“Əməliyyatlar olduqca sürətli və genişmiqyaslı olmalıdır ki, gözləmədiyimiz hərbi-siyasi maneə ilə rastlaşmayaq”
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən iyun ayının 19-dan döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.
Təlimlərə 23 min nəfərədək şəxsi heyət, 120-dək tank və zirehli texnika, 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq.
Təlimlər iyunun 24-dək davam edəcək.
Qeyd edək ki, təlimlər öncəsi cəbhə xəttində vəziyyət gərginləşib. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və piyadanın döyüş maşınından (1 mərmi) da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 129 dəfə pozub. Şəhidimiz var. Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Şahvələdov Sultan Niyaz oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib və səbr diləyib. Təlimlərlə cəbhədəki gərginliyin üst-üstə düşməsi cəmiyyətdə yenidən müharibə ab-havası yaradıb. İddialara görə, gərginlik davam edəcəyi halda hərbi təlimlərin genişmiqyaslı əməliyyatlara keçməsi istisna deyil.
Hərbi-siyasi icmalçı Ramil Məmmədli isə "Şərq”ə açıqlamasında son iki ildə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki gərginliyin heç zaman azalmadığını deyib:
"Sadəcə 2016-cı ildə gərginlik pik həddə çatdı və məlum aprel döyüşləri baş verdi. Aprel döyüşlərindən sonra münaqişənin sülh yolu ilə həll olunmasına dair müəyyən gözləntilər olsa da, bu olmadı, Ermənistan sülh danışıqlarından faktiki olaraq yayındı. Buna rəğmən düşmən ordusu yenə də cəbhədə vəziyyəti gərgin saxlamaqda maraqlıdır. Təmas xəttində baş verən hadisələr - təxribatlar, bunun nəticəsində hər iki tərəfdə həlak olanların olması da bunun nəticəsidir”.
O ki qaldı prosesin aktiv hərbi əməliyyatlar müstəvisinə keçməsinə, R.Məmmədli bunun üçün Azərbaycan tərəfinin bütün səlahiyyətlərə malik olduğunu deyib:
"Yəni Azərbaycan işğal edilən və separatçı-cinayətkar rejim yaradılan ərazilərinə sahib olmaq üçün hərbi əməliyyatlara başlaya bilər. Ancaq burada bəzi məqamlara diqqət etmək lazımdır: Azərbaycan bölgədəki və dünyadakı mövcud siyasi prosesləri öz xeyrinə dəyişməlidir;
Ermənistanın dostlarının Azərbaycana qarşı addım atmasına şans verilməməlidir;
Əməliyyatlar olduqca sürətli və genişmiqyaslı olmalıdır ki, gözləmədiyimiz hərbi-siyasi maneə ilə rastlaşmayaq”.
İcmalçı hesab edir ki, bu meyarlar nəzərə alınmaqla Azərbaycan qələbə əldə edə bilər:
"Müşahidələrə əsasən deyə bilərəm ki, yaxın zamanlarda Dağlıq Qarabağ müharibəsinin başlanması ehtimalı gözlənilən deyil, ancaq təmas xəttində proses gərginləşməkdə davam edəcək. Bu gərginliyin aktiv hərbi əməliyyatlar müstəvisinə keçməsi məsələsi isə ehtimal olunmur. Yəni 2017-ci ildə Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar olmayacaq”.
Şəymən