Ermənilər qəsdən kənd təsərrüfatı işi ilə məşğul olan insanları hədəf seçiblər
Erməni silahlı qüvvələri mütəmadi olaraq cəbhə xəttində təxribata əl atır. Düşmən qəsdən mülki şəxsləri hədəf seçərək danışıqlar prosesinə zərbə vurmağa, təmas xəttində vəziyyəti gərginləşdirməyə cəhd edir. Ötən gün Qazax rayonunun Kəmərli kəndi yaxınlığında kənd təsərrüfatı ilə məşğul olan şəxsə "SVD” snayper silahı ilə atəş açılması da bunun düşünülmüş təxribat olduğunu sübuta yetirir. Ancaq təəssüflər olsun ki, tez-tez cəbhə xəttində monitorinq keçirən beynəlxalq vasitəçilər düşmənin təxribatına göz yumur, mülki şəxslərin hədəfə alınmasını görməzdən gəlirlər.
Düşmənin qısa müddət ərzində bir neçə dəfə təxribat törətməsi ilə bağlı "Şərq”ə danışan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib ki, ermənilər öz xarakterlərini və xislətlərini ortaya qoyurlar:
"Dəfələrlə cəbhənin müxtəlif istiqamətlərində mülki vətəndaşlara atəş açılıb. Elə bu yaxınlarda Ağdam rayonu ərazisində öz yaxınlarının məzarlarını ziyarətə gedən insanları atəşə tutublar. Nəticədə bir nəfər qadın yaralanıb. Ondan sonra Qazax rayonunun Kəmərli kəndi yaxınlığında kənd təsərrüfatı işi ilə məşğul olan insanı hədəf seçiblər.
Özü də ona snayper tüfəngi ilə atəş açıblar. Bu, bir daha göstərir ki, ermənilər qəsdən, məqsədli şəkildə mülki vətəndaşları hədəf seçirlər. Çünki ekskavatora hansısa qəlpə dəyməyib, birbaşa snayperlə atəş açılıb. Düzdür, xoşbəxtlikdən xəsarət alan olmayıb, amma texniki vasitəyə maddi ziyan dəyib, şüşələri parçalanıb. Mülki şəxslərə qarşı mütəmadi təxribat törədilməsi ermənilərin atəşkəsə və Dağlıq Qarabağ münaqişəsinə münasibətidir. Bu faktlar dəfələrlə təkrar olunub və şübhə yox ki, bundan sonra da olacaq”.
A.Nağı bildirib ki, əslində düşmən ermənilərdən başqa hərəkət gözləməyə dəyməz:
"Həmsədrlər Kasprşiki yanlarına alaraq tez-tez cəbhə xəttinə gəlirlər. İlk olaraq vasitəçilər ermənilərin təxribatına cavab verməli, işğalçı Ermənistanı qınamalıdırlar. Çünki mülki şəxslərin hədəf seçilməsi onların gözləri qarşısında baş verir. Beynəlxalq qurumların bu vəhşiliyə göz yumması onların ikiüzlülüyünü göstərir”.
İsmayıl