desək uşaqların) arasında Siz də varsızmı?
- Əgər hər kəs öz taleyinin ixtiyarına buraxılıbsa, iki insanı birləşdirən ortaq bir dəyər yoxdursa, heç kimin heç kim qarşısında öhdəliyi yoxdur. Volter beş-altı ay yatdığı Bastiliya zindanından qoltuğunda krala yazdığı mədhiyyə ilə çıxdı, ancaq öz yazıları ilə bütün Avropa monarxizmini darmadağın elədi. AYO-da da AYB-də olduğu kimi ədəbiyyatda təsadüfi olan, epizodik rollar oynayan "məşhur” yazarlar çoxdur və Piter Heydenin "Dəlilər bayramı” tablosundakı kimi anlaşılmaz işlərlə məşğuldurlar.
- Türkiyənin ədəbi mühitində proseslər necə cərəyan edir?
- Bu suala cavab vermək üçün kifayət qədər hazırlıqlı deyiləm. Müşahidələrimə əsasən onu deyə bilərəm ki, Avropa Birliyi ilə hakim AKP arasında qarşıdurma gücləndikcə türk yazıçılarının, şairlərinin Avropaya yolu açılır. Ona görə hökumətin yazıçı və şairləri milli xainlər elan etməkdən başqa çıxış yolu yoxdur. Ancaq Türkiyədə Atatürkdən qalan, qurbanlar hesabına bu gün də yaşayan azad söz ənənəsi var. Üstəgəl, burda sənətlə yaşayan və sənətdə yaşamağı sevən milli burjuanın kökləri çox dərindir.
- İki qardaş ölkənin ədəbiyyatı arasında nə kimi oxşarlıq və fərqlilik var?
- Oxşarlıq odur ki, türk qardaşlarımız da kitab oxumur, ən yaxşı jurnallar 2000-3000 tirajla çıxır, 78 milyonluq ölkə üçün heç də xoş mənzərə deyil. Fərq isə budur ki, burda əsərini oxumasa da, xalq üçün yazı adamı, elm adamı bir kultdur. Siyasətin nifrət etdiyi adamlara cəmiyyət sahib çıxmağı bacarır. İkincisi, burda ədəbi mühit zirzəmi kafelərdə deyil, universitetlərin, elm ocaqlarının içindədir. Cəmiyyət öz istedadlarının qarşısında deyil, yanındadır!
- Bəs, ümumilikdə cəmiyyəti müqayisə etsək? Üstünlüyümüz və çatışmazlıqlarımız?
- 200 il əsarət tarixi olan bir ölkəni 600 il dünyaya hökm etmiş bir imperiyanın varisi ilə müqayisə etmək doğru deyil. Pula aldığı köləni özünə sultan etmiş, ziddiyyətlərlə dolu bir etnos haqqında qısa cümlələrlə danışmaq çətindir. Yalnız ruhani oxşarlıqlarımız var. Bizə artıq türk deməmək olar. Ərəblər, farslar, ruslar Azərbaycanda ancaq bir iş görüblər, türklüyü öldürüb, bizdən heç bir beynəlmiləl ideyası olmayan beynəlmiləl xalq düzəltmək! O məktəblər, o teatrlar, o ədəbiyyat bizə öldürülmüş türklüyün, milli ruhun əvəzinə verilib. Fərqimiz budur ki, ərəblik Türkiyə türklərinin gündəlik həyatında, səthi qatdadır, tarixi imtahan vaxtı o, dərhal türklüyünə, milli ruhuna qayıdır. Bizdə isə türkçülük xalaxətri tədbirlər səviyyəsində qorunur, tarixi an gələndə birimiz ərəbə, birimiz farsa, birimiz rusa çevrilirik, hərə bir yana qaçır. Bizdə üzdə olan, bunlarda milli ruhdur! Bizdən fərqli olaraq artıq Türkiyə ədəbiyyatında, elmində, sənayesində dünya standartları oturuşur və bunda dövlət də maraqlıdır. Məsələn, Hacettepeli bir doktor videogörüntü ilə ABŞ professorlarına mühazirə oxuyur Ankaradakı iş yerindən.
- Heç olubmu ki, "qurban olum öz ölkəmizə” deyəsiz?
- Mən, onsuz da, qurbanam, bunu deməyə ehtiyac yoxdur!
- Sizcə, təcavüzçünün öz qurbanı ilə evlənəcəyi halda məsuliyyətdən yayınması haqqında qanun geri qaytarılmasa idi nə baş verəcəkdi?
- Əgər demokratiya ən yaxşısıdırsa, Ərdoğan hakimiyyətini başa düşmək lazımdır. O, xalqın iradəsinə xidmət edir. Əgər bu ölkədə "diktator” dedikləri Atatürk irsi olmasaydı, o qanun qəbul olunacaqdı və xalq da şad-xürrəm yaşayacaqdı. Onu da deyim ki, Atatürkdən bu ölkəyə adı "öyrətmən” olan, elmlə mənəviyyatın calağından yaradılmış yenilməz bir dəyər, bir kult, bir ordu qalıb. Cəmiyyətin mənəvi gücü bu mirasdan gəlir.
- İstanbul səfərinizlə bağlı geniş bir yazı yazmışdız. İstanbul böyük bir meqapolis, Ankara isə məmur şəhəridir. Həmin yazıda əks olunan müşahidələr Ankara üçün də keçərlidirmi?
- Qısa deyim; İstanbul qadındır, Ankara kişi. İstanbul formadı, Ankara məzmun. İstanbul gözəllikdir, Ankara xarakter! Hələlik bu qədər bəsdir...
- Cümhuriyyətimizin qurucusu Rəsulzadənin də məzarı ordadır. Maraqlıdır, heç ziyarət etmisizmi?
- Bu barədə geniş reportajım olacaq!
Şəymən