Araşdırma yazılarının öz auditoriyası var

Yadigar Məmmədli: “Hətta deyərdim ki, hadisənin təfərrüatları ilə maraqlananların sayı daha çoxdur”
Elçin Bayramlı: “Araşdırma və reportaj hazırlamaq qabiliyyəti olan intellektual jurnalistlər maaş azlığı səbəbindən mətbuatı tərk edib”


Jurnalistika cəmiyyətdə ictimai fikrin formalaşmasında aktiv rol oynayan, daim inkişafda olan fəaliyyət sahəsidir. Ona görə də, bu sferada çalışan kadrların peşə hazırlığı, onların nəzəri və təcrübi bilikləri çox vacibdir. Hazırda müasir jurnalistika media sahəsində illər boyu mövcud olmuş bir sıra metod və formalardan imtina edərək müasir dövrə uyğun tərzdə fəaliyyət göstərməyə başlayıb.

Əvvəlki dövrlərə nisbətən bir qədər arxa planda qalan mətbuatın mühüm janrlarından biri də araşdırma jurnalistikasıdır. Ekspertlər bu janra marağın itməsinin səbəbini internet medianın inkişaf etməsində və operativ informasiya siyasətinə daha çox üstünlük verilməsində görürlər. Medianın nisbətən cavan növlərindən sayılan bu janrın yaranma tarixi XIX əsrin ikinci yarısından başlayır. Ötən dövr ərzində janrın əsas xüsusiyyətləri və ona göstərilən tələblər formalaşıb. Bunlar araşdırma jurnalistikasının həm mövzu dairəsini, həm də aparılma metodikasını əhatə edib. Məsələ ondadır ki, jurnalist təhqiqatı onun müəllifindən bəzən yaradıcı keyfiyyətdən daha çox təşəbbüs, iradə və ədalət tələb edir. Ona görə ki, bu janrın əsas predmeti heç də adi hadisələr deyil, birbaşa cəmiyyəti narahat edən, hətta bəzən dövlət orqanlarının üzə çıxarmaqda çətinlik çəkdiyi faktların aşkarlanması ilə əlaqədardır. Yaxın müddətə qədər "araşdırmaçı jurnalist” ifadəsi jurnalistlər arasında birmənalı qarşılanmırdı və bəzi narazılıqlara səbəb olurdu. Məlumdur ki, hər bir materialın yazılması üçün araşdırma mütləqdir, çünki araşdırma bu peşənin ayrılmaz hissəsidir. Əslində jurnalistika özü peşə olaraq araşdırma fəaliyyəti deməkdir. Hər hansı xəbərin qələmə alınmasından əvvəl az və ya çox dərəcədə bir araşdırma fəaliyyəti dövriyyəyə girir. Artıq bu janrla bağlı ziddiyyət yoxdur və KİV nümayəndələri belə bir sahənin mövcudluğunu qəbul edirlər. Təbii ki, bütün gizli məqamları tam açıqlamaq hər zaman mümkün olan proses deyil. Bununla yanaşı cəhdin özü müəyyən gizli faktların açıqlanması və ya fərqli baxışların formalaşması üçün şərait yaradır. Hadisələri təfərrüatı ilə öyrənə bilmə, faktları ortaya çıxarma və buna bənzər məqsədlərlə araşdırma aparma jurnalistika fəaliyyətinin əsasını təşkil edir. Bu baxımdan hər jurnalistin araşdırmaçı jurnalist olduğunu söyləmək mümkündür. Ancaq jurnalist araşdırması önəmli yenilikləri ehtiva etməsi və cəmiyyət üçün böyük əhəmiyyətə malik olması ilə digər janrlardan fərqlənir. Ekspertlərin fikrincə, araşdırmaçı jurnalist çox təcrübəli olmaqla, bir detektiv həssaslığı ilə detalları izləməyi bacarmalıdır. Araşdırma bir çox informasiya mənbələrinə əsaslanır ki, onların sırasında insanlar, sənədlər, arxiv materialları, şəxsi müşahidəni göstərmək olar. Onu da qeyd etmək lazımdır ki, məlumat işçisinin araşdırması ilə müxbirlik fəaliyyəti arasında fərq də var. Bir məmurun xarici ölkəyə səfəri haqqında ekspertlərlə görüşmək və onların rəyini üz-üzə və ya telefon vasitəsilə öyrənmək jurnalistin apardığı və aparmaq məcburiyyətində olduğu araşdırmalardandır. Araşdırmaçı jurnalistlər onlara informasiya çatdıran, şübhəli motivləri olan hər insanın sözünə etibar etməməli, səbr və təmkinlə problemin kökünə enməyə çalışmalıdır. Ümumən jurnalist araşdırması yorucu və əziyyətli bir işdir. İstər jurnalist araşdırmasında, istərsə də məlumat toplama prosesinin hər hansı mərhələsində jurnalistləri bu yorucu və əziyyətli iş gözləyir. Dünya jurnalistika tarixində araşdırma mediaya aid edilən ilk nümunələr məhz peşəkar yazarların qələminin məhsuludur. Amerika jurnalistikasında Mark Tvenin məqalələri, fransız jurnalistikasında isə Emil Zolyanın "Dreyfus işi” ilə bağlı publisistik yazıları araşdırma jurnalistikasına nümunə çəkilir. Rus jurnalistikasının ilk araşdırma məhsulu isə A.S.Puşkinin "Puqaçov üsyanı” əsəri hesab olunur. Türkiyə mediasında da araşdırma yazılar xüsusi önəm daşıyır. Hazırda Azərbaycan jurnalistikasında araşdırma dedikdə, kriminalla bağlı materiallar ön plana çıxır. Onun digər qolunu isə tarixi araşdırmalar təşkil edir.

