"Azərbaycan Ermənistanın nazı ilə çox oynamayacaq"- EKSPERT




Azərbaycan işğalçı dövlət olan Ermənistanın Dağlıq Qarabağda təlim keçirməsinə sərt münasibət bildirməlidir.

Bunu Sherg.az-a Erməni silahlı bölmələrinin Azərbaycanın işğal altında olan ərazilərində növbəti hərbi təlimlərə başlamasına münasibət bildirərkən hərbi ekspert Üzeyir Cəfərov deyib. 

Onun sözlərinə görə, bu təlimlər rəsmi Bakını təxribata çəkmək məqsədi daşıyır: 

"Dekabrın 12-də Ermənistan prezidenti qondarma Dağlıq Qarabağ dövlətinin qondarma rəhbərliyi ilə işğal altındakı ərazilərə səfər etdi. Daha sonra hərbi təlimlərin keçirilməsi yalnız Azərbaycana deyil,  beynəlxalq qurumlara da meydan oxumaqdır. Çünki bununla ATƏT kimi beynəlxalq təşkilatların Ermənistan qarşısında acizliyi açıq şəkildə özünü göstərir və bu təkrarlanır. ATƏT-in Minsk qrupunun həmsədrləri məlum sayğısızlığa münasibət bildirmir. Sual yaranır ki, bəs onda bu təsisat nə işə yarayır? Keçən həftə təşkilatın sədri yeni strukturun üzərində işləndiyini bəyan etdi. Yeni strukturun Dağlıq Qarabağda insidenti araşdıracaq şəxslərdən ibarət olacağı bildirilib. Azərbaycan bu məsələdə öz kəskin fikrini bildirməli və düşmənə xəbərdarlıq etməlidir. İşğal olunmuş Azərbaycan ərazilərində təlimlərin keçirilməsi bütün hədləri aşmaq deməkdir. Ermənistan və onun havadarları Azərbaycanın onların nazı ilə oynamayacağını və öz torpaqlarını gec-tez işğaldan azad edəcəyini anlamalıdır”.

Ekspert onu da əlavə edib ki, bu təlimlərin təmas xəttinin Azərbaycan hissəsində heç bir təhlükəsi yoxdur: "Azərbaycan silahlı Qüvvələrinin malik olduğu hərbi təchizat elə səviyyədədir ki, düşmənin həmin artilleriyasını məhv edə bilər. Ona görə də, təhlükəsizlik baxımından narahatçılığa əsas yoxdur".

Qeyd edək ki, Erməni silahlı bölmələri Azərbaycanın işğal altında olan ərazilərində növbəti hərbi təlimlərə başlayıblar.

Aysel Aslan