“Azərbaycan mülki aviasiyası: keçmişi, bu günü və gələcəyi”
Məlumdur ki, Bakının üzərindən ilk təyyarə 20 oktyabr 1910-cu il tarixində uçub. Sergey Utoçkinin idarə etdiyi azfunksiyalı "Farman-4” sistemli fransız biplanı heyrətdən donub-qalmış tamaşaçıların başı üzərində bir neçə dairə vurub və sonra yerə enib. Azərbaycanın aviasiya ilə ilk tanışlığından sonra hava nəqliyyatının yeni növünün regionda rəsmi status alması üçün təxminən on beş il vaxt sərf edilib. 1923-cü ildə "ZAKAVİA” Zaqafqaziya Mülki Aviasiya Səhmdar Cəmiyyəti yaradılıb.
Onun təsisçiləri "Muğan Meliorasiya Tikintisi”, "Xəzər Dəniz Gəmiçiliyi” və "Azneft” şirkətləri olub. "ZAKAVİA” - nın təyyarələrindən aerofotoçəkiliş işləri aparılmasında, təcili yüklərin çatdırılmasında və poçtun daşınmasında istifadə etmək nəzərdə tutulub. Və bu təyyarələr yaxşı təsərrüfatçı rolunda çıxış edərək özünü doğrulda bilib.
Daxili və xarici marşrutlar üzrə uçuşlara başlanıb
1923-cü ilin aprel ayında "Yunkers” təyyarəsində Bakı-Tiflis-Bakı marşrutu ilə uçuş həyata keçirilib. İki il sonra, 1925-ci ildə isə Keşlədə aerodrom tikilib və mülki "Hava stansiyası” yaradılıb. 1926-cı ildə Mineralnıye Vodı-Qroznı-Mahaçqala-Bakı-Yevlax-Tiflis marşrutları üzrə müntəzəm uçuşlar həyata keçirilməyə başlanıb. Bakı, Yevlax və Şəkidə "Dornye-Kometa-3” və "Dornye-Merkur” tipli təyyarələrin yerləşdirildiyi hava limanları işə düşüb. Bu təyyarələrin ekipajı iki nəfərdən ibarət olub. Hər bir uçuşun müvəffəqiyyətli sonluğu onların ustalığından asılı idi, çünki həmin dövrdə maşınlarda heç bir naviqasiya cihazları mövcud deyildi. Təyyarəçilər yollara, dəmir yolu xətlərinə, olduqları yerin relyefinə və yalnız onlara tanış olan başqa əlamətlərə istinad edərək istiqamət alırdılar. Bununla belə, təyyarəçilərin ixtiyarında olan maşınların mükəmməl olmamağına baxmayaraq, 1929-cu ildə Xarkov-Bakı-Pəhləvi beynəlxalq xətti açılır. 1933-cü ildə isə ilk dəfə olaraq Qafqaz dağlarının üzərindən Moskva şəhərinə hava yolunun uzunluğunu 1100 kilometr qısaltmış olan uçuş yerinə yetirilib.1937-ci ildə gündəlik 15 sərnişin daşıyan yerli "XAİ-1” və "Stal-3” təyyarələrinin xidmət göstərdiyi Bakı-Moskva istiqamətində müntəzəm marşrut açılıb. Bu, həmin dövr üçün sanballı rəqəm hesab olunurdu. Növbəti ildə Bakı - Xarkov, Bakı-Qroznı, Bakı-Rostov, Bakı-Həştərxan, Bakı-Tiflis reysləri işə salınıb. Bakı hava limanı isə Xalq Komissarları Sovetinin sərəncamı ilə müstəqil təsərrüfat vahidinə daxil edilib.
İlk aviasiya qrupu yaradılıb
02 iyun 1938-ci il tarixində Azərbaycanda ilk aviasiya qrupu yaradılıb. Bu tarix 2006-cı ildə Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Mülki Aviasiya Günü kimi elