Tural Abbaslı: “Müsavatı bu cür acınacaqlı vəziyyətə salan indiki rəhbərliyin məntiqsiz siyasətidir”
"Ağ Blok” siyasi blokunu yaradan Müsavat Partiyasının üzvü Tural Abbaslı öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürüb. Bu isə Müsavat Partiyasının narazılığına səbəb olub. Partiya başqanının müavini Elman Fəttah deyib ki, Məclisin qərarından kənar namizədliklərini irəli sürənlər partiyanın nizamnaməsinə və siyasətinə qarşı davranış sərgiləyiblər:
"Həmin insanlar namizəd olmaq üçün əvvəldən Müsavat Partiyasına müraciət etməli idilər. Onlara xəbərdarlıq olunub. Əgər geri addım atmasalar, barələrində qərar qəbul olunacaq”. Məlumat üçün deyək ki, Tural Abbaslı namizədliyini 21 saylı Nəsimi Birinci Seçki Dairəsindən verib. Artıq onun namizədliyi qeydə alınıb.
Müsavat Partiyasının mövqeyi ilə bağlı "Şərq”ə danışan gənc siyasətçi Tural Abbaslı deyib ki, Müsavat Partiyasında başqan Arif Hacılı istisna olmaqla digər heç bir rəhbər şəxs söz söyləmək haqqına sahib deyil. Elman Fəttah tərəfindən söylənilən fikirlərin hamısı birbaşa partiya sədrinə aiddir: "Namizədliyim nizamnaməyə zidd deyil. Çünki "partiya üzvləri siyahıdan kənar deputatlığa namizəd ola bilməz” deyə bir qərar yoxdur. 2005-ci ildə İntizam Ələkbərlinin namizədliyi Müsavat Partiyasından kənar qeydə alınmışdı. Niyə o zaman partiya İ.Ələkbərlini öz deputat qrupunda təqdim edirdi? Burda siyasi məsələlərdən daha çox şəxsi münasibətlər rol oynayır. Təəssüflər olsun ki, Arif Hacılı hələ də qurultay və rəqabət atmosferindən ayrıla bilməyib. Qurultaydan bir il keçməsinə baxmayaraq, hələ də bütün məsələləri rəqabət kontekstindən dəyərləndirir. Əksinə, A.Hacılı sevinməlidir ki, Müsavatın daha bir üzvünün namizədliyi qeydə alınıb. Əgər bunu kinlə, qısqanclıqla qarşılayırlarsa, deməli hələ də öz cılız maraqlarına xidmət edir. Rəhbərlik özünü uşaq kimi aparır. Müsavatı bu cür acınacaqlı vəziyyətə salan da məhz indiki rəhbərliyin məntiqsiz siyasətidir”.
T.Abbaslı bildirib ki, əvvəllər 125 dairənin hamısından namizəd irəli sürən Müsavat indi sadəcə 50-60 dairədən namizəd çıxarır. İrəli sürdükləri namizədlərin yarıdan çoxu isə qeydiyyatdan keçə bilmir: "Partiya üzvləri arasında həmrəylik yoxdur, rayon təşkilatları güclənmir. Əksinə, gündən-günə geriyə gedir. Bacardıqları yeganə iş müxtəlif media orqanlarına pafoslu müsahibələr vermək və xəbərləri olmadan məsələlərdən ağız dolusu danışmaqdır. Bu baxımdan Müsavat rəhbərliyinin haqqımda düşündükləri mənim üçün o qədər maraqlı deyil. İstədiklərini etsinlər, amma unutmasınlar ki, tarix hamıya layiqli qiymətini verir”.
"Ağ Blok”un təsisçisi bəyan edib ki, partiyanın üç cəza metodu var: - xəbərdarlıq, töhmət və qurumdan xaric etmək. Bunun hansını istəsələr, tətbiq edə bilərlər: "Arif Hacılının üç rəqibi var idi. Qubad İbadoğlu, Səxavət Əlisoy və Tural Abbaslı. İki namizədi partiyadan qovdurdu. Yəqin qurultayda onunla rəqabət aparmış üçüncü şəxsi də, yəni məni də partiyadan çıxarmaq istəyir. Ona görə də müxtəlif bəhanələr axtarır. Mən ona bəhanələr tapmaqda uğurlar arzulayıram. Amma vaxtı olanda partiyanın güclənməsi üçün də işlər görsə yaxşı olar”.
İsmayıl