Yeni prezident dövlət başçısı kimi heç bir səlahiyyətə malik olmayacaq
"Ermənistandakı struktur və siyasi xarakterli islahatlar Qarabağ danışıqlarına müsbət təsir etməyəcək"
Xəbər verdiyimiz kimi, Ermənistanın yeni prezidenti ölkənin Böyük Britaniyadakı səfiri, hakim partiyanın namizədi Armen Sarkisyan seçilib. Parlament üzvləri tərəfindən seçilən Armen Sarkisyan yeganə namizəd olub və ona alternativ irəli sürülməyib. O, aprel seçkisindən sonra rəsmən vəzifəsinin icrasına başlayacaq. Maraq doğuran sual odur ki, yeni prezident neçə illərdir təcavüzkar və təxribatçı bir dövlət dövlət kimi tanınan Ermənistanın mövcud siyasətini dəyişə biləcəkmi? Ən əsası isə Dağlıq Qarabağ münaqişəsinin həllində bir irəliləyiş əldə ediləcəkmi? Ekspertlər hesab edirlər ki, yeni prezident Armen Sarkisyan sələfi Serj Sarkisyanın müttəfiqi olmaqla yanaşı, eyni zamanda dövlət başçısı kimi heç bir səlahiyyətə malik olmayacaq. Başqa sözlə, ölkə yenidən Serj Sarkisyan rejiminin idarəetməsində qalacaq. Ermənistanda prezidentin dəyişməsi bu ölkədə mövcud rejimin dəyişməsi anlamına gəlmir. Yeni prezidentin ilk açıqlamasında Dağlıq Qarabağdakı separatçı rejimə dəstək ifadə etməsi də danışıqlar prosesində rəsmi İrəvanın hər hansı konstruktiv addım atmayacağını düşünməyə əsas verir.
"Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutu”nun rəhbəri Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistanda konstitusiya dəyişikliklərindən sonra ölkədə əsas səlahiyyət baş nazirə keçib. Onun sözlərinə görə, yeni prezident məhdud səlahiyyətlərə malikdir:
"Ermənistandakı struktur və siyasi xarakterli islahatlar Qarabağ danışıqlarına müsbət təsir etməyəcək. Ermənistan prezidenti seçilən Armen Sarkisyan baş nazir olacaq Serj Sarkisyanın kadrıdır. O, formal olaraq dövlət başçısı statusunu yerinə yetirəcək. Azərbaycanla aparılan Qarabağ danışıqlarında isə birbaşa baş nazir Serj Sarkisyan iştirak edəcək. Xatırladım ki, aprelin 9-dan sonra bu ölkədə tam idarəçilik sistemi başa çatır.
Ölkə parlament respublikası üsul-idarəsinə keçir. Serj Sarkisyan prezident kimi geniş səlahiyyətə malik olduğu zaman aparılan danışıqlara görə heç kimə hesabat vermirdi. İndi isə parlament qarşısında "hesabat” verəcək.
Bir növ özünün manevr siyasətini genişləndirəcək. Yəni iddia edəcək ki, guya aparılan danışıqların formatını parlament qəbul etmir. Bu şəkildə danışıqları uzadacaq. Hesab edirəm ki, Qarabağ danışıqlarının bundan sonra həll variantını Ermənistan kifayət qədər uzatmaq siyasətinə sadiq qalacaq. Rəsmi İrəvanın bu cür siyasət aparmasına imkan verilməməlidir”.
İsmayıl