Janrla bağlı "Şərq”ə danışan Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli deyib ki, yeni formalaşan internet mediada ən ciddi tələb onunan amil operativlikdir. Ona görə də saytlarda adətən kiçik həcmli xəbərlərə yer verilir: "Amma bu o demək deyil ki, yeni medianın tələbləri ciddi jurnalistikanı, araşdırma yazıları, analitik mövzuları, müsahibələri və reportajları sıradan çıxarmalıdır. Bütün dünya mediasında mövcud olan vəziyyət budur ki, əvvəlcə hansısa məsələ ilə bağlı kiçik informasiya yayılır. Daha sonra isə həmin mövzu dərindən araşdırılır, xırda detalları ilə birlikdə cəmiyyətə təqdim olunur. Məncə, xəbər janrının öz oxucu kütləsi olduğu kimi, araşdırma yazıların da öz auditoriyası var. Hətta deyərdim ki, hadisənin təfərrüatları ilə maraqlananların sayı daha çoxdur. Təəssüflər olsun ki, Azərbaycan mətbuatında araşdırma jurnalistika sahəsində vəziyyət qənaətbəxş deyil. Bu da ilk növbədə mediamızın iqtisadi problemləri ilə bağlıdır. Həm də burada zaman amili böyük rol oynayır. Araşdırmalar üçün çox vaxt tələb olunur və əlavə pul lazım olur. Məsələ burasındadır ki, araşdırma yazılara verilən qonorar kiçik xəbərlərə nisbətən fərqli olmalıdır. Amma mövcud vəziyyət bunun qarşısını alır. Ona görə də jurnalistlərin çoxu araşdırmalardan qaçır. Təbii ki, bu hal yolverilməzdir. Janrlar arasında balans gözlənilməlidir”. Ekspert deyib ki, indiki saytların çoxu xəbərləri biri-birindən kopyalayıb yaymaqla məşğuldur: "Konkret xəbər əsasında araşdırma yazı hazırlayan, özünəməxsus məqalə ortaya qoyan media orqanlarının sayı azdır. KİV-lər bilməlidir ki, oxucu onların öz məhsullarına daha çox diqqət yetirir. Bəllidir ki, araşdırma məqalələr xüsusi peşəkarlıq tələb edir. Məncə, hər jurnalistdən bu sahə ilə məşğul olmağı tələb etmək doğru olmaz. Ona görə də araşdırma janrına önəm verən tək-tük müxbirlərə stimul vermək, onları həvəsləndirmək lazımdır”.

