Azərbaycan lider mövqelərdən birinə yüksəlib

Dünya İqtisadi Forumunun hesabatından sonra ölkəmizə diqqət daha da artacaq



Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı tamamilə yeni metodologiya əsasında ictimaiyyətə təqdim edilib. Hesabatın 12 əsas sütun indikatorundan 7-si üzrə ölkəmizin mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Qlobal trendlər nəzərə alınmaqla, hesabatın metodologiyasında dəyişikliklər o qədər dərin və əhatəli olub ki, Dünya İqtisadi Forumu bu metodologiyanı yeni nəsil "4.0” kimi təqdim edib. Bu isə onu deməyə əsas verir ki, "Qlobal Rəqabətlilik Hesabatı-2018/2019” yeni dövrün ilk hesabatıdır. Belə ki, əvvəlki illərdən fərqli olaraq hesabatın metodologiyası ciddi şəkildə dəyişdirilərək hesabata yeni indikatorlar daxil edilib. 

Azərbaycan Qlobal Rəqabətlilik Hesabatının yeni metodologiyası əsasında ilk dəfə qiymətləndirilib. Ölkəmiz ilk hesabatda Türkiyə, Serbiya, Gürcüstan, Cənubi Afrika Respublikası və Xorvatiya ilə birlikdə 7-ci onluğa daxil olmaqla 69-cu yerdə qərarlaşıb. Hesabatın İnstitutlar, İnfrastruktur, İKT-nin istifadə səviyyəsi, Səhiyyə, Əmək bazarı, Biznes dinamikliyi və İnnovasiya potensialı sütun indikatorları üzrə Azərbaycanın mövqelərinin yaxşılaşması Qlobal Rəqabətlilik Hesabatı tərəfindən xüsusi olaraq vurğulanıb. Azərbaycan əhalinin elektriklə təchizatı səviyyəsinə görə maksimal 100 faiz bal almaqla dünyada ilk pilləyə yüksəlib. 

Bununla yanaşı, Azərbaycanın Qlobal Rəqabətlilik Hesabatında irəlidə olduğu alt-indikatorların böyük bir qismi yeni metodologiyada nəzərə alınmayıb. Məsələn, makroiqtisadi sabitlik indikatoru üzrə ölkənin mövqeyinə mənfi təsir göstərən fakt ondan ibarət olub ki, dövlət büdcəsinin tarazlığı, ümumi dövlət borcu, ümumi milli yığım, ölkənin kredit reytinqi kimi öncül olduğumuz alt-indikatorlar yeni metodologiyada ümumiyyətlə diqqətdən kənarda qalıb. Hesabatda ölkələrin reytinqinə birbaşa təsir göstərməsə də, sosial və ətraf mühit performansı üzrə indikatorlara da yer ayrılıb. Azərbaycan ətraf mühitə təsir və inklüziv inkişaf indikatorları üzrə yeni nəsil metodologiya əsasında hazırlanmış hesabatda lider mövqelərini qoruyub. Bundan başqa Azərbaycan dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi reytinqi üzrə 31-ci yerdə qərarlaşıb. Belə yüksək nəticənin əldə olunması şübhəsiz ki, son illər Prezident İlham Əliyev tərəfindən aparılan iqtisadi islahatların nəticəsində mümkün olub. Həmin indikatora əsasən, Azərbaycanın mövqeyi biznesə başlamaq üçün tələb olunan günlərin sayı alt-indikatoru üzrə 17-ci, müflisləşmə normativ hüquqi bazası alt-indikatoru üzrə 17-ci, sahibkarlıq riskləri alt-indikatoru üzrə 21-ci və ideyaların şirkətə təsiri alt-indikatoru üzrə 25-ci olub. Ekspertlərə görə, bu nəticələr Azərbaycanın gələcəkdə digər indikatorlar üzrə də daha yaxşı nəticələr əldə etməsi üçün yeni imkanlar açır.

Beynəlxalq hesabatla bağlı "Şərq”ə danışan millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib ki, Dünya İqtisadi Forumunda Azərbaycanın öncül yerlərdən birini tutması ölkəmizin böyük uğuru, müsbət imicinin formalaşması deməkdir: 

"Azərbaycanın iqtisadi inkişafını dəyərləndirən deputatın sözlərinə görə, dünyanın bir çox beynəlxalq təşkilatları, xüsusən iqtisadi qurumları və forumları müxtəlif ölkələrin iqtisadi inkişafına, sosial tərəqqisinə həsr olunmuş ciddi hesabatlar təqdim edirlər. Beynəlxalq qurumların diqqətində olan ölkələrdən biri də Azərbaycandır. Azərbaycan dünyanın üzləşdiyi neft böhranından və dollar krizisindən çox az itkilərlə çıxdı və yenidən inkişaf yoluna qədəm qoydu. Bilirsiz ki, Azərbaycanda 9 istiqamət üzrə inkişaf planı hazırlanıb. Qısa zaman ərzində qeyri-neft sektorunun, aqrar sahənin, sənaye bazarının, logistika mərkəzlərinin, Şimal-Cənub və Şərq-Qərb dəmir yollarının, gəmiqayırma zavodlarının və bir sıra mühüm iqtisadi sahələrində ciddi dəyişikliklər baş verib. Son günlər Bakı-Gəncə sürət qatarının işə salınması ilə bağlı da iş gedir. Aqrar sektorun inkişafı ixrac potensialının həcmini artırır, paralel olaraq turizm də inkişaf edir. Xüsusən, yollar sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunub. İldə min kilometrlərlə avtomobil yolunun salınması da bunun göstəricisidir. Yəni bütün sahələr üzrə Azərbaycanın tərəqqisi sürətlənir. Əlbəttə, bu cür inkişaf tempi dünyanın, beynəlxalq təşkilatların gözündən yayına bilməz”.

T.Kərimlinin sözlərinə görə, Azərbaycan sabit inkişafa qədəm qoyub: "Ölkəmiz çoxsaylı dövlətlər kimi geriyə deyil, irəliyə doğru addımlayır, üstün mövqelərə sahib olur. Demək olar ki, bütün makroiqtisadi göstəricilərin hamısı üzrə qabaqcıl yeri tutmuşuq. 

Şübhəsiz ki, bütün uğurlarımız cənab Prezident İlham Əliyevin mükəmməl idarəçiliyinin nəticəsidir. Dövlət başçısı böyük siyasi təcrübə keçmiş bir lider kimi 15 ildir Azərbaycanı məharətlə idarə edir və dövlətimizin əvəzsiz inkişafına nail olur. Çox güman ki, ən mühüm iqtisadi islahatlar hələ qabaqdadır. Həmin islahatlardan sonra reytinqlərdəki göstəricilərimiz bir qədər də yuxarılara qalxacaq. Azərbaycan özünə görə çox güclü iqtisadi və hərbi potensiala sahib bir ölkəyə çevrilməkdədir. Siyasi sabitliyimiz möhkəmdir. İşğalçı Ermənistandan savayı bütün qonşu ölkələrlə sıx əməkdaşlıq edirik, normal münasibətlər qururuq”.

Millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu da "Şərq”ə açıqlamasında bildirib ki, yeni metodologiya əsasında müəyyənləşdirilən "Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın bir daha mövqeyini möhkəmləndirməsi onun sosial-iqtisadi inkişafının davamlı və dayanıqlı olmasından xəbər verir. Deputat bildirib ki, Dünya İqtisadi Forumunun son hesabatda Azərbaycan bir sıra indikatorlar üzrə öz mövqeyini möhkəmləndirib və irəliyə çıxıb:

 "2018-2019 Qlobal Rəqabətlilik Hesabatı” yeni dövrün ilk hesabatıdır və əvvəlkilərdən fərqli olaraq, 68 yeni indikator daxil edilməklə aparılıb. Azərbaycanın bir sıra yüksək göstəricilərə malik indikatorları var. Lakin hazırda yeni metodologiyaya əsasən bunların nəzərə alınmamasına baxmayaraq ölkəmiz yenə də ön sıralarda qərarlaşıb. Bütövlükdə, hesabat zamanı 12 sütun indikator üzrə qiymətləndirmələr aparılıb və 7-si üzrə ölkəmizin mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Buraya infrastruktur, səhiyyə, informasiya kommunikasiya texnologiyalarının səviyyəsi, əmək bazarı, biznesin dinamikliyi, və innovasiya potensialı daxildir. Adlarını qeyd etdiyimiz indikatorlar üzrə Azərbaycanın mövqeyi xüsusi olaraq qeyd olunub. Hətta bir sıra göstəricilər üzrə Azərbaycan birinci yerdədir. Məsələn, elektrik enerjisi ilə təchizatın səviyyəsinə görə Azərbaycan 100 faiz bal toplamaqla, ilk pilləyə yüksəlib. Bu isə mühüm bir göstəricidir”.

Deputat bildirib ki, ətraf mühitə təsir və inklüziv inkişaf indikatorları üzrə Azərbaycan lider mövqelərdən birinə yüksələ bilib: 

"Bu, Azərbaycanda inklüziv cəmiyyətin mövcudluğundan xəbər verir. Bu o deməkdir ki, intellektual potensialına və qabiliyyətinə uyğun olaraq hər bir Azərbaycan vətəndaşı cəmiyyətin bütün sərvətindən istifadə edə bilir. Bundan başqa, Azərbaycan dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi göstəricisinə görə, 31-ci yerdə qərarlaşıb. Bu, bir daha Azərbaycanda sahibkarlığın və biznesin inkişafı ilə bağlı yaradılmış mühüm iqtisadi islahatlarla əlaqədardır. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycanda hazırkı mərhələdə sosial-iqtisadi inkişaf istiqamətində atılan addımlar strateji baxımdan doğrudur və Azərbaycan iqtisadiyyatı bundan sonrakı mərhələdə də bütün sosial-iqtisadi parametrlər üzrə inkişaf üçün yeni əsaslar yaratmaqla bunu gələcəkdə də təmin edəcək”.

İsmayıl