Azərbaycan İsraillə niyə dost olmasın ki...
Biz İrandan da silah almaq istəmişdik, amma imtina etmişdilər
İsrailin Baş naziri Benyamin Netanyahunun 20 ildən sonra Azərbaycana işgüzar səfər etməsi və Bakıda mühüm müzakirələr aparması gündəmin əsas müzakirə mövzusuna çevrilib. İsraillə Azərbaycan artıq uzun illərdir ki, həm enerji, həm də hərbi və digər sahələrdə səmərəli əməkdaşlıq edir və indiyə qədər hər hansı üçüncü ölkə bu əməkdaşlıqdan zərər görməyib. Bundan əlavə, Azərbaycanda əsrlərdir ki, böyük yəhudi icması dostluq və mehribanlıq şəraitində yaşayır. Azərbaycanla İsrail arasında münasibətlərin tarixi kökləri var və əməkdaşlığımız qarşılıqlı maraqlara söykənir.
Azərbaycan neftinin böyük bir hissəsini İsrailə satır, eyni zamanda İsraildən müasir silahlar alır. Bu da həm ordumuzun güclənməsinə, həm də ölkəmizin müdafiə qabiliyyətinin artmasına səbəb olur. Azərbaycanla İsrail təhlükəsizlik sahəsində də səmərəli əməkdaşlıq edir. İki dövlət arasında münasibətlərə kənardan müdaxilə etmək cəhdi müstəqil bir ölkənin xarici siyasətinə müdaxilədir və yolverilməzdir. Digər tərəfdən Azərbaycan İsraillə münasibətləri inkişaf etdirməyə çalışan yeganə müsəlman dövləti deyil. Fələstinlə eyni coğrafiyanı, tarixi və mədəniyyəti bölüşən İordaniya ilə də İsrailin münasibətləri həmişə yüksək səviyyədə olub. Bu ölkə əhalisinin əksəriyyətinin keçmiş fələstinlilərdən ibarət olması ikitərəfli əlaqələrə mənfi təsir göstərməyib. Bu səfərdən narahat olan İran rəsmiləri bəyanat verməzdən öncə, Azərbaycan ərazilərinin 20 faizini işğal edən düşmən Ermənistana hərtərəfli dəstək vermələrinə diqqət yetirsinlər. Azərbaycanın İsraillə münasibətləri anlaşılandır. Amma məscidləri təhqir edib tövləyə çevirən Ermənistana İranın xoş münasibəti çox təəccüblüdür.
Vurğuladığımız kimi, Azərbaycanın silah sənayesinin formalaşmasında və ordumuzun müasir silahlarla təchiz edilməsində İsrail əhəmiyyətli müttəfiq kimi mühüm rol oynayır. Halbuki İran tərəfinə dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, bugünədək Azərbaycana uzaq mənzilliraketlər satılması məsələsinə müsbət baxılmayıb. İranın bütün sabiq prezident və vitse-prezidentləri Ermənistana səfər ediblər və qarşı tərəfin rəsmilərini öz ölkələrində yüksək səviyyədə qarşılayıblar. İranla Ermənistan arasında viza rejimi qaldırılıb. Hazırda İran Prezidenti Həsən Ruhaninin Ermənistana səfərinə hazırlıqlar aparılır. Amma nədənsə, bu zaman müsəlman həmrəyliyi, Azərbaycanda 1 milyondan çox insanın doğma yurd-yuvasından didərgin salınması nəzərə alınmır. İran ali rəhbərinin Ermənistanla hər cür əlaqələri yasaq edən "fətva”sı da unudulur. Yaxın Şərqdəki hadisələr zamanı "müsəlman həmrəyliyini” qabardan Tehran öz qonşuluğundakı Dağlıq Qarabağ münaqişəsini görməzdən gəlir. Vurğulamaq lazımdır ki, İsraillə yaxşı münasibətlər Azərbaycana beynəlxalq arenada da kömək edir. Belə ki, dünya miqyasında tanınan yəhudi lobbi təşkilatları qlobal müstəvidə Azərbaycanın maraqlarının təmin olunması üçün səy göstərirlər. Azərbaycan-İsrail əməkdaşlığının yüksələn xətt üzrə inkişafında azərbaycanlılarla yəhudilər arasında tarixən mövcud olan güclü münasibətlərin də böyük rolu var. Hazırda Azərbaycanda çoxminli yəhudi icması, İsraildə isə on minlərlə Azərbaycan əsilli yəhudi yaşayır. Azərbaycanlılar ölkədə yaşayan yəhudilərə heç zaman özgə kimi baxmayıblar.
Yəhudilər də Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynayıblar. Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri yəhudi əsilli şəxs olub. Azərbaycan əsilli İsrail vətəndaşları hazırda iki ölkə arasında iqtisadi münasibətlərin inkişafına mühüm töhfə verirlər. İsrailin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun eksperti Qalliya Lindenştraus deyib ki, Baş nazir Benyamin Netanyahunun Bakıya səfəri İsrailin Azərbaycana verdiyi önəmin təsdiqidir.
Ekspert İsrail Baş nazirinin Bakıya səfərinin iki vacib məqamını qeyd edib: "Birincisi, Azərbaycanın İsraildən 5 milyard dollar məbləğində hərbi silahlar almasıdır. Oxşar rəqəmlər artıq mətbuatda yazılıb, amma dövlət başçısının bu rəqəmi açıqlaması çox vacibdir. İkincisi, Netanyahu Avropaya qaz ixracı baxımından dövlətlər arasında mümkün əməkdaşlıq barədə danışıb. Bu bəyanat öz-özlüyündə vacibdir, çünki Ankara və Təl-Əviv arasında münasibətlərin normallaşması prosesi ilə bağlıdır”.
B.Netanyahunun səfərinə görə, Ermənistanın narahatlığından danışan Lindenştraus bildirib ki, bu narahatlıq əbəs deyil və Azərbaycanın hərbi cəhətdən güclənməsi, "dördgünlük müharibə” ilə əlaqədardır: "Azərbaycan və İsrail əlaqələrinin inkişafı İranı da narahat edir. Bu baxımdan Netanyahunun səfəri heç bir dəyişiklik barədə siqnal deyil, daha çox regionda mövcud siyasətin davamıdır”.
Millət vəkili Elman Nəsirov da bəyan edib ki, Azərbaycan-İsrail münasibətləri bir çox parametrlər üzrə, xüsusilə siyasi dialoq, ticari-iqtisadi, enerji, hərbi-texniki əlaqələr üzrə inkişaf edib:
"Netanyahunun səfəri çərçivəsində formalaşmış əlaqələrin bundan sonrakı inkişafı üçün əlavə stimullar yarandı. Xüsusilə, hüquqi-normativ bazanın möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Bunlar hər iki dövlətin milli maraqlarına xidmət edən məsələlərdir. Netanyahu Azərbaycan Prezidenti ilə görüşündə, mətbuata bəyanatında bir daha qeyd etdi ki, ölkəmiz çox sürətlə inkişaf etməkdədir. Azərbaycanın belə sürətli inkişafı İsrail dövlətinin Baş nazirini xeyli təəccübləndirib. İki ölkə arasında qeyri-neft sektorunda əlaqələrin inkişafı üçün yaxşı imkanlar var. Azərbaycanın İsrailə ixracatında neft həlledici amildir.
E.Nəsirov vurğulayıb ki, hazırda Azərbaycan İsraildən ən müasir silah-sursat alır: "Azərbaycan-İsrail münasibətlərinin inkişafı heç bir halda üçüncü dövlətin əleyhinə yönəlməyib. Bu səfər ərəfəsində İran mətbuatı Netanyahunun Azərbaycana səfərini qısqanclıqla qarşıladı. Amma İran tərəfi yaxşı xatırlasın ki, Azərbaycan Prezidenti İlham Əliyev hər zaman İranla mehriban qonşuluq münasibətlərinə sadiq olub, bu ölkənin mövqelərini beynəlxalq təşkilatlarda müdafiə edib, ona qarşı beynəlxalq sanksiyaların heç birinə qoşulmayıb”.
Millət vəkili əlavə edib ki, Azərbaycan ərazilərinin bir hissəsi işğal altında olduğundan İsraillə hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığa xüsusi önəm verir: "Bu məqamda qeyd olunmalıdır ki, Azərbaycan İsraildən aldığı ən müasir silah-sursatı İrandan da almaq istəyərdi. Ancaq İsrail həmin silahı bizə satır, İran isə imtina edir”.
E.Nəsirovun fikrincə, Azərbaycanın həm İsrail, həm də Fələstinlə münasibətlərinin yüksək səviyyədə olması 60 ildən çox davam edənmünaqişənin həllinə yeni imkanlar aça bilər: "Azərbaycan bu münaqişənin həlli üçün vasitəçilik missiyasını təklif edə bilər. Bunun üçün tərəflərin istəyinin ortaya qoyulması və Azərbaycanın vasitəçiliyi müsbət nəticələr verər. Kifayət qədər korlanmış Rusiya-Türkiyə münasibətlərinin bərpasında Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna xidmətləri olub. Hesab edirəm ki, Azərbaycanın bu potensialından Fələstin və İsrail dövlətləri yararlanacaq”.
İsmayıl