“Azərbaycan” Cümhuriyyətin bizə əmanətidir

Bu qəzet şərəfli tarixi missiya həyata keçirib




Demokratik ideallara bütün varlığı ilə can atan Azərbaycan xalqı tarix boyu ədalətə, qanunun aliliyinə əsaslanan sivil cəmiyyətdə yaşayaraq daxili azadlığını, təbii və qazanılmış hüquqlarını buxovlayan bütün sədlərə qarşı amansız mücadilə aparıb, hüquqi dövlətə qovuşmaq arzusu ilə yaşayıb. XX əsrin əvvəllərində - 1918-ci ilin mayında dünyada cərəyan edən mürəkkəb və ziddiyyətli proseslərin məntiqi nəticəsi olaraq əsrlər boyu qəlbində qubar salmış istiqlaliyyət və azadlıq kimi ali idealları gerçəkliyə çevirən xalqımız müstəqil yaşamaq, özünü sərbəst idarə etmək iqtidarında olduğunu bir daha sübuta yetirib.

Müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlətin məhz Azərbaycanda elan olunması, yüksək sosial-mədəni, iqtisadi tərəqqiyə, vətəndaş cəmiyyətinin formalaşmasına xidmət edən çoxşaxəli islahatların məhz bu dövlətdə praktik həyata vəsiqə alması, həm də xalqımızın zəngin mənəvi aləmə, yüksək milli qürura, yenilikçi düşüncə tərzinə malik olmasının təcəssümüdür.

Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ilk gündən xalqın istiqlal və azadlıq əzminin nəticəsi olaraq əldə olunmuş müstəqilliyi qoruyaraq inkişaf etdirməyi, səmərəli sosial-iqtisadi islahatların həyata keçirilməsi yolu ilə xalqın firavan həyat tərzinə nail olmağı, hər bir fərdin qanuni maraq və mənafeyinin müdafiəsində dayanmağı qarşıda mühüm vəzifələr kimi müəyyənləşdirib. Milli hökumət ilk gündən Azərbaycan ətrafında mövcud olan informasiya blokadasını yarmağa, respublikanı dünya miqyasında tanıtmağa çalışır, eyni zamanda fəaliyyəti haqqında xalqı məlumatlandırmağa ciddi ehtiyac duyub. Müstəmləkəçilik siyasətinin əsl mahiyyətini dərk edən ziyalılarımız bu çətin mücadiləni sona çatdırmaq üçün azad tribunaya - milli ideyalarla "silahlanmış” mətbuata ehtiyac olduğunu başa düşüblər. Təsadüfi deyil ki, Azərbaycanın istiqlaliyyətinin bəyan edilməsindən az sonra hökumət rəsmi mətbuat orqanı yaratmaq qərarına gəldi, bu istiqamətdə ardıcıl addımlar atmağa başladı. Nəhayət, maliyyə problemlərini dəf edən hökumət 1918-ci il sentyabrın 15-də - Bakının bolşevik-daşnak

qoşunlarından təmizləndiyi gün Gəncədə rəsmi dövlət orqanı "Azərbaycan”ın ilk sayının çapdan çıxmasına nail olub. "Azərbaycan” həmin dövrə qədər çap olunan bir çox qəzetlərdən fərqli olaraq tarixi bir missiyanı həyata keçirir, gənc, müstəqil Azərbaycan dövlətinin həyatında baş verən ictimai-siyasi və iqtisadi prosesləri işıqlandırır, hökumətin rəsmi mövqeyini ifadə edib. Mürəkkəb dövrdə işıq üzü görən qəzet ilk gündən milli azadlıq və müstəqillik məfkurəsinin, demokratik, hüquqi, dünyəvi dövlət ideyalarının ictimai şüurda möhkəmlənməsinə, xalqın öz təbii hüquqlarını dərk etməsinə və onların təmini üçün mübarizə aparmasına çalışıb. Həmin dövrdə ölkədə söz və mətbuat azadlığı üçün mövcud olan münbit durum "Azərbaycan”ın müstəqil fəaliyyətini, mövcud problemlərə cəsarətli, açıq və obyektiv yanaşmasını təmin edib. Bir sıra nüfuzlu ziyalıların nəzəri məqalələrinə, çıxışlarına əhatəli yer verən qəzet fəaliyyətindəki demokratizm elementləri ilə qısa müddətdə geniş oxucu auditoriyasının rəğbətini qazanmağa müvəffəq olub. Azərbaycan Xalq Cümhuriyyətinin siyasi xəttini təbliğ edən "Azərbaycan” cəmiyyətində qanunların aliliyi, sivil və hüquqi rejimin bərqərar olması, insanların azad, sərbəst yaşaması kimi məsələlərdə birmənalı mövqe tutur, vətəndaşların mənafeyinə xidmət edən qanunları, fərmanları, əmr və sərəncamları alqışlayır, səhifələrində daim onların şərhinə yer verib.

