Avropaya köçüb, “əjdahaya” dönənlər...
Bu anti-azərbaycanlılar hələ anlamayıblar ki, sığındıqları ölkələrdə siyasi mübarizə söyüşlə deyil, mədəniyyətlə aparılır
Ölkəmizin milli maraqlarını, Avropaya "mühacir” adı ilə sığınaraq, ermənipərəst qüvvələrə satan, bununla yetinməyərək, xaricdəki erməni lobbisinin təsir dairəsində olan həmvətənlilərimizin son günlər yürütdüyü siyasət söyüş siyasətinə çevrilib. Avropadan ölkəmizə qarşı qarayaxma kampaniyaları aparmaqda davam edən bu insanlar tənqidlə təhqirin yerini səhv salıblar.
Hər gün sosial şəbəkələr və əllərində olan saytlar vasitəsi ilə Azərbaycan mənəvi dəyərlərini, ictimai-siyasi şəxsləri açıq-aşkar söyməklə məşğuldurlar. "Demokrat” olduqlarını iddia edən bu anti-azərbaycanlılar hələ anlamayıblar ki, sığındıqları Avropada belə siyasi mübarizə söyüşlə deyil, mədəniyyətlə aparılır. Söyüş oturduqları Avropada belə cılız yanaşma anlamına gəlir.
Təbii ki, "mühacir” tayfasının söyüş siyasəti ölkəmizdə ictimai-siyasi şəxsləri hiddətləndirməyə bilməz.
Millət vəkili Fəzail Ağamalı deyir ki, bizim milli adət-ənənələrimiz var:
"O adətə görə, mübarizə aparılanda da, bu, kişiyana edilməlidir. Düşmən bildiyin insana belə söyüşdən istifadə etmək, kişiyə yaraşmaz. Hansısa məmurdan xoşun gəlməyə bilər. Amma həmin xoşun gəlməyən insanın şərəf və ləyaqətini alçaldıcı ifadələr işlətməməlisən. Bu, mübarizə yox, cılızlıq, zəiflik əlamətidir. Bu, yolverilməz haldır. Tövsiyyə edirəm ki, cəmiyyətdə söyüş ab-havasından əl çəksinlər. Çünki belə haldan ilk növbədə özləri əziyyət çəkəcəklər”.
Deputat saxta mühacir adı ilə xaricə gedib, orada erməni lobbisinin, erməni kəşfiyyatının təsiri ilə Azərbaycana qarşı qarayaxmada iştirak edən insanlara əslində acıdığını bildirib: "Onlar həm də yazıq insanlardırlar. Ermənistanın, ermənilərin xalqımızın başına hansı müsibəti gətirdiyini bu insanlar görmürlərmi? Erməniləri necə tərifləmək olar? Bu, ancaq satqın, Vətənə xəyanət edən insanlardan gözləmək olar. Görünür, həmin o adlarını belə çəkmək istəmədiyim insanlar xəyanətkarların böyüyüdürlər. Lakin Azərbaycanda onların fikrinə dəstək yoxdur. Onları kimsənin dəstəkləyəcəyinə kimsə inanmır. Bizim xalq mənəvi dəyərlərə hörmət edən xalqdır. Ağzının danışığını bilməyən insanlara xalqımız nə fikir verir, nə də dəstək”.
"Siyasi mübarizəni normal qəbul edirəm, harada seçki varsa, orada müxtəlif siyasi qütblərin mübarizəsi də var. Amma mübarizəni kişi kimi aparmaq lazımdır. Təhqiramiz ifadələr heç kimə başucalığı gətirmir”. Bu sözləri isə digər millət vəkili Adil Əliyev deyib. O bildirib ki, indi Avropada oturub ağzına gələni danışanlar burada olanda səslərini çıxara bilməyənlərdir: "Avropaya köçdünüz, "əjdahaya” dönüblər, hamıya ağıl qoymağa çalışırlar, xoşlarına gəlməyən insanları təhqir edirlər. Əllərinə meqafon alıb özləri ağılda 3-4 nəfərlə Azərbaycanın səfirlikləri qarşısında bağırırlar. Başa düşürəm, Avropada oturum haqqı almağın ağır şərtləri var və bəziləri bu haqqı almaq üçün isbat eləməlidirlər ki, guya onları Azərbaycanda siyasi fikirlərinə görə təqib ediblər, nahaq yerə həbsə atıblar. İndi də Avropada ona görə qışqırıb-bağırırlar ki, avropalı məmurları Azərbaycanı siyasi səbəblərə görə tərk etdiklərinə inandıra bilsinlər. Amma avropalı məmurlar son illər xeyli təcrübə qazanıblar, bilirlər ki, bu kimi "izahların” çoxu sənədləri kimi saxtadır. Təsadüfi deyil ki, son aylarda oturum almağın ən ağır olduğu Almaniyada neçə-neçə azərbaycanlını geri qaytarmağa qərar veriblər. Belələri hansı üzlə geri qayıdacaqlar? Axı, yalanları üzə çıxacaq, ona görə də eyvana çıxıb özünü atmaq istəyən və bununla almaniyalı məmurları hədələyənlər də var. Bir ölkəni qeyri-leqal şəkildə başqası ilə əvəz edib qabyuyan işləməyə hazır olan da az deyil. Nə deyim, bu, onların öz seçimidir. Bizim seçimimiz isə vətənimizdə yaşayıb ölkəmizi inkişaf etdirmək, torpaqlarımızın işğaldan azad ediləcəyi günü yaxınlaşdırmaq və məmləkətimizdə problemlər varsa, onların həllinə nail olmaqdır”.
A.Əliyev deyir ki, onların əksəriyyəti ermənilərin Azərbaycana qarşı apardığı təxribat siyasətinin alətinə çevrilmiş insanlardırlar:
"Erməni lobbisində olan ağaları göstəriş verirlər, bunlar da həyata keçirirlər. Yəqin ki, indi erməni dostları bunlara açıq söyüş söymək göstərişi verib. Amma onu da deyim ki, nə yaxşı ki, qürbətdə yaşayan azərbaycanlıların içərisində ölkəsini sevən, Azərbaycan prezidentinin siyasətini dəstəkləyən, erməni lobbisi ilə mübarizə aparan soydaşlarımız çoxluq təşkil edir. Çünki onlar saxtakar vətənpərvərlərdən fərqli olaraq, prezidentin bütün ölkəni və milləti təmsil etdiyini anlayır, prezidentə qarşı deyil, Azərbaycanın düşmənlərinə qarşı mübarizə aparırlar. Mən onların bir çoxunu şəxsən tanıyıram, Avropa ölkələrinə səfərlərim zamanı onlarla görüşüb fikir mübadiləsi aparmışam və erməni lobbisi ilə mübarizədə mümkün olan kömək və dəstəyimi də əsirgəməmişəm”.
Anar