Avqustda əməliyyatlar yenidən başlaya bilər?

Elman Məmmədov: “Ermənistan çox böyük təşviş içindədir, aprel hadisələri onları qorxuya salıb”



Erməni əsilli rusiyalı politoloq Karine Qevorkyan Dağlıq Qarabağ münaqişəsinin gələcək perspektivi ilə bağlı yeni proqnoz verib. O bildirib ki, avqust ayında Qarabağda hərbi əməliyyatların başlanması qaçılmaz olacaq: "Ermənistan cəmiyyəti buna hazır olmalıdır”. Bununla yanaşı, K.Qevorkyan söyləyib ki, aprel döyüşlərinin başlanacağı proqnozunu yanvar ayında verib.

Ekspertin proqnozunu şərh edən millət vəkili Elman Məmmədovun sözlərinə görə, Minsk Qrupunun həmsədr ölkələri uzun illərdir deyirlər ki, münaqişənin yeganə yolu sülhdür və bunun müharibə variantı yoxdur: "Biz Azərbaycan tərəfi olaraq buna etiraz etmirik. Biz də sülh istəyirik. Arzulayırıq ki, işğalçı tərəf torpaqlarımızdan çəkilsin və ərazi bütövlüyümüz təmin olunsun. Biz də öz yurd-yuvamıza qayıdaq. Biz buna ikiəlli razıyıq. Amma məsələ burasındadır ki, həmsədrlərin fikirləri illərdir gerçəkləşmir. Ancaq kağız üzərində qalır. Torpaqlarımız bu sözlərin ümidinə qala-qala işğal altındadır. Dəfələrlə demişəm ki, nə vaxta qədər işğalçı ölkənin qoşunları ərazimizdədir, müharibə hər an başlaya bilər. Və günü-gündən daha şiddətli forma ala bilər. Bu, qaçılmazdı. Çünki Azərbaycanın qarşısında bir məqsəd var. Ali Baş Komandanımız İlham Əliyev bütün daxili və xarici tədbirlərdə bəyan edir ki, biz torpaqlarımızı işğal atında qoymayacağıq. Ərazi bütövlüyümüzü təmin edəcəyik. Ancaq istəyirik ki, məsələ vasitəçilərin, beynəlxalq təşkilatların köməkliyi ilə dinc yolla tənzimlənsin. Bu olmayandan sonra başqa yollara əl atacağıq. Burada hərb variantı istisna olunmur”.

Ermənistanın çox böyük təşviş içərisində olduğunu söyləyən parlament üzvü hesab edir ki, aprel hadisələri onları qorxuya salıb: "Görürlər ki, Azərbaycan ordusu günü-gündən güclənir. Azərbaycan ordusu özünün müdafiə qabiliyyətini artırır və hərbi arsenalını yeniləyir. Düşmənin isə buna gücü çatmır. O, havadarlarından bağışlama və kredit yolu ilə köhnə silahlar almaqla torpaqlarımızı işğal altında saxlaya bilməz. Əgər düşmən tərəf torpaqlarımızdan çıxmasa, təbii ki, Azərbaycan öz ərazilərində anti-terror əməliyyatı aparacaq. Vəssalam. Terror təşkilatlarını təmizləyəcəyik. Ancaq bunun nə vaxt olacağını deyə bilmərik. Bildiyim bir şey var ki, düşmən torpaqlarımızdan çıxmasa, biz onu ərazilərimizdən çıxardacağıq. Bu da hərbi güc tətbiq etməklə mümkün olacaq”.

Ayyət Əhməd