Hökumətin mahiyyətcə demokratik və hüquqi rejim olduğunu onun qısa müddətdə qəbul etdiyi fundamental qərarlar bir daha təsdiqləyir. Bu gün hüquq ictimaiyyəti parlamentin, eləcə də daxili işlər, prokurorluq, ədliyyə, milli təhlükəsizlik orqanlarının əlamətdar yubileylərini qeyd edərkən Xalq Cümhuriyyətinin bu yöndəki xidmətlərini ehtiramla yada salırlar. "Azərbaycan” rəsmi mətbuat orqanı kimi o illərdə ölkədə demokratikləşmə və hüquqi dövlət quruculuğu naminə həyata keçirilən tədbirlərə geniş yer ayırır, hökumətin qəbul etdiyi qərarlar, fərmanlar, sərəncamlar barədə məlumatlar dərc edib.

Parlamentin iclaslarını da işıqlandıran qəzet Azərbaycanda bütün xalqların bərabər hüquqlara malik olduğunu yazır, vətəndaşların hüquq və azadlıqlarının qorunması məsələlərini dövlətin ali məqsədi kimi önə çəkib. Qəzet hökumətin 1918-ci il dekabrın 26-da Azərbaycan Parlamentində qəbul edilmiş bəyannaməsini operativ surətdə çap edib. Bəyannamədə deyilirdi: "İstiqlaliyyət və müstəqillik əldə etmək bu ölkədə yaşayan başqa xalqların və millətlərin heç də milli hüquqlarına xələl gətirməyəcək. Hər bir millət hiss etməlidir ki, onun hüququ başqa millətlər kimi mühafizə edilir. Hər bir ölkə o zaman inkişaf edə bilər ki, onun bütün vətəndaşları eyni hüquqlara malik olsun”.

"Azərbaycan” qəzeti 1918-ci ilin sentyabrında Bakı Dövlət Universitetinin yaranmasını, eləcə də sonrakı mərhələdə bu ali təhsil ocağında hüquq fakültəsinin yaradılmasını ölkənin ictimai-siyasi həyatında əlamətdar hadisələrdən biri kimi qiymətləndirib. Xüsusi vurğulayıb ki, universitetdə hüquq elminin tədrisinə başlanılması özünü ciddi zərurət, sosial-ictimai tələbat kimi göstərib. "Azərbaycan” qəzeti hökumətin bu addımını dəstəkləyir, ölkədə hüquqşünas kadr hazırlığının vacibliyini qətiyyətlə önə çəkirdi.

M.Ə.Rəsulzadə qəzetdəki məqalələrində cümhuriyyətin fəaliyyətini Azərbaycan üçün çox qiymətli dövr kimi səciyyələndirərək yazıb: "İnkişafa meyilli olduqlarını göstərmək üçün bu, kafi deyilmi ki, ilk türk dramaturqu azərbaycanlı, ilk türk bəstəkarı azərbaycanlı, Rusiya türkləri arasında ilk qəzet yaradıcısı azərbaycanlı, məzhəb ayrı-seçkiliyini ilk olaraq ortadan qaldıran yenə azərbaycanlı, əlibfa islahatını düşünən azərbaycanlı, nəhayət, islam aləmində ilk dəfə cümhuriyyət elan edən də azərbaycanlıdır”.

