Azərbaycan-Ermənistan XİN başçılarının görüşü nə vəd edir ? ! - ŞƏRH

İlqar Vəlizadə:"Ermənistan çalışır, gündəlikdə atəşkəsin pozulmamasını saxlasın. Azərbaycan isə bunun digər məsələlərlə birlikdə müzakirəsinə və konkret qərarlar çıxarılmasına çalışır"



"Xarici işlər nazirlərinin görüşünün nə dərəcədə məsuldar olacağı sual altındadır".

Bunu "Sherg.az"a ATƏT-in Minsk qrupunun Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü haqqında planlarından danışarkən politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, bundan əvvəl baş tutan prezidentlərin görüşü danışıqların çətin şəraitdə keçdiyini ortaya qoydu:

"Ermənistan çalışır ki, danışıqların nəticəsini heçə endirsin. Son görüş də onu göstərir ki, müəyyən razılaşmalar olsa da, Ermənistan buna əməl etməyə tələsmir. Çünki onlar vəziyyətin bu cür qalmasında maraqlıdırlar. İstənilən halda, XİN rəhbərləri görüşüb, müəyyən məsələləri müzakirə etsə də, güman ki, münaqişənin həllinə dair irəliləyiş olmayacaq.

Əslində təkliflər bəllidir. Ermənistan çalışır, gündəlikdə atəşkəsin pozulmamasını saxlasın. Azərbaycan isə bunun digər məsələlərlə birlikdə müzakirəsinə və konkret qərarlar çıxarılmasına çalışır. Hansı xəttin qalib gələcəyini isə zaman göstərəcək".

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı oktyabrın 16-da Cenevrədə keçirilən sammitin yekunlarını nəzərə alaraq, həmsədrlər bu ilin sonuna kimi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyi planlaşdırırlar.

Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov isə noyabrın 16-da Moskvada həmsədrlərlə görüşəcəyini bildirib.

Aysel Aslan