Azərbaycan-İran münasibətlərinin perspektivi var

Suriya məsələsində hər iki ölkənin mövqeyi biri-birinə yaxındır




"Qonşu dövlətlər arasında nəqliyyat şəbəkəsinin inkişafı çox yaxşı haldır”. Bunu "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib. İran-Azərbaycan münasibətlərinin inkişafından danışan politoloq bildirib ki, cənubla şimalı birləşdirən Astara-Astara tranzit dəhlizinin gələcəyi hər iki dövlətin hökumətlərindən asılı məsələdir.

Bu məsələdə anlaşma alqışlanmalıdır. Hər iki ölkə regional problemlərlə bağlı birgə mübarizə də apara bilər. Bir çox məsələlərdə, xüsusilə regional məsələlərin həllində mövqelərdə bir yaxınlıq var. Azərbaycan-İran münasibətlərində müəyyən ənənəvi stereotiplər aradan qalxmalıdır. Bilirsiniz, İranda bir sıra dairələr var ki, onlar Azərbaycanı müstəqil dövlət kimi qəbul etmək istəmirlər. Hətta Azərbaycanı İran torpaqları, beynəlxalq siyonizmin dayaq nöqtəsi adlandırırlar. Bu cür bəyanatlarla Azərbaycan-İran münasibətlərinə gölgə salırlar. Digər tərəfdən Azərbaycanda da şimallı, cənublu Azərbaycan məsələsini tez-tez gündəmə gətirməklə İranın parçalanması məsələsini qabardanlar var. Ancaq bu kimi məsələlərdə əsas mövqe hökumətlərin mövqeyidir. Bu məsələlər nəzərə alınmazsa, düşünürəm ki, iki ölkə arasında tərəfdaşlıq mümkündür. Hesab edirəm ki, Azərbaycanın Suriya prosesinə qatılması Azərbaycan üçün riskli bir məsələdir və buna ehtiyac da yoxdur. Prinsipcə, eyni mövqedən də İran çıxış edir. Əgər qarşılıqlı surətdə biri-birinin suverenliyinə hörmət, biri-birinin daxili işlərinə qarışmamaq olacaqsa mən düşünürəm ki, Azərbaycan-İran münasibətlərinin perspektivi var”.

Politoloq İlqar Vəlizadə də deyib ki, Azərbaycan-İran münasibətləri möhkəm təməllər əsasında qurulub. Ona görə də ayrı-ayrı vaxtlarda olan çətinliklər ümumi münasibətlərə xələl gətirmir: "İran hazırda dünyaya çıxmaq üçün yeni imkanlar axtarır. Bu siyasətə ilk növbədə qonşu ölkələr ilə münasibətlərin inkişafı yardım göstərə bilər. Azərbaycan isə İran üçün şimal və şimal-qərb istiqamətində tranzit yük daşımalarda xüsusilə önəmli rol oynayır. O cümlədən regionda mühüm rol oynayan ölkələrlə münasibətlərdə Azərbaycan İran üçün əlverişli tərəfdaşdır. Ölkəmiz tək İran-Azərbaycan münasibətləri üçün önəmli rol oynamır. Hətta üçtərəfli formatda: misal üçün, Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Gürcüstan-İran, Azərbaycan-Türkmənistan-İran formatlarında Azərbaycanın rolu çox vacibdir. Bu rolu möhkəmləndirmək üçün İran da öz tərəfindən lazımlı addımları atmağa hazır görünür”.

İsmayıl