Avakov hər istədiyini edə bilməz

Xarkovdakı hadisədə yəqin ki, monopoliyadan söhbət gedir
“Ayrı-ayrı iş adamlarının, bazar alverçilərinin məlumat verməsi məsələnin başqa tərəfidir”


Ukrayna Milli Qvardiyasının "Azov” xüsusi təyinatlıları Xarkovda azərbaycanlı iş adamlarının obyektlərinə hücum ediblər. İş adamı Vüqar Kərimoğlunun məlumatına görə, hərbçilər dekabrın 15-də axşam beş azərbaycanlı iş adamına məxsus yolka satışı məntəqəsini dağıdıb, əmlaklarını əlindən alıb. Onlar azərbaycanlıları təhqir edərək, soydaşlarımıza yolkalarını gedib Azərbaycanda satmalarını "tövsiyə” ediblər. Kərimoğlu həmçinin deyib ki, orada digər millətlərin nümayəndələrinə məxsus satış məntəqələri olmasına baxmayaraq, hərbçilər ancaq azərbaycanlılara hücum ediblər. Onlar azərbaycanlı iş adamlarını təhdid edərək, Xarkovda ticarətlə məşğul olacaqları təqdirdə öldürəcəkləri ilə hədələyiblər.

Kərimoğlu Xarkovda qanunla müəyyən edilmiş yerlərdə, icazə əsasında bizneslə məşğul olduqlarını vurğulayıb. Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev də bildirib ki, soydaşlarımız "Azov” batalyonunun özbaşınalığına dözmək niyyətində deyillər. Onun sözlərinə görə, təzyiqlərdən cana doymuş azərbaycanlılar, nəinki prokurorluğa, eyni zamanda Prezident Pyotr Poroşenkoya müraciət etmək qərarına gəliblər: "Yolka satmaq üçün sahibkarların lisenziyası ilə yanaşı, bütün sənədləri qaydasında olub. Buna baxmayaraq, hərbiçilər onları təhqir edib, yolkalarını əllərindən alıb küçədən keçənlərə paylayıblar. Bu özbaşınalıqla bağlı azərbaycanlılar hüquq-mühafizə orqanlarına müraciət ediblər”. Məlumat üçün bildirək ki, xeyli müddətdir Ukraynada azərbaycanlıların qərəzli təzyiqlərə məruz qaldığı barədə məlumatlar yayılır. Soydaşlarımızın ifadələrinə görə, azərbaycanlılara qarşı təzyiqlərin arxasında Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakov durur. 

Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Arzu Nağıyev isə deyib ki, Ukraynanın daxili işlər naziri Arsen Avakov öz istədiyi kimi siyasət yeridə bilməz: 

"Yəqin orada hansısa qərəzli münasibətlərdən, monopoliyadan söhbət gedir. Ukrayna Avropa istiqamətində irəliləyən, Qərbə inteqrasiya edən bir dövlətdir. O baxımdan daxili işlər naziri Avakovla bağlı ittihamlar o qədər də inandırıcı görünmür. Hər halda məsələni daha ciddi araşdırmaq lazımdır. Əgər Ukraynada həqiqətən soydaşlarımıza qarşı qərəzli mövqe varsa, Azərbaycan səfirliyi bununla bağlı rəsmi məlumat yaymalıdır. Ayrı-ayrı iş adamlarının, bazar alverçilərinin məlumat verməsi məsələnin başqa tərəfidir”.

İsmayıl