"Azadinform” informasiya agentliyinin redaktoru Elçin Bayramlı da razılaşıb ki, araşdırma, reportaj və digər bir sıra janrlar azalıb: "Məlum olduğu kimi, jurnalistikanın çoxsaylı janrları var, lakin son vaxtlar yalnız xəbər janrı hakim olub digər janrlar sıradan çıxmaq üzrədir. Hərdən müsahibə, açıqlama və analizlərə rast gəlinir, lakin bunlar çox az saydadır. Səbəbləri müxtəlifdir. Əvvəla, mətbuat orqanları araşdırma, reportaj kimi jurnalistikanın vacib janrlarına diqqət yetirmirlər. Çünki bunun üçün ya peşəkar jurnalist saxlamaq, ya da kənar müəlliflərə yaxşı qonorar ödəmək lazım gəlir. Redaksiyalar bu pulu ödəmək istəmədiklərindən hazır "quru” xəbərlərlə, hərdənbir açıqlama və ya müsahibələrlə yola verirlər. İkincisi, araşdırma və reportaj hazırlamaq qabiliyyəti olan intellektual jurnalistlər maaş azlığı səbəbindən mətbuatı tərk edib başqa sahələrə gedirlər. Ya da maaşın azlığına görə özlərinə əziyyət verib araşdırma hazırlamaq istəmirlər. Mənim özüm 15 il araşdırma jurnalistikasında çalışmışam. Bu yaxınlara qədər müxtəlif qəzet və xəbər portalları yaxşı araşdırmalara müəyyən qonorar verirdilər. Yazılarıma 30-50, bəzi hallarda 100 manat qonorar alırdım. Düzdür, bu, çox azdır, amma neyləmək olardı. Son illərdə qəzetlər və saytlar araşdırma üçün qonorar ödəməkdən imtina ediblər. Çünki internet məkanında yüzlərlə sayt var və hamısı biri-birindən istinadla xəbər götürür, qəzet səhifəsini və ya saytı doldurur. Bu işlərin hamısı pulsuz başa gəlir”.

Redaktor bildirib ki, araşdırma və reportaj hazırlamaq üçün şərtlər, məsələn, müxtəlif mənbələrdən məlumat əldə etmək, peşəkar ekspert tapmaq çox çətindir: 
"Həm də bu materiallar çox vaxt aparır. Müəllifə həftədə bir, maksimum iki sanballı araşdırma hazırlaması üçün ayda 500 manat əməkhaqqı vermək istəyən redaksiya yoxdur. Reportaj üçün isə üstəlik redaksiyanın maşını olmalı, fotoqraf və ya operator ayrılmalı, ezamiyyət üçün əlavə xərc çəkilməlidir. Bir çox redaksiyalar bunda maraqlı deyillər, baxmayaraq ki, onların heç də hamısı kasıb deyil”.
E.Bayramlının sözlərinə görə, xəbər janrı jurnalistikanın çoxsaylı janrlarından yalnızca biridir və jurnalistika təkcə xəbər demək deyil: 
"Əsl jurnalistika, araşdırma, reportaj, müsahibə, açıqlama, rəy, şərh, təhlil, oçerk, həmçinin jurnalistika ilə yanaşı, eyni zamanda publisistikanın da janrları olan felyeton, pamflet, parodiya və s. bu kimi janrları da əhatə edən bir sistemdir. Bizim agentliklərdə, xəbər saytlarında gün ərzində 100-200 xəbər verirlər. Maraqlıdır, bunu necə və niyə edirlər? Axı ölkədə və dünyada gün ərzində uzağı 20-30 xəbər ola bilər ki, adamları maraqlandırsın. Belə nəhəng xəbər axını oxucunun beynini xarab edə bilər və heç kim bu qədər xəbəri oxumaz. Hər əhəmiyyətsiz şeydən xəbər düzəldən mətbuat orqanı yaxşı olar ki, bunlara çəkdiyi vaxt və enerjini digər janrlarda maraqlı materiallar hazırlamağa sərf etsin. Əlbəttə, bunu könüllü edəsi deyillər. Media təşkilatları bu janrlarda müsabiqələr elan etməli və bunları təbliğ etməlidirlər. Əks halda zəngin ənənələri olan jurnalistikamızın yerinə monoton və robot jurnalistikası qalmış olacaq. Bu isə çox pisdir, həddən artıq pis”.

(davamı var)

İsmayıl Qocayev



Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb