Aramsız yağışlar Bakını çökdürür

İlqar Hüseynli: “Yol təmirilə məşğul olan qurumlar kanalizasiya sistemlərinə fikir vermirlər”Mehman Əliyev: “Yaxşı asfalt 10 ilə yaxın getməlidir, amma bunlar 2-3 ildən bir Neftçilər prospektini, Bülbül, Zərifə Əliyeva, Üzeyir Hacıbəyov küçəsini qazıb-tökürlər”
Artıq bir neçə gündür ki, Bakı yağan aramsız yağışın əlində girov qalıb. Belə ki, sel sularına qərq olmuş paytaxtın bir sıra küçə və prospektlərində uzun məsafəli tıxaclar əmələ gəlməklə yanaşı, bəzi yolların çökməsi də insanlar üçün əlavə problemlər yaradıb. Bu həm də son illər külli miqdarda vəsait xərclənərək həyata keçirilən yol layihələrinin özünü doğrultmadığının göstəricisidir. Qeyd edək ki, noyabrın 12-si axşam saatlarında Cəfər Xəndan küçəsində yol çöküb. Ərazidən yeraltı kanalizasiya xətti keçir. Kanalizasiya xəttində baş verən qəza nəticəsində yol yatağı yuyulub. Bu səbəbdən yolda çökmə baş verib. Yol kənarında dayanmış "Nissan” markalı avtomobil yaranmış yarğana düşüb. Hadisə yerinə xüsusi texnika çağırılıb, avtomobil çıxarılıb. Bundan başqa, yoldan keçən bir nəfər qaranlıqda yaranmış yarğanı görməyib və yarğana düşüb. "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının sözlərinə görə, yaranmış yarğan zamanı xəsarət alan olmayıb və vəziyyət yayılan məlumatlardakı qədər ciddi deyil: "Hadisə baş verdiyi saatlardan başlayaraq, Bakı Su Kanalı və Binəqədi Su Kanalı İdarələrinin əməkdaşları əraziyə cəlb olunublar. Ərazi çəpərlənib. Artıq köhnə borunun qalıqları ərazidən çıxarılıb. Yeni dəmir boru qəzalı hissəyə yerləşdiriləcək və onun ətrafı betonla tam kipləşdiriləcək. Bununla da qəza tam aradan qaldırılacaq. Yarğan yolda tıxaca səbəb olmayıb. Yolda hərəkət normal rejimdədir”.
"Azəryolservis” ASC-nin mətbuat katibi Anar Nəcəfli isə bildirib ki, kanalizasiya xəttinin qəza baş vermiş hissəsində təmir işlərinə başlanılıb. Daha sonra isə yolun bərpası istiqamətində işlər aparılacaq.
Hadisə ilə bağlı açıqlama verən "Bakı Sukanal” idarəsinin rəis müavini Əlizadə Nəsirov isə deyib ki, qəza baş vermiş kanalizasiya xətti 25 ildən artıqdır istismar olunur. Bu səbəbdən 1200 mm-lik xətdə aşınma olub, nəticədə çökmə əmələ gəlib.
Məlumat üçün bildirək ki, Bakı avtovağzalında da vəziyyət gərgindi. Havaların yağmurlu keçməsi Bakı Beynəlxalq Avtovağzalı ərazisində yaranan çatların bir az daha böyüməsinə səbəb olub. Bu böyümə daha çox istinad divarları qurulmuş ərazinin arxa hissəsində, daha dəqiq 2-ci mərtəbədə yerləşən şəhər avtobusları üçün dayanacaqda görünür.
