"Tələbə təqaüdlərinin verilmə mexanizmi ilə əlaqədar şikayətləri əsassızdır”.
Bu barədə "Sherg.az”a tarixçi-alim, təhsil eksperti Kamran Əsədov bildirib.
O vurğulayıb ki, abituriyentlərin yüksək bal toplaması onlara ödənişsiz təhsil almaq hüququ verir:
"Kimsə 650 balla ali məktəbə qəbul olursa, ödənişsiz təhsil ala bilir. Sosial ədalət prinsipinin qorunması üçün tətbiq edilən yenilik normal hesab olunur. Təhsil haqqı ödəyən tələbələrin oxuması üçün də stimul lazımdır. Məsələn, kimsə dünya rekordunu qırıbsa, başqasına deyə bilməz ki, sən təzələmə.

Tələbələr də qəbul imtahanlarındakı göstəricini saxlamaq üçün daha artıq oxumalıdırlar. Ödəniş ödəyib, ödəməməsindən asılı olmayaraq, hər kəsə təqaüd almaq şansının verilməsi semestr imtahanları nəticələrinin ümumi səviyyəsini kifayət qədər yüksəldib. Ali məktəblərdə rəqabət mühiti də formalaşdırılıb, artıq ödənişli, ödənişsiz oxuyan hər kəs yaxşı oxumağa çalışır.
Avropa ölkələrində tələbələrə heç təqaüd də verilmir. Avropalı tələbələr müəyyən qrant müsabiqələrinə hazırlaşır, layihələr hazırlayıb, qrant alırlar. Beləliklə, onlar sosial problemlərini həll edə bilirlər”.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə tələbələrin təqaüdlərlə bağlı narazılığının şahidi oluruq. Bəzi tələbələr düşünür ki, ödənişsiz oxuyan bəzi tələbələrin akademik göstəriciləri nisbətən zəif olduğu üçün təqaüddən kənarda qalması düzgün deyil.
Aysel Aslan