Həmin dövrdə hökumətin diqqət mərkəzində olan vacib məsələlərdən biri də Ermənistan və Gürcüstanla dövlət sərhədlərinin dəqiqləşdirilməsi idi. Həmin dövrdə "Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan Ararat Respublikası öz qonşularına, xüsusən də Azərbaycana qarşı böyük ərazi iddiaları ilə çıxış edir, əsassız tələblər irəli sürürdü. Dövlətin və xalqın mənafeyindən çıxış edən "Azərbaycan” öz səhifələrində bu cəfəng iddialara, yersiz tələblərə kəskin münasibətini bildirib, bədnam qonşularımızın hüquqi cəhətdən əsassız olduqlarını yazıb. Həmin dövrdə hökumətin bu məsələlərlə bağlı qəbul etdiyi etiraz bəyanatları, notaları da məhz rəsmi dövlət orqanında öz əksini tapıb.

Həmin dövrdə ermənilərin Azərbaycana qarşı apardıqları məkrli siyasət xalqın milli ruhlu ziyalılarını da dərindən narahat edib, qayğılandırıb. Görkəmli publisist və yazıçı Yusif Vəzir Çəmənzəminli "Azərbaycan” qəzetinin 29 iyul 1919-cu il tarixli sayında dərc olunmuş "Ermənistan və biz” adlı məqaləsində bədnam qonşularımızın məkrli niyyətlərini ifşa edərək yazıb: "Böyük Ermənistan” xəritəsini gördüm. Üç dəniz arasında təşəkkül edəcək imiş, ağ, qara və Xəzər dənizləri arasında xəritədə Gəncə, Lənkəran, Salyan, Təbriz, Marağa və başqa şəhərlər də Ermənistana daxil edilib. Əgər bu xəritə erməni milli amalının şəklisə, onda erməni məsələsi yenə bir çox münaqişə və mücadiləyə səbəb olacaq, həlli yenə də kağız üzərində qalacaq. Halbuki bu, Qafqazda asayişin təmini məsələsinin etnoqrafik dairədə həll olunması ilə mərbuddur”.

1919-cu ilin ikinci yarısında Azərbaycan Parlamentinin ölkə həyatının demokratikləşdirilməsi istiqamətində atdığı addımlar da "Azərbaycan”ın diqqət mərkəzində olub.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə kişi və qadınların bərabər hüquq və azadlıqlarının təmini məqsədilə digər mühüm addımlar da atılıb. Gender problemlərini tənzimləyən, insanların bərabər hüquq və azadlıqlara malik olmasını təmin edən bu qərarlar "Azərbaycan”ın səhifələrində geniş təhlil edilir, müsbət hal kimi dəyərləndirilib. Ümumiyyətlə, bugünün zirvəsindən baxdıqda, bir daha aydın olur ki, qəzet o dövrdə xalqın demokratik ideallara bağlılığını öz fəaliyyətində bütün dolğunluğu ilə əks etdirərək, hüquqi dövlət ideyasını təbliğ edib.

Azərbaycan Demokratik Respublikasının süqutundan sonra ölkədən köçmək məcburiyyətində qalan Ceyhun bəy Hacıbəyli öz mühacirlik həyatında da eyni adlı qəzet buraxmağa çalışıb və 1951-ci ildə buna Münhendə (Almaniyada) nail olub.

AXC-nin süqutundan sonra "Azərbaycan”ın nəşri məlum səbəblərdən dayansa da, respublikamız ikinci dəfə müstəqillik əldə etdikdən sonra fəaliyyətini bərpa etmiş, tarixi ənənələrə söykənərək milli dövlətçilik, müstəqillik ideyalarının cəmiyyətdə möhkəmlənməsinə çalışıb.