İctimaiyyət nümayəndələri və ekspertlər isə hesab edirlər ki, Nəqliyyat Nazirliyi tərəfindən tikilmiş yolların qısa müddət ərzində çökməsi görülən işlərin keyfiyyətsizliyindən xəbər verir. Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynlinin sözlərinə görə, sözügedən problemin səbəbi şəhərin kanalizasiya sisteminin həddindən artıq yüklənməsi və bir çox yerlərdə sıradan çıxmasıdır: "Bakı şəhəri bəlli bir infrastruktur və bəlli bir insan sayı üçün nəzərdə tutulan şəhər olub. Həmin dövrdə Bakının kanalizasiya sistemi qurularkən 1,5-2 milyon insanın yaşayışı üçün nəzərdə tutulmuşdu. Bakı şəhərinin yenidən qurulması, son 10 ildə bölgələrdən çoxlu sayda insanın paytaxta axın etməsi, hündürmərtəbəli yaşayış binalarının çoxalması, su-kanalizasiya sistemlərinin isə yenidənqurma işlərindən kənarda qalması və yenilənməməsi indi yağış yağarkən suyun yollarda yığılıb qalmasının əsas səbəbidir. İkinci bir səbəb isə odur ki, Bakıda yol infrastrukturunun abadlaşdırılması zamanı xeyli sayda kanalizasiya quyularının üzərindən asfalt çəkildi, iriölçülü kanalizasiya qapaqları estetik görünüşü pozmamaq üçün daha kiçiklərilə əvəz olundu. Düzdür, yol təmirilə məşğul olan qurumlar öz işlərini görürlər, lakin kanalizasiya sistemlərinə fikir vermirlər. Hər dəfə yol təmir ediləndə xeyli sayda kanalizasiya "lük”ları asfalt örtüyünün altında qalır. Nəticə isə yollarda yağış sularının yığılıb qalmasına gətirib çıxarır. Əslində, şəhərin coğrafi relyefi elədir ki, yol salınarkən qurunt sularının axıdılması nəzərə alınmalıdır. Əvvəllər avtomobil yollarının, səkilərin kənarlarında xüsusi novçalar olurdu ki, həmin novçalar məhz yağış sularını kanalizasiya quyularına istiqamətləndirirdi”.
Yollarda çökmə hadisəsinin yağışlı havalarda daha çox müşahidə olunduğunu vurğulayan "Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev deyib ki, yağış yağanda asfalt örtükləri dağılır və qeyri-normal vəziyyətə gəlir. Bəzi yollarda isə son hadisə kimi dərin çökmələr qeydə alınır: "Bu da onu deməyə əsas verir ki, yolların asfaltlanması standartlara uyğun aparılmayıb. Yəni yol çəkilən zaman alt hissəsi kifayət qədər möhkəmləndirilməyib. Eyni zamanda asfaltın tərkibində lazımi maddələrdən istifadə olunmayıb. Deməli, yolların abadlaşdırılmasına ayrılan vəsait oğurlanıb və yollarda ucuz və keyfiyyətsiz məhsullardan istifadə olunub”.
Son illərdə yolların çökməsinin kütləvi xarakter aldığına diqqət çəkən M.Əliyev deyib ki, yalnız mərkəzi küçələrdə nisbətən keyfiyyətli məhsullardan istifadə olunur. "Mikrorayon və qəsəbələrdə isə vəziyyət olduqca acınacaqlıdır. Hətta sizə bir faktı misal çəkə bilərəm. Mərdəkan-Zaqulba yolunda 300-400 metrlik ərazidə kiçik bir problem yaranmışdı. Avtomobillərin hərəkəti zamanı yolda müəyyən yırğalanma hiss olunurdu. Hansı ki, digər yollarla müqayisədə həmin yol daha keyfiyyətli sayıla bilər. Həmin problemi aradan qaldırmaq üçün yolu ikitərəfli qazdılar. Dərinliyi isə hardasa 3 metrə qədər olardı, demək olar ki, buldozerlər yerin içində idi. Həmin qazdıqları yerə karxanadan yığdıqları tullantı torpaqları doldurdular və üstündən asfaltladılar. İnandırım sizi, üstündən 2 həftə keçməmiş həmin yolda eyni problem yenidən yaşandı. Deməyim odur ki, gördükləri iş keyfiyyətsiz olduğundan nəticə effekt vermir və faktiki olaraq qaş düzəltdikləri yerdə, vurub gözünü də tökürlər.
Heç mərkəzi küçələrə vurduqları asfalt da yüksək keyfiyyətdə olmur. Yaxşı asfalt 10 ilə yaxın getməlidir, amma bunlar 2-3 ildən bir Neftçilər prospektini, Bülbül, Zərifə Əliyeva, Üzeyir Hacıbəyov küçəsini qazıb-tökürlər”.
M.Əliyevin sözlərinə görə, baş verən bu təhlükələrdə birbaşa Nəqliyyat Nazirliyi və onun podratçı şirkətləri məsuliyyət daşıyır. Son vaxtlar Ziya Məmmədovun macəraları barədə tez- tez eşidirik. Belə də olmalıydı!!! Bu günə qədər dövlət büdcəsindən yol layihələrinə ayrılan pullardan şəxsi maraqları üçün istifadə edib və ayrı-ayrı obyektlərinə ötürüb.
Şəymən