“Atamı tərifləyən adamlar görəndə qəzəblənirdim”

Ayxan Ayvaz: “Şöhrət hissi qurd kimi içimi yeyirdi”“Əslində ən böyük uzaqlıq əlin çata-çata ona qovuşa bilməməkdir.”
"Şərq”in "Sözlə yaşayan adam” rubrikasının budəfəki qonağı yazar Ayxan Ayvazdır. Gənc yazarlarımız arasında öz dəst-xətti, fərqli yanaşma tərzi ilə seçilən A.Ayvazın müasir ədəbi proseslərə yetərincə təsir imkanları var. Sosial şəbəkələrdə kifayət qədər aktiv olan yazar zaman-zaman ölkədə baş verən hadisələrə reaksiya verib, bəzən bir ədəbiyyat, bəzən də sadəcə bir gənc vətəndaş olaraq öz mövqeyini nümayiş etdirir.
Barəsində internetdə ətraflı məlumat olmadığı üçün öncə Ayxan Ayvazdan kim olduğunu, harada oxuyub, haranı bitirdiyini soruşub, özü haqqında qısaca məlumat verməsini istədik. Suallarımıza özünəməxsus yumorla cavab verən yazar yarızarafat, yarıciddi "Bilsəydim, sizin xətrinizə Vikipediyada haqqımda məlumat yaradardım” deyərək söhbətə başlayır.
1992-ci ildə gülüş günündə (aprelin 1-də) Tiflis yaxınlığında anadan olduğunu bildirən A.Ayvazın uşaqlığının bir hissəsi orda keçib: "Gürcü mühiti ilə erkəndən tanış olmuşam. Onların ədəbiyyatı, kinosu mənə təsir edib. Bir neçə hekayəm həmin mühitin yaratdığı ab-havadan bəhs edir. 6 yaşım olanda birinci sinfə də Tiflisdə getmişəm. Onda 6 yaşım vardı və balaca barmaqlarım qələm tuta bilmirdi. Qardaşımla bacıma qoşulub gedirdim, arxa partada oturub dərsə qulaq asırdım. Gürcü dilində nə qədər şeir öyrənmişdim onda. Həmişə yaxşı danışdığıma görə mağazadan şey-şüy almağa məni göndərərdilər. İndi isə bu dili sadəcə xatirə kimi xatırlayıram. Bakıya gələndən sonra Tiflis mənim üçün uşaqlıq şəhəri kimi qaldı və hər dəfə ora gedəndə uşaqlığıma qayıtmış kimi oluram. Ali təhsilimi isə Bakı Slavyan Universitetində rus dili ixtisası üzrə almışam. Oxuduğum ixtisas sayəsində də rus ədəbiyyatı ilə geniş tanış olmuşam.
- Ədəbiyyata marağınız yəqin ki, ailədən gəlir. Neçə yaşınızdan yazırsız?
- Desəm ki, gözümü açandan yazırdım, yalan olar. Oxumağa 8-ci sinifdən başlamışdım. Heç məktəbdə də inşa yaza bilmirdim, həmişə qızlardan köçürürdüm (gülür). Ancaq bircə dəfə Əkrəm Əylislinin "Ürək yaman şeydir” hekayəsindən inşa yazmışdım. O inşadan sonra ədəbiyyat müəllimimiz heyrətini gizləyə bilməmişdi. Sonra Cek London, Əziz Nesini oxudum. Atamı da yazıçı kimi bu ərəfələr tanıdım. Əvvəl onu işdən evə gələn ata kimi görürdüm. Hekayələrini oxuyandan sonra qəribə bir hiss keçirdim. Sən demə, bizim evdə bir dahi yaşayırmış. Qəribə bir qısqanclıq hissi yarandı içimdə. Düşündüm ki, axı bu yazmaq nə olan şeydir, onu mən bacarmayım. Şöhrət qazanmaq, diqqət mərkəzində olmaq üçün yazmağa başladım. Və həm də atamın yerini almaq istəyirdim. Onu tərifləyən adamlar görəndə qəzəblənirdim, acığım tuturdu. Şöhrət hissi qurd kimi içimi yeyirdi. Bir tərəfdən də paxıllıq var axı. Bir dəfə də mən təriflənim, məni oxusunlar. Dünya dağılmaz ki? Belə, başladım yazmağa...
