Qara dəniz akvatoriyasında 4,5 bal gücündə təkrar yeraltı təkanlar baş verib.
APA RBK-ya istinadən xəbər verir ki, bu barədə Soçi meri Andrey Proşunin “Telegram” kanalında bildirib.
“Saat 16:05-də Soçi sahilindən 23 km məsafədə Qara dəniz akvatoriyasında təkrar təkanlar baş verib. Seysmoloqlar 4,5 bal gücündə olduğunu bildirirlər”, - mer vurğulayıb.
Onun sözlərinə görə, Soçidə xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur, təkanlar infrastruktur obyektlərinə təsir etməyib, onlar normal rejimdə işləyirlər.
Qeyd edək ki, Soçi seysmik risk zonasında yerləşir, şəhərdə vaxtaşırı 3-4 bal gücündə yeraltı təkanlar olur.
Bu gün Soçidə 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Episentr Soçidən 27 km məsafədə yerləşib. Yeraltı təkanlar bir neçə saniyə davam edib, hiss olunub.