Atatürkün zəhərlənməsi iddiası sadəcə gündəmi dəyişməkdir

Sabir Rüstəmxanlı: “Ona qarşı deyilənlər, barəsində danışılanlar Atatürkün şəxsiyyətindən və nüfuzundan heç nə azaltmır”Kərəm Məmmədov: “Atatürklə, onun öldürülməsi ilə bağlı geniş fikir bildirməyi Türkiyənin daxili işlərinə müdaxilə kimi dəyərləndirirəm”
Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk haqqında daha bir iddia ortaya atılıb. Budəfəki iddiaya görə, Atatürk Türkiyənin ikinci prezidenti, "Milli Şef” ləqəbli İsmət İnönü tərəfindən zəhərlənərək öldürülüb. Bu barədə iddia ilə bağlı araşdırma aparan hakimiyyətə yaxın "Yeni Şafak” qəzeti yazıb.
Araşdırma zamanı üzə çıxan sənədlərə görə, Atatürk öz əcəli ilə deyil, sui-qəsd nəticəsində ölüb. Qəzetin yazdığına görə, Atatürklə İsmət İnönü və dövrün hakim partiyası olan CHP-nin bir sıra yüksək vəzifəli şəxsləri arasında ciddi qarşıdurma olub. Ona görə də tərəflər biri-birini aradan götürməyə çalışıb. Bir sıra ictimai xadimlər isə hesab edirlər ki, Türkiyənin hakim partiyasına yaxın olan bəzi tədqiqatçılar tərəfindən ortaya atılan belə iddialar türk dünyasının lideri Mustafa Kamal Atatürkü nüfuzdan salmaq məqsədi daşıyır.
Məsələyə münasibət bildirən millət vəkili Sabir Rüstəmxanlı bu cür iddialara o qədər də ciddi yanaşmadığını deyib. Deputatın fikrincə, əgər ortada sui-qəsd iddiası varsa, bununla Türkiyə tərəfi məşğul olmalıdır: "Mən bu yaxınlarda ANS-in efirində gedən "Şəxsiyyət vəsiqəsi” adlı proqramda Atatürklə bağlı məsələlərə öz münasibətimi bildirdim. Atatürk özü bütöv bir millətə, dövlətə, bəlkə də bir əsrə "şəxsiyyət vəsiqəsi” vermiş liderdir, tarixi şəxsiyyətdir. O, dağılmış vəziyyətdə olan, dünyanın param-parça etmək istədiyi Osmanlı ərazisində türklərə məxsus Türkiyə adlı müstəqil dövlət yaradıb. Dünya güclərini diz çökdürərək, milli dövlət qurub. Ona qarşı deyilənlər, barəsində danışılanlar Atatürkün şəxsiyyətindən və nüfuzundan heç nə azaltmır. Əksinə, zaman keçdikcə, Atatürk böyüyür”.
BDU-nun dossenti, tarixçi-alim Kərəm Məmmədov isə Türkiyə ilə bağlı məsələlərə ehtiyatla yanaşdığını deyib. Buna səbəb isə qardaş ölkəylə çox sıx münasibətlərimizin olmasıdır: "Atatürklə, onun öldürülməsi ilə bağlı geniş fikir bildirməyi Türkiyənin daxili işlərinə müdaxilə kimi dəyərləndirirəm. Sadəcə onu deyim ki, elmin və tibbin yüksək inkişaf etdiyi bir dövrdə belə bir iddianı ortaya çıxarmaq, onun doğru və yanlış olduğunu sübut etmək çox asan məsələdir. Əgər Atatürkə DNT testi tətbiq edilsə, onun zəhərlənib-zəhərlənmədiyi ortaya çıxar. Hətta necə zəhərləndiyini, zəhərin miqdarının nə qədər olduğunu belə aşkarlamaq olar. Belə bir variant olduğu halda boş-boş danışmağa, min cür iddia qaldırmağa heç bir əsas yoxdur”.
İsmayıl