1991-ci ildə respublikamızda rəsmi parlament qəzeti təsis edilərkən Qarabağa Xalq Yardımı Komitəsinin bu adda qəzeti çıxdığından onu "Azərbaycan” adlandırmaq mümkün olmayıb. Nəşrə ilk "Azərbaycan”la eyni dövrdə çıxan, onun redaktor və müəlliflərinin əməkdaşlıq etdiyi "Həyat” qəzetinin adı verilib. 444 nömrədən sonra isə (23 sentyabr 1992-ci ildə) Azərbaycan Respublikasının parlament orqanına öz adı - "Azərbaycan” qaytarılıb.

Dövlət quruculuğu prosesini səhifələrində bütün çalarları ilə əks etdirən qəzet xalqın müstəqillik salnaməsinə çevrilmiş, rəsmi dövlət orqanı kimi dövlətin siyasətinin xalqa düzgün və hərtərəfli çatdırılmasında mühüm rol oynayıb. 1993-cü ildən ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ölkədə qanunçuluğun, ictimai-siyasi sabitliyin təminatı, dövlətçiliyin cinayətkar qəsdlərdən qorunması, ümumiyyətlə, müstəqilliyin möhkəmləndirilməsi istiqamətində atılan addımlar "Azərbaycan”ın səhifələrində geniş yer alıb, qəzet fəaliyyəti ilə ictimaiyyətin diqqətini ümummilli problemlərin həllinə istiqamətləndirə bilib. Dövlətçiliyə qarşı yönəlmiş cinayətkar qəsdlər zamanı "Azərbaycan” öz sözü ilə dövlətçiliyimizin, milli müstəqilliyimizin keşiyində duran yeganə rəsmi mətbuat orqanı kimi baş verənlərin əsl mahiyyətini xalqa çatdırmaqda, məkrli qüvvələrin iç üzlərini, qara niyyətlərini açıb göstərməkdə misilsiz rol oynayıb.

Mətbuat orqanı üçün tələb olunan mühüm keyfiyyətlərdən biri də onun konkret mövqeyə, dəyişməz, sabit kursa malik olmasıdır. Bu mənada "Azərbaycan” respublikada işıq üzü görən bir çox qəzetlərdən məhz dövlətə, xalqa, onun rəhbərinə sadiqliyi ilə seçilib. Azərbaycanın uğurlarına sevinən qəzet ölkədəki prosesləri obyektiv işıqlandırmağa, qazanılan nailiyyətlər barədə oxuculara məlumat verməyə çalışıb. Qəzet jurnalistika prinsiplərinə ciddiliklə riayət etdiyindən onun səhifələrində əksini tapmış faktlar mötəbərliyi ilə seçilib, eyni zamanda oxucular dürüst mənbə kimi məhz rəsmi dövlət orqanının məlumatlarına istinad ediblər.

Azərbaycanda dövlət quruculuğu prosesi ilə bağlı bir sıra mühüm hadisələr ətrafında ictimai diskussiyalar, sanballı müzakirələr məhz "Azərbaycan” qəzetində açılıb, ayrı-ayrı mütəxəssislər, alimlər qəzetin səhifələrində sanballı məqalələrlə çıxış ediblər.

Qəzet eyni zamanda Milli Məclisin orqanı kimi fəaliyyətini yeni dövrün tələblərinə uyğun qurmağa, oxucu auditoriyasının artan tələblərini nəzərə almağa çalışır. Milli Məclisin, onun ayrı-ayrı komissiyalarının iclaslarını müntəzəm olaraq səhifələrində işıqlandıran qəzet qəbul edilmiş qanunlar, habelə qərar, fərman və sərəncamları operativ şəkildə dərc edir. Ümumiyyətlə, rəsmi məlumatlarla tanış olmaq istəyən hər bir vətəndaş zəngin ensiklopedik mənbə kimi məhz "Azərbaycan”a üz tutur.

Tam əminliklə demək olar ki, "Azərbaycan” qəzeti bu gün çağdaş tariximizi obyektiv şəkildə qələmə alan, cəmiyyətdə yüksək sanbalı, nüfuzu, mövqeyi ilə seçilən mətbuat orqanıdır.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb