Azərbaycan İsraildən 5 milyard dollarlıq silah alıb
İlham Əliyev: “Biz hələ də bunun üzərində işləyirik və bu əməkdaşlığın səviyyəsindən çox razıyıq”
İsrail dövlətinin Baş naziri Benyamin Netanyahu dünən Azərbaycanda işgüzar səfərdə olub.
Benyamin Netanyahu Azərbaycanla bağlı ilk açıqlamasını hava limanında verib. Baş nazir bildirib ki, Azərbaycan və Qazaxıstan müsəlman dünyasının vacib və böyük ölkələridir:
"Bizim məqsədimiz Azərbaycanla siyasi, maliyyə və təhlükəsizlik sahəsində münasibətləri
gücləndirməkdir. Vaxtaşırı İsrail ilə bağlı eşitdiklərinizdən fərqli olaraq, İsrail nəinki siyasi
təcriddən əziyyət çəkir, tam əksinə, bu ölkələr İsraillə münasibətlərini gücləndirmək istəyirlər.
Asiya, Afrika, Latın Amerikası ölkələri ilə münasibətlərimizi gücləndirdikdən sonra indi növbə
müsəlman dünyasının vacib ölkələrinə çatıb”. B.Netanyahu ilk dəfə 20 il əvvəl Baş nazir kimi
Azərbaycana səfər etdiyini və prezident Heydər Əliyevlə görüşdüyünü xatırladıb. O, hazırkı səfərini
davamlılıq və vacib irəliləyiş adlandırıb.
"İsraillə Azərbaycan arasında mükəmməl münasibətlər və uzunmüddətli dostluq mövcuddur”
Dünən Azərbaycan Prezidenti İlham Əliyevin İsrail dövlətinin Baş naziri Benyamin Netanyahu ilə
təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafı ilə bağlı məsələlər ətrafında
fikir mübadiləsi aparılıb. Netanyahu deyib ki, o, Azərbaycana ikinci dəfə səfər etməkdən çox
məmnundur: "Sizin qoruduğunuz inklüzivlik və tolerantlıq ənənəsi sayəsində yəhudi milləti burada
özünü çox rahat hiss edir. Eyni zamanda İsraildə də Azərbaycandan olan yəhudilər yaşayır və onlar
iki dövlət arasında körpü rolunu oynayır”. Baş nazir Azərbaycan Prezidenti ilə geniş spektrdə -
enerji, ticarət, texnologiya və digər sahələrdə əlaqələrin inkişafını müzakirə etməyi səbirsizliklə
gözlədiyini qeyd edib.
"Sənədlərin hamısı çox vacibdir”
"İndiyədək Azərbaycan və İsrail şirkətləri tərəfindən müdafiə avadanlığının alınması ilə bağlı
imzalanmış müqavilələrin dəyəri 5 milyard dollara yaxındır, daha dəqiq desək, 4 milyard 850
milyon dollardır”. Bunu Prezident İlham Əliyev sənədlərin imzalanması mərasimindən sonra
İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə mətbuata bəyanatla çıxışı zamanı deyib.
Dövlət başçısı iki ölkənin bir çox sahələrdə əməkdaşlıq etdiyini bildirib: "Bu gün imzalanmış
sənədlər əməkdaşlığımız üçün çox böyük potensialın olduğunu açıq-aydın göstərir. Sənədlərin
hamısı çox vacibdir. Mən onların arasında ikitərəfli əməkdaşlığın çox səmərəli mexanizmi olan
birgə iqtisadi komissiyanı yaratmağa imkan verəcək sənədin əhəmiyyətini vurğulamaq istərdim.
Əminəm ki, bu, ticarət dövriyyəsini artırmağa və onu şaxələndirməyə kömək edəcək. Ticarət
dövriyyəsi yaxşı səviyyədə olsa da, bu, əsasən Azərbaycandan İsrailə neft ixracına görədir. Biz bunu
şaxələndirmək və artırmaq üçün işləməliyik”.
Prezident ikitərəfli əlaqələr, regional inkişaf ilə bağlı çox geniş spektrli məsələlərin müzakirə
edildiyini bildirib: "Müzakirələr çox açıq, dostluq şəraitində keçib. Bu müzakirələr bizə ikitərəfli
əlaqələrimizi gücləndirməyə kömək edəcək."Təhsil sahəsində əməkdaşlığın çox böyük potensialı var”
Bizim kənd təsərrüfatı sahəsində əməkdaşlıqda çox yaxşı perspektivlərimiz var. Biz bunu cənab
Baş nazirlə müzakirə etdik. İsrail çox müasir texnologiyalara malikdir, biz onların bəzilərindən
istifadə edirik, bəziləri ola bilsin ki, Azərbaycana bir müddət sonra gətiriləcək. Bu sahədə
əməkdaşlıq üçün yaxşı perspektivlər var”.
Prezident İlham Əliyev turizmin potensial inkişaf üçün əsas sahələrdən biri olduğunu bildirib:
"Əminəm ki, İsrail ilə Azərbaycan arasında birbaşa uçuşlar hər iki istiqamətdə turistlərin sayının
artmasına kömək edəcək. Təhsil sahəsində əməkdaşlığın çox böyük potensialı var.
Biz, həmçinin müdafiə sənayesi sahəsində fəal əməkdaşlıq edirik və bu əməkdaşlıq artıq bir neçə
ildir davam edir. Bu əməkdaşlığın nə dərəcədə geniş olduğunu göstərmək üçün bir rəqəmi
diqqətinizə çatdıracağam. İndiyədək Azərbaycan və İsrail şirkətləri tərəfindən müdafiə
avadanlığının alınması ilə bağlı imzalanmış müqavilələrin dəyəri 5 milyard dollara yaxındır, daha
dəqiq desək, 4 milyard 850 milyon dollardır. Bu müqavilələrin çox böyük hissəsi artıq həyata
keçirilib. Biz hələ də bunun üzərində işləyirik və bu əməkdaşlığın səviyyəsindən çox razıyıq”, -
deyə prezident qeyd edib.
"Azərbaycandakı yəhudi icması cəmiyyətimizin çox fəal hissəsidir”
Prezident iki xalq arasındakı əlaqələrin ikitərəfli əməkdaşlığın mühüm hissəsi olduğunu qeyd edib:
"Çünki Azərbaycandakı yəhudilər və İsraildə əsasən Azərbaycandan olan yəhudilərdən ibarət
Azərbaycan diasporu ikitərəfli əlaqələrimizin mühüm amilidir. Əsrlər boyu Azərbaycanda yəhudilər
ilə azərbaycanlılar sülh və dostluq şəraitində yaşayıblar və yaşamaqda davam edirlər.
Azərbaycandakı yəhudi icması cəmiyyətimizin çox fəal hissəsidir. Onlar müasir Azərbaycanın
inkişafına çox töhfələr verirlər. Xalqlarımız arasındakı sıx əlaqələr ikitərəfli əlaqələrimizdə çox
mühüm amildir. Məlumat üçün bildirmək istərdim ki, Azərbaycanda beşi Bakıda olmaqla 7 sinaqoq,
yəhudi məktəbləri var. Siz onlardan birinə, 2010-cu ildə açılmış "Xabad Or-Avner” Yəhudi Təhsil
Mərkəzinə baş çəkəcəksiniz. Mən həmin günü xatırlayıram, çünki mərasimdə iştirak edirdim.
Mərhum Prezident Şimon Peres bizə videomüraciət ünvanlamışdı. Mən şadam ki, cənab Baş nazir
bu Təhsil Mərkəzinə baş çəkmək və yəhudi icmasının nümayəndələri ilə görüşmək üçün sıx
qrafikində vaxt tapıb.
"Yalnız İsraildə bizim diaspor yəhudi əsilli insanlardan ibarətdir”
Yəhudilərlə azərbaycanlılar arasında əlaqələr hər zaman, tariximizin bütün dövrlərində çox yaxşı
olub və yəhudilər əsrlərdir ki, Azərbaycanda yaşayırlar. Bu, onların evidir, onlar burada özlərini
evlərindəki kimi hiss edirlər və ölkəmizi gücləndirmək üçün çox işlər görürlər. Bu, çar Rusiyası
dövründə - Azərbaycan Rusiya imperiyasının tərkib hissəsi olanda da, Sovet İttifaqı dövründə də
belə olub, indi də - 25 illik müstəqillik dövründə də belədir. Azərbaycanda yaşayan bütün xalqlar
arasındakı əlaqələr multikulturalizmin, qarşılıqlı hörmətin, bir-birinin ənənələrinə və dininə
hörmətin bariz nümunəsidir. Mən hər zaman deyirəm ki, öz dininə və ənənələrinə hörmət, qonşunun
dininə və ənənələrinə olan hörmətdən başlayır. Yeri gəlmişkən, demək istərdim ki, bu il
Azərbaycanda "Multikulturalizm ili” elan olunub və Azərbaycan dünyada multikulturalizmin
beynəlxalq mərkəzlərindən biri kimi tanınır. Şadam ki, hazırda İsraildə yaşayan bizim keçmiş
vətəndaşlarımız Azərbaycan ilə yaxın əlaqələrini qoruyub saxlayırlar. Onlar bizə kömək edir, bizi
təbliğ edir. Bizim bir çox ölkələrdə diaspor təşkilatlarımız var. Lakin yalnız İsraildə bizim diasporyəhudi əsilli insanlardan ibarətdir. Bu da yəhudilərlə azərbaycanlılar arasında olan birliyi nümayiş etdirir”.
Benyamin Netanyahu:
"İstənilən sahədə birlikdə möcüzələr yarada bilərik”
"19 il əvvəl Bakıya ilk ziyarətimi çox yaxşı xatırlayıram. Gecə yarısı idi, Sizin rəhmətlik atanız
gəlib bizi qarşıladı. Bu, böyük dostluğun nişanəsi idi. Bu dostluq bu günə qədər davam və inkişaf
edir”. Bunu da Benyamin Netanyahu mətbuata bəyanatla çıxışı zamanı deyib.
"Deməliyəm ki, bu gün gündüz vaxtı buraya gələrkən, təyyarədən də Azərbaycandakı ötən iki
onillikdə baş verən inanılmaz dəyişikliyi, inanılmaz inkişafı görə bildim. Əlbəttə, hava limanında
yerə endikdə, maşına mindikdə şəhərdə, Bakı ətrafında bunu daha aydın görə bildik. Burada çox
böyük irəliləyiş əldə edilib. Mən Sizin rəhbərliyinizi alqışlayıram. İsrail ilə Azərbaycan arasındakı
tərəfdaşlığı və bunu gələcəyə doğru irəliləyişin bir parçası olaraq görməyinizə görə alqışlayıram”, -
deyə Benyamin Netanyahu qeyd edib.
B. Netanyahu əməkdaşlıq etmək üçün bir çox sahələrin olduğunu qeyd edib: "Aydındır ki, bizim
energetika sahəsində möhkəm əlaqələrimiz var. Bu gün sadəcə ölkəmizin neft idxalının ciddi bir
hissəsi olan, Azərbaycanın İsraili təchiz etdiyi neftin satışı barədə yox, həm də təbii qazın ixracı
üçün birgə müəssisələrimizdən istifadə haqqında danışırıq. İsrailin qaz idxalını bu gün biz burada
danışarkən inşası davam edən Azərbaycandan Türkiyəyə böyük boru xəttinə calışdırılmasından
danışırıq. Şübhəsiz, bu, hər iki ölkənin iqtisadiyyatını gücləndirə biləcək bir istiqamətdir.
Düşünürəm ki, bu, daha böyük bir xidmət olacaq. Energetika bizim sıx şəkildə əməkdaşlıq etdiyimiz
sahələrdən yalnız biridir”.
"Kənd təsərrüfatı, təhsil, informasiya texnologiyaları və istənilən digər sahədə birlikdə möcüzələr
yarada biləcəyimizə inanırıq. Bu cür əməkdaşlığı alqışlayırıq. Çünki düşünürük ki, nəticə etibarilə
malik olduğumuz ən böyük resurs budur. Bu, konseptual məhsul resursudur, bütün sənaye
istiqamətlərini daha da səmərəli etmək bacarığıdır. Bir misal olaraq süd məhsullarını göstərə
bilərəm. Ölkəmizin dünyada ən məhsuldar inəklərə sahib olması ilə öyünürəm. Bizim inəklər
Fransa, Hollandiya, hətta Amerika inəklərindən daha məhsuldardır. Bu hal bir çox sahələrdə
təkrarlanır. Bu əməkdaşlığı xalqlarımıza daha aydın bir gələcək bəxş etməsi üçün alqışlayırıq”, -
deyə Benyamin Netanyahu qeyd edib.
"Lakin düşünürəm ki, əlaqələrimiz mövzusunda nadir olan xüsusiyyət başqa bir şeydir. İsrail bir
yəhudi dövlətidir. Azərbaycan müsəlman ölkəsidir və əhalisinin əksəriyyəti müsəlmandır. Burada
hər iki ölkənin daha parlaq gələcəyini təmin etmək üçün yəhudilərlə müsəlmanların birgə
işləməsinin şahidi oluruq. Bu, indiki dövrdə tolerantlığın, qarşılıqlı hörmətin olmaması fonunda çox
parlaq bir nümunədir. İllər boyunca Azərbaycanda yəhudilərə qarşı göstərmiş olduğunuz qarşılıqlı
hörmət, gözəl yanaşma bu əlaqələri, Azərbaycana olan rəğbətimizi və heyranlığımızı daha da
gücləndirir” - deyə B. Netanyahu qeyd edib.
Benyamin Netanyahu İsraildə Azərbaycandan olan 70 min yəhudi, "insan körpüsü”nün yaşadığını
qeyd edib: "Bundan başqa, dünyaya göstərə biləcəyimiz başqa bir şey var. Dünya çoxlu
dözülməzlik, çoxlu zülmət görür. Burada isə müsəlmanlar ilə yəhudilərin arasında əlaqələrin necə
ola biləcəyinin, necə qurulmasının bir nümunəsi var.
Müsəlman dünyasının bir çox hissəsində, xüsusi olaraq ərəb ölkələrində müşahidə etdiyimiz bir
dəyişiklik var. Əgər gələcəyin necə ola biləcəyini görmək istəyirlərsə, Azərbaycana gəlib İsrail ilə
Azərbaycan arasındakı dostluq və tərəfdaşlığı görə bilərlər. Bu, sadəcə hər iki ölkə və xalq üçün
yaxşı əlaqələrlə bərabər, həm də bütün region və dünya üçün faydalıdır”, - deyə Benyamin
Netanyahu bildirib.
İsmayıl