Avropa qurumları erməni mahnılarıyla eksperiment aparır

Akif Nağı: “Artıq çox ciddi ölçü götürmək lazımdır”

Bir neçə gün əvvəl Bakıda taksi sürücüsünün erməni mahnısına qulaq asdığı yerdə video görüntüsü yayılıb. Yayılmış video sürücünün qınaq obyektinə çevrilməsinə səbəb olub.

"Ermənilər bizim mahnıları oğurlayıb öz adlarına çıxarırlar, sən isə burada onların mahnılarına qulaq asırsan”. Sərnişin bu sözləri dedikdən sonra isə taksi sürücüsü mahnını söndürüb.
Baş verən hadisənin ictimaiyyətdə geniş müzakirə edilməsinə baxmayaraq sürücünün nəyə görə belə bir addım atması bəlli deyil.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı baş verənlərlə bağlı "Şərq”ə açıqlamasında bildirib ki, Ermənistan Azərbaycana qarşı təcavüzün bütün formalarından istifadə edib. Həm torpaqlarımızı zəbt ediblər, həm də mədəniyyətimizi, musiqimizi həyasızcasına oğurlayıblar: "Ermənistanla olan münasibətlərdə məsafələr gözlənilməlidir. Hərdən rus filmlərinə baxıram, orada "Köçəri” mahnısını öz mahnıları kimi təqdim edirlər. Ona görə də belə hadisələr zamanı diqqətli olmaq lazımdır.

Bir müddət öncə də buna bənzər video var idi. Bu videolar Avropa qurumlarının eksperimenti idi. Eksperiment zamanı erməni mahnılarını Azərbaycanda taksilərə qoyurdular və oturan sərnişinlərin reaksiyasını yoxlayırdılar. Eynilə İrəvanda da Azərbaycan xalq mahnılarını qoyub onların nə cür hərəkət edəcəklərini nəzərdən keçirirdilər. Amma hər halda belə eksperimentlər aparmağın heç bir mənası yoxdur. Müəyyən mənada baş verən hadisə sadəcə bir eksperimentdirsə Azərbaycanın müəyyən hüquq-mühafizə orqanları tərəfindən qarşısı alınmalıdır. Yox əgər eksperiment deyilsə, kimsə doğrudan da həyasızcasına erməni mahnısını təbliğ eləməyə çalışırsa, artıq çox ciddi ölçü götürmək lazımdır”.

Yeganə Bayramova