- İlk yazınızın mövzusu yadındızdadır? Nədən yazmışdız?
- "Bərbərxana samurayı” adında bir hekayə yazmışam. Bir nəfər bərbərin yanına gedir, işi çıxdığından bərbərin yerinə onun köməkçisi adamın saçını qırxır. Qəfil işıq keçir və saç qırxmaq yarımçıq qalır. Evə qayıdan adam güzgüdə özünü samuray kimi görür. Belə bir hekayə idi. İndi imtina etmişəm o hekayədən. Heç çap da eləməmişdim. Hətta o hekayəni atam üstümə qaytarmışdı bir neçə dəfə. Deyirdi ki, get təzədən yaz. Oturub ağlamışdım. İlahi, bir hekayənin əlində girinc qalmaq nə dəhşətli imiş! Onda əllə yazırdım. Kağızları cırıb tullamışdım. Təzədən oturub yazmağa başladım. Növbəti gün atama göstərəndə gülümsündü. Amma yazıçı olmağımı istəmirdi atam. Başını bulayıb belə demişdi: "Sən də bədbəxt oldun”.
- Bəs, hazırda üzərində işlədiyiniz yazı varmı?
- Lap köhnə kişilər kimi dediniz: yazı. Yaşlı yazıçılar hekayəyə də, romana da, məqaləyə də yazı deyirlər. Əslində xoşuma gəlir bu (gülür). Bir romanım var, yarımçıqdı. Güc tapıb ona qayıda bilmirəm. Qəhrəmanımdan təsirlənib depressiyaya düşdüm və roman yarımçıq qaldı. Ancaq özümə söz vermişəm ki, o romanı nə olur olsun, bitirəcəm. Bəlkə də, çox zaman xərcləyəcəm, amma əminəm ki, o romanı bitirsəm, çox böyük maraq yaranacaq. Yeni dövrün ən gözəl romanı olacaq. Yarım qalan hekayələrim də var hələ. Məndə tələsmək yoxdur, rahatam yazmaq barəsində. Hekayədir də, sədaqətli qadın kimi gözləyir səni həmişə.
Uzaqlıqla bağlı bir neçə şeiriniz var. Uzaqlıq haradır sizin üçün?
- Əvvəllər, qarşılıqsız sevgi yaşadığım vaxtlar bir neçə şeir qaralamışdım. O vaxt Adil Mirseyid şeirlərim haqqında geniş bir yazı da yazmışdı. Çox adam da şeirlərimi bəyənirdi. Sonra Adil Mirseyid mənə Nazim Hikmətin şeirlər kitabını verdi. Oxudum və birdən anladım ki, mən şair deyiləm. Şeir mənim üçün uzaq yaşıl adadır. Nə yaxşı ki, bunu tez anladım, yoxsa mənasız, gic-gicə şeirlərlə çox bezdirəcəkdim sizi (gülür.) Konkret sualınıza gəldikdə isə deyim ki, uzaqlıq mənim üçün bir obyekt olub. Ola bilsin, yaşadığım qarşılıqsız sevginin təsirindən yazmışam bunu. Əslində ən böyük uzaqlıq əlin çata-çata ona qovuşa bilməməkdir. Əzabın məsafəsidir əsl uzaqlıq. Yoxsa ki, indi heç nə uzaq deyil sənə. Ən azından internetlə bütün uzaqlara qovuşa bilərsən.
- Mütaliə ilə aranız necədir? Daha çox hansı ölkənin ədəbiyyatını oxuyursuz?
- Çox yaxşı. Fərqi yoxdur mənim üçün ölkənin. Amma təbii ki, ən çox öz ölkəmin ədəbiyyatını oxuyuram. Çünki bu dildə yazıram və ən tez bu dillə anlayıram hisslərin lüğətini. Ancaq son vaxtlar heç nə oxumuram. Axırıncı dəfə elmi yazılar oxudum, bədii kitablardan uzaqlaşdım bir müddət. İndi isə ümumiyyətlə, heç nə oxumuram. Beynimi dincə qoymuşam. İçimə mikrofon qoyub keçmişimin, xatirələrimin üzərində gəzişən izdihamın səsini eşitməyə çalışıram. Öz nəğməmi dinləyirəm. Yazacağım mətnlərin doğuluşunu hiss edirəm onda...
