Atəşkəs sutkada 47 dəfə pozulub

“Böyük sülh sazişi” erməniləri rahat buraxmır



Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 47 dəfə pozub. Düşmən cavab atəşi ilə susdurulub.

Son günlər ermənilərin təmas xəttində atəşkəsi dəfələrlə pozması və bu addımların arxasında hansı planların olmasından danışan Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etdikdən sonra bu torpaqları özünə birləşdirmək və müxtəlif yollarla ölkəmizə təzyiq etmək üçün hər zaman müxtəlif variantlara əl atır: "Cəbhə xəttində atəşkəsi pozmaq, dinc sakinləri atəşə tutmaq onların gündəlik planlarında yer alan məsələlərdəndir. Bütün bu kimi cılız siyasətlər isə Ermənistanın zəifləməsinə, eləcə də həmin dövlətin həm ölkə daxilində, həm də xaricdə bir sıra problemlərinin yaranmasına gətirib çıxarır”.

Millət vəkilinin sözlərinə görə, Ermənistan tərəfi vaxtaşırı olaraq cəmiyyətin diqqətini cəbhə xəttində baş verən atışmalara cəlb etmək istəyirlər: "Dünən baş berən insidentə gəlincə isə bu, Ermənistan tərəfindən qəsdən törədilən və məqsədli sürətdə diqqəti daxili problemlərdən yayındırmağa, eləcə də Azərbaycanın ərazi bütövlüyü məsələsini müzakirədən kənarlaşdırmaqdan ibarətdir. Ermənistan hakimiyyətinin bu hərəkəti həmin dövlətdə ciddi addım kimi qəbul edilmir. Əgər Ermənistan bu hərəkətlərlə Azərbaycana təzyiq göstərmək istəyirsə, o zaman çox ciddi şəkildə yanıldıqlarını demək elə də çətin deyil. Azərbaycan bu gün öz inkişafında artıq hər hansı bir təzyiqə məruz qalmayan ölkələr sırasındadır. Bu səbəbdən Ermənistanın hər hansı bir təzyiq formasından istifadəsi qeyri-mümkün məsələdir”.

A.Mirzəzadə hesab edir ki, köhnəlmiş silahlarla silahlanan və ordusunda ciddi problemləri olan Ermənistan rəsmilərinin Azərbaycanı hədələməsi sadəcə görüntü yaratmaq məqsədi daşıyır: "Bununla yanaşı, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusunun mövqelərini yoxlamaq

cəhdləri də heç bir nəticə verməyəcək. Bu gün Azərbaycan ordusu kifayət qədər ciddi şəkildə silahlanıb. Eyni zamanda, ordumuz peşəkar zabitlərlə formalaşdırılıb və ordu öz torpaqlarını işğaldan azad etmək üçün hər an hərbi əməliyyatlara hazırdır”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin müavini Hikmət Hacıyevin qənaətincə isə öz zəifliyini ört-basdır etmək üçün düşmən təmas xəttində müxtəlif təxribatlar törədir: "Cəbhə xəttində baş verənlər Ermənistanın çıxılmaz vəziyyətdə olduğunun bariz nümunəsidir. Danışıqlar prosesi üçün kifayət qədər konkret bir mövzu ortaya çıxmışdı ki, bu da "Böyük sülh sazişi” üzərində işə başlamaqdan ibarət idi. Minsk Qrupunun həmsədrləri və digər beynəlxalq hüquq tərəfindən də bu mövqe dəstəklənir. Amma çox təəssüflər olsun ki, öz ənənələrinə sadiq qalan ermənilər tərəfindən bu reallıq qəbul edilmir və tamamilə ziddiyyətli bir mövqe nümayiş etdirilir. Odur ki, danışıqlar prosesində çıxılmaz vəziyyətə düşən Ermənistan siyasi təxribatlar və cəbhə xəttində sərhəd boyunca atəşkəsi pozub, şiddəti daha da artırmaq yolu ilə "Böyük sülh sazişi”dən yayınmaq siyasəti yürüdürlər”.

Atəşkəsi davamlı olaraq pozmaqla Ermənistanın Bakıda keçiriləcək 1-ci Yay Avropa Oyunları ərəfəsində Azərbaycanı qeyri-sabit bölgə kimi göstərməyə çalışdığını istisna etməyən XİN sözçüsü deyib ki, Ermənistan üçün daima təxribatçılıq siyasəti prioritet olub.

Atışmaların genişmiqyaslı hərbi əməliyyatlarda nəticələnmə ehtimalına gəldikdə isə H.Hacıyev xarici siyasətlə əlaqədar gələcək barəsində fikir yürütməyin düzgün olmadığını deyib: "Amma reallıq bundan ibarətdir ki, Ermənistanda hökm sürən hərbi diktatura rejimi ölkədaxili problemlərdən diqqət yayındırmaq üçün provokativ vasitələrdən istifadə edə bilərlər. Hətta xüsusi ilə qeyd etmək lazımdır ki, Ermənistan tərəfinin cəhbə xəttində törətdikləri təxribatlar məhz daxili auditoriyaya hesablanıb. Ermənistanda demoqrafik, iqtisadi, siyasi və maliyyə problemləri baş alıb gedir. Sarkisyan rejimi də əhalinin diqqətini bu problemlərdən yayındırmaq, daxili narazılıqları sakitləşdirmək üçün Dağlıq Qarabağ münaqişəsindən yararlanır”.

Cəbhədə baş verənlərlə bağlı münasibət bildirən Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlının dediyinə görə, bu il ərzində cəbhədə atəşkəs rejimi 4400 dəfədən artıq pozulub: "Düşmən daim gərginlik yaratmağa cəhd göstərir. Cari il ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttində bir neçə dəfə mövqelərimizə basqın etməyə cəhd göstəriblər. Amma hər dəfə Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı, görülən qabaqlayıcı tədbirlər və atəş gücü vasitəsilə düşmənə endirilən ağır zərbələrdən sonra itki verən işğalçılar silah və sursatı ataraq geri qaçmağa məcbur edilirlər”.

V.Dərgahlının fikrincə, gərginliyin artmasını hər hansı bir tarixlə əlaqələndirmək düzgün olmazdı: "Bununla belə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri istər özlərinin guya soyqırıma məruz qaldığı günlərin "ildönümləri”ndə, istər bizim üçün əlamətdar olan günlərdə həm işğal olunmuş ərazilərdə, həm də Azərbaycanla sərhəddə dəfələrlə cəbhə xəttində təxribat aktları törətməyə cəhd edib və hər dəfə də düşmən layiqli cavabını alaraq geri oturdulub”.

Onun sözlərinə görə, Bakıda keçiriləcək I Avropa Oyunları ərəfəsində cəbhə xəttində Ermənistan tərəfindən təxribat əməllərinə yol veriləcəyi, bölgədə vəziyyətin gərginləşməsinə cəhdlər göstəriləcəyi istisna da edilmir: "Düşmən birmənalı olaraq anlamalıdır ki, cəbhədə düşmənlə üz-üzə dayanan Azərbaycan Silahlı Qüvvələrinin bölmələri ətrafda cərəyan edən hadisələrdən asılı olmayaraq hər zaman ayıq-sayıqdır və onlara layiqli cavab verməyə hazırdırlar. Avropa Oyunları

zamanı cəbhədə bütün təxribatlara görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyacaq. Əgər belə bir hal olarsa, tərəfimizdən görüləcək cavab tədbirləri daha ciddi, sərt və qətiyyətli olacaqdır”.

Şəymən