Az iş görülməyib

Amma qarşıda struktur islahatlarının daha mühüm bir mərhələsi durur



Büdcədən maliyyələşdirilən mərkəzi icra orqanlarının sayının azaldılması və oxşar profilli idarəetmə orqanlarının birləşdirilməsi istiqamətində mütəmadi olaraq işlər aparılır. Bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə həmçinin qeyd edilib ki, dövlət idarəetmə strukturlarının optimallaşdırılması, idarəetmədə təkrarçılığın və paralelliyin aradan qaldırılması, büdcədən maliyyələşdirilən mərkəzi icra orqanlarının sayının azaldılması, oxşar profilli idarəetmə orqanlarının birləşdirilməsi, çoxpilləli idarəetmə quruluşunun ləğv edilməsi, inzibati xərclərin azaldılması, bu sahədə dövlət büdcəsinin vəsaitlərinin səmərəli istifadə edilməsi məqsədi ilə dövlət büdcəsi xərclərinin tərkibində idarəetmə xərclərinin xüsusi çəkisinin azaldılması istiqamətində mütəmadi olaraq işlər aparılır. Nazirlər Kabinetinin hesabatı Milli Məclisin martın 16-da keçiriləcək plenar iclasda müzakirə olunacaq.

Qeyd edək ki, son illərdə bir sıra nazirliklərin və komitələrinin, habelə, yerli icra orqanlarının sayının azaldılması, onların bəzilərinin ləğv edilməsi, təşkilati-hüquqi formasının dəyişdirilməsi, birləşdirilməsi həyata keçirilib.

İqtisad elmləri doktoru, professor Fikrət Yusifovun sözlərinə görə, həyata keçirilən struktur islahatları yalnız hansısa qurumların ləğv edilməsi, ixtisarı və birləşdirilməsi yolu ilə dövlət büdcəsinin vəsaitlərinə qənaət olunması anlamına gəlmir: 

"Bu islahatların əsas fəlsəfəsi xərclərə qənaət etmək deyil, idarəçiliyin maksimum sadələşdirilməsi yolu ilə onun effektivliyini təmin etməkdən və təkmil idarəçilik vasitəsilə iqtisadiyyatda daha ciddi uğurlar qazanmaqdan ibarətdir. Dövlət idarəetmə aparatının işi elə təşkil olunmalıdır ki, o, özünə aid məsələləri az vaxt ərzində yüksək keyfiyyətlə həll edə bilsin. İstənilən məsələnin həllində tələb olunan başlıca şərt ona sərf edilən zaman və keyfiyyətdir. Məsələlərin həlli zamanı bu iki göstəriciyə əməl olunursa, o halda idarəçiliyin optimal bir səviyyədə təşkil edildiyini demək mümkündür. Hər bir ölkədə dövlət idarəçiliyinin təşkilinin özünəməxsus xüsusiyyətləri olur. İnkişaf etmiş ölkələrin bu məsələdə yaxşı təcrübələri var. Lakin hansısa bir ölkənin təcrübəsini olduğu kimi tətbiq etmək doğru addım sayıla bilməz.

 Hər bir ölkədə idarəçiliyin təşkilində yerli, milli və digər xüsusiyyətlər tam nəzərə alınmalıdı”.
Son iki ildə struktur islahatları sahəsində Azərbaycan hökumətinin bir çox işlər gördüyünü vurğulayan professor deyib ki, bu sıraya bəzi nazirlik və komitələrin, dövlət şirkətlərinin ləğvini, bir sıra hallarda onlardan bəzilərinin funksiyalarının digər müvafiq qurumlara verilməsini, vətəndaşlara xidmət göstərilməsini tam sadələşdirmək və bu işdə bütün neqativləri aradan qaldırmaq məqsədilə bir çox xidmət sahələrinin "ASAN xidmət”ə ötürülməsini, əhaliyə pullu xidmət göstərən bəzi qurumların publik hüquqi şəxslərə çevrilməsini, müasir iqtisadi şəraitin tələblərinə cavab verən bir sıra yeni qurumların yaranmasını aid etmək olar: 

"Bu, az iş deyil. Lakin qarşıda struktur islahatlarının daha mühüm bir mərhələsinə keçmək qədər ciddi bir proses durur. Bu mərhələdə söhbət artıq böyük nazirlik və dövlət komitələrinin hər hansı bir formada birləşdirilməsindən və ya onların tərkibindən hansısa strukturların çıxarılaraq müstəqil bir qurum kimi təsbit edilməsindən gedir”.

Şəymən