- Yazmaq demiş, Azərbaycan yazarları arasında kimin qələmini özünüzə yaxın hiss edirsiz?
- Qəliz sualdır. Əvvəl atama yaxın hiss edirdim. İndi tamam ayrı xəttə düşmüşəm. Əgər ədəbi əcdadımı soruşmaq istəyirsizsə, buna da cavab vermək çətindir mənim üçün. Həm də düşünürəm ki, yazıçı mütləq nə vaxtsa öz çuxurunu tapmalıdır. Mən axacağım çuxurun axtarışındayam.
- Bəlkə də, yanılıram, amma "kapriz”li birinə bənzəyirsiz. Maraqlıdır, ədəbi mühitə qarşı münasibətdə də beləsiz? Azərbaycan ədəbiyyatının mövcud durumu sizi qane edirmi?
- "Kapriz”li görünürəm demək. Kənardan belə göründüyümü bilmirdim. Maraqlı müşahidə oldu mənim üçün. Ancaq sualınıza "kapriz”li biri kimi cavab verəcəyəmmi, onu bilmirəm (gülür.) Sözün açığı, ədəbi mühitdən son vaxtlar tamam uzaqlaşmışam. Artıq eyni söhbətlər yorub məni. Başqa sahələr daha maraqlı gəlir - Təkamül, Kvant fizikası, Nisbilik nəzəriyyəsi və s. Həmçinin də elm, fəlsəfə, Freyd, ya da kino. İstəyirəm, aktyorların, rəssamların mühitinə düşüm. Təzə söhbətlərin dəlisiyəm. Monoton, təkrar söhbətləri eşitməkdən qulaqlarım bezar olub. Mövcud duruma gəlincə, indi ancaq qovğaları, qalmaqalları görürəm. Ədəbiyyat bir kənara qalıb, şəxslər biri-birini qırmaqla məşğuldur. Hamı özünü dahi elan edib. Eqolar yazılanlardan qabaqda gəlir.
- Nələri dəyişmək, kimləri ədəbiyyatdan çıxarmaq istərdiz? Əlbəttə ki, belə bir səlahiyyətiniz olsa...
- Gözəl Rafiq Tağı demiş, cinayət işi görmürlər ki, yazırlar da. Ədəbiyyatda olan varsa, onu çıxartmaq zatən müşkül işdir (gülür.) Ədəbiyyat dövlət orqanları deyil ki, orda kimisə çıxardasan, ya da kimisə ora daxil edəsən.
- Bəs, gənclər arasında ən istedadlı və ən istedasız yazar olaraq kimləri görürsüz?
- Əlimdə istedad ölçən barometr olmadığından bu suala dəqiq cavab verə bilməyəcəm (gülür). Gəlin, bir əhvalat danışım, kefimiz açılsın: Üç yazıçımız qatarda gedirlərmiş. Biri təklif verib ki, gəlin ədəbiyyatımızın ən istedadsızlarını seçək. Kağız çıxarıb siyahı tutmağa başlayırlar. Bir az keçəndən sonra aralarından birinin təbii ehtiyacı yaranır və kupedən çıxır. İki yazıçı biri-birinə baxıb qımışır. Biri göz eləyib deyir: "Əşşi, bunu da yaz istedadsızların siyahısına”. Sözüm ona ki, istedadsız da çoxdur, istedadlı da.
- Klassiklər arasında "saray şairi”, "mədhiyyəçi” adlandırılan şairlər, yazıçılar olub. Necə düşünürsüz, bu ənənə bu gün də yaşayırmı? Varmı müasir yazarlar arasında mədhiyyə yazanlar?
- Əslində bu sahədə irəliləyiş görmürəm. Son dəfə Vaqif Bəhmənin nazirə yazdığı mədhiyyə şeiri o ənənələrin məhv olub getdiyini təsdiqlədi. O şeirə görə ənam veriləcəyini gözləyirdik, tam tərsi oldu: şairi işdən çıxardılar. İlk dəfə bir şair vəzifəli birini təriflədiyi üçün işdən çıxarıldı. Bu hadisə də onu göstərir ki, artıq mədhiyyə deyilməsinə heç vəzifəlilər də yaxşı baxmır.
- Azərbaycan xalqı kitab oxumaq istəmir, yoxsa bu, yazarların bəhanəsidir? Bəzən bu cür ziddiyətli fikirlər olur, ona görə soruşuram.
- Azərbaycan xalqı niyə kitab oxumur? Bütün xalqı günahlandırmaq olmaz. Oxuyan da var, oxumayan da. Amma azlıq həmişə çoxluğa tabedir düsturundan istifadə edərək bu gün Azərbaycan xalqının böyük bir hissəsinin kitabdan kilometrlərlə uzağa düşdüyünü görə bilərik. Biz əvvəldən də kitab oxumağı sevən xalq olmamışıq. Sovet vaxtı zorla oxudublar. Müstəqillik də bizə azad şəkildə oxumamaq şansı yaratdı. Və kütləvi oxumamaqlıq baş alıb getdi. Yenə istisnalar sağ olsun, onlar da olmasa, yazmaqdan əlimizi üzərdik.
- Qan Turalının "Yazıçı alkoqolikə çevriləndə uduzduq biz” yazısındakı fikirləri xeyli müzakirələrə səbəb oldu. Siz necə düşünürsüz, bir yazarın əsas funksiyası xalqı maarifləndirmək və bu yolda hər cür məşəqqətlərə dözməkdir?
- Turalın yazısında haqlı məqamlar olmamış deyil. Ancaq burda bir incə məqam da var. Biz bu gün müxtəlif yazılarla, videolarla, debatlarla, müzakirələrlə maarifləndirmirikmi? Məncə, bunu edən yazarlarımız var. Ancaq xalqın buna reaksiyası ürəkaçan deyil. Keçən əsrlərdə də belə idi. Mirzə Cəlil bu yolda sonda əlyazmalarını yandırdı, Sabir sabun bişirdi, Məhəmməd Hadi şeirlərini satıb dolanmaq məcburiyyətində qaldı. Bir anlıq düşünək, Nitşe yaşadığı cəmiyyəti daim tənqid edirdi, onları maarifləndirmək üçün dəridən-qabıqdan çıxırdı, lakin onu oxumurdular, kitabları toz içində qalırdı. Sonra nə oldu? Nitşe bütün dünyaya yayıldı. Və bu gün alman xalqı Nitşeyə borcludur. Ölkələr məhz bu cür adamların sayəsində ayaqda durur. Əsas bünövrə yazarlar, sənət adamları, elm adamlarıdır. Cəmiyyətin xilası onlardan tutunmaqdadır. Bəs, apardığımız mübarizə nədir? Cəhalətlə mübarizə. Bizim ədəbi irsimiz də bunu edirdi, bu gün biz də bunu edirik. Kim apardı bəs, bu yazıçını alkoqilizmə, inzivaya, depressiyaya, özünə qapanmağa? Yazı yazdı, təzyiq gördü, söyüldü, döyüldü, öldürüldü. Xalq nə etdi? Ona təqdim olunanla kifayətləndi. Onu işığa aparan, doğruya istiqamətləndirən adamlara arxa çevirdi. Heyif ki, bizim cəmiyyət maarifləndirməni düzgün başa düşmədi. Onlar seçə bilmədilər, düşünə bilmədilər. Təqdim olunanla kifayətləndilər. Belə olanda yazıçı dərin bir depressiyaya yuvarlandı. Bu gün Azərbaycan xalqı Sabirə, Mirzə Cəlilə borcludur. Onlar bizim bünövrələrimizdir. Biz isə nə edirik? Hər gün deyirik ki, necə də haqlıymışsan Sabir, Mirzə Cəlil, biz heç dəyişmədik. Dəyişmək istəməyən cəmiyyəti heç kim xilas edə bilməyəcək. Sabirin, Mirzə Cəlilin qəhrəmanlarıdır bunları deyən. Mən Azərbaycan cəmiyyətində yazıçının, şairin yerini həmişə aşağılarda gördüm. Təəssüf ki, belədir. Onlar üçün yazıçı ancaq təqdim olunan, vəzifəli, bərli-bəzəkli taxtlarda oturanlardır. Başqa heç kim yazıçı deyil, şair deyil.
- Yazıçısansa mütləq kasıb olmalısan?
- Bu da bizim cəmiyyətin düşüncəsinin məhsuludur. Yazıçını daim kasıb görmək, istəyirlər. Biz bu çərçivələri dağıtmalıyıq. Cəmiyyət bizim yanımızda olmalıdır. Çünki onların dərdini yazan bizik. Biz onların deyə bilmədiklərini, ifadə edə bilmədiklərini yazırıq. Həm də heç bir təmənna güdmədən, vəzifə ummadan. Sadəcə bizim yanımızda olsunlar, bizə arxa çevirməsinlər, yalan deyilən yerlərə getməsinlər, vəssalam!
- Özünüzlə bağlı bir yazınızı oxumuşdum. Aqşin Yeniseyin "Ayxan ədəbiyyatımızın sonbeşiyidir" ifadəsindən xoşlandığınızı və hətta yerinizi heç kimə vermək istəmədiyinizi yazmışdız. Aradan xeyli vaxt keçib. Yerinizi kimlərsə alıb, yoxsa hələ də özünüzü sonbeşik olaraq görürsüz?
- Təbii ki, o, ironiyaya bulaşmış bir yazı idi. Ədəbiyyat heç kimin yerini dar eləmir. Mənim yerim elə mənim yerimdir. Gəlib üstümə çıxmayacaqlar ki? Bayaq da dediyim kimi, hərə öz çuxurunda olmalıdır. Amma həqiqətən də ədəbiyyatımızın sonbeşiyi mənəm indi. Aqşin Evrən demiş, bizdən sonra "gəlməyən nəsil” gəldi. Özlərini dahi elan etməkdən başqa əllərindən-ayaqlarından bir şey gəlmir. Ortada mətnləri yoxdu, böyük iddiaları var. Amma sizin xətrinizə, sonbeşik yerimi istedadlı adama verəcəm bir gün (gülür).
- Yazı yazanda öz zövqünüz, yaxud da yüngülləşmək üçün yazırsız, yoxsa cəmiyyətə təsir etmək, özünüzü təsdiqləməyi hədəfləmisiz? Bəlkə də, sadəcə qonorar üçün?
- Qonorar nə idi? (gülür) Əlbəttə, qonorar üçün də yazmışam. Amma sırf içdən gələn, istədiyin yazılar heç bir qonorara dəyməz. Sualda sadaladığınız hər bir şeyi nəzərə alıram. Amma ən başlıcası yüngülləşməkdir. Mənim üçün ən böyük orqazmdır yazmaq.
- Bəzən ölkədə baş verən hər hansı bir hadisəylə bağlı yazarların mövqeyi maraq doğurur. Xalq onlardan dəstək umur. Sizcə, Azərbaycanda ədəbiyyat adamlarının ictimai təsir imkanları varmı?
- Bu, yazara görə dəyişir. Ancaq sizin dediyiniz kimi, cəmiyyətə təsir etmək imkanınız varsa, bu yerdə susmaq olmaz. Yazıçı haqsızlıqlara qarşı mövqeyini açıq bildirməlidir. Onun işi tək yazıb yerində oturmaq deyil. "Mən yazıram, mənimlə işiniz olmasın” demək məsuliyyətdən qaçmaqdır. Harda haqsızlıq var, yazıçı orda dirəniş göstərməlidir. Çünki o da bu ölkənin vətəndaşıdır. Əsər yazdığını dilə gətirib camaatın boynuna minnət qoymamalıdır. Ancaq bir tərəfdən də yazıçının işi tək mövqe bildirmək, ictimai hadisələrə münasibətdirmi? Xeyr, Markes demiş, yazıçının inqilabi borcu yaxşı yazmaqdır. Amma həqiqətə göz yumub yazmaq da yox. Yazıçının ictimai həyatda mövqeyi mütləq olmalıdır. Çünki onu sevənlər, oxuyanlar yazıçıdan bunu gözləyirlər.
- Deyilənə görə, son illərdə feysbuk ədəbiyyatı formalaşıb. Hər əlinə qələm alan bir-iki şeirini, hekayəsini paylaşıb, profilində də özünü şair, yazıçı kimi təqdim edir. Bunu zərərli tendensiya hesab etmək olarmı? Yoxsa zaman özü hər kəsi ələyəcək?
- Sizin dediyiniz kimi, zaman hər kəsi ələyəcək. Bu gün feysbuk hamıya özünü yazıçı, şair kimi təqdim eləmək imkanı verir. Qoy eləsinlər, burda bir ziyan görmürəm. Özlərinə yazıçı, şair adı verib, pozalara girsinlər. İnsanları aldadıb, kef eləsinlər. Heç problem deyil. Onsuz da zaman, öz zirehli maşını ilə hər şeyi silib-süpürəcək. Ortada yenə ədəbiyyat qalacaq. Buna bütün qəlbimlə inanıram.
-O gün səhifənizdə bir statusunuzu oxudum: "Mənim oxucularım gözəl qızlardır, onlara görə kitab çıxarmaq lazımdır”. Əvvəla, maraqlıdır, niyə gözəl qızlar?
- Oxuyan qızların hamısı gözəldir (gülür).
- İkincisi də, bu sadəcə bir statusdur, yoxsa doğrudan da kitab çıxarmaq planınız var?
- Bəli, bu yaxınlarda hekayələr kitabı çıxardacam. Hazırda isə dövrümüzün böyük yazıçısı Cavid Zeynallı üzərində redaktə işləri aparır. Onu gözləyirəm nəşriyyata təqdim etmək üçün.
- Yeri gəlmişkən, ötən dəfə bir şairdən müsahibə almışdım. "Niyə kitab çıxarmırsız" sualıma cavabı belə oldu: "Ad seçə bilmirəm. Kitaba ad seçimi hər zaman mənim üçün problem olub”. Sizcə, bir kitabın oxunması üçün ad seçimi nə dərəcədə əhəmiyyətlidir?
- Ad mənim də yaralı yerimdir. Elə bu yaxınlarda çap etdirəcəyim kitabın adını da neçə vaxtdır düşünürəm. Sizin sualınız da yaralı yerimi qaşıdı. İlk gözə çarpan ad olduğu üçün kitabın oxunmasında da önəmi böyükdür. Kitabın adı hardasa orda yazılanları ifadə edir. Məsələn, Azərbaycanda altı uşaq atasının bir kitabı çıxmışdı, adı belə idi: "Kiridə bilmirəm bu sevgini” (gülür).
- Yazıçı Mirmehdi Ağaoğlunun "Vəsiqə ilə şair olmaq olarmı?” başlıqlı tənqidi yazısı ciddi müzakirələrə səbəb oldu. Müəllif yazıda qeyd edib ki, üzvlük vəsiqələrinin şəkillərini o qədər bəh-bəhlə paylaşırlar, elə bil mason lojasına üzv olublar: "Elə bilirlər ki, adlarının qabağına AYB üzvü yazanda şeirlərinin bədii siqləti artacaq, istedadlı olacaqlar”. Sizcə, niyə gənclər AYB-yə üzv olmaqda bu qədər maraqlıdırlar?
- O vaxt səhv edib mən də AYB-yə üzv olmuşdum. Vaxtında səhvimi başa düşüb istefa verdim. Burda elə də qəbahətli bir şey görmürəm. İstedadlı gənclər bir gün ayılıb orda olmağın mənasızlığını başa düşəcəklər. İstedadsızlar isə həmişə təsdiq üçün vəsiqəyə sığınacaqlar.
- Bəs siz ədəbiyyatda hansısa mövqeyə sahiblənmək istəyirsiz: Xalq yazıçısı, yaxud da Nobel laureatı?
- Fikrimcə, Herman Hessenin mükafat aldığı Nobel indi öz tənəzzül dövrünü yaşayır. Bob Dilana Nobel laureatı təqdim edirlər, adam heç gedib almır. Sanki İsveç Akademiyasının qərarı ilə məzələnir. Həm də ki, Ədəbiyyat mükafatla, sinəsi ordenlə təsdiqlənmir. Ramiz Rövşən demiş: "İki şair bir şeir yazar, birinə mükafat verərlər, o birini asarlar”. Mənsə, sadəcə yazmaq istəyirəm. Ağzıma gələni yox, ağlıma gələni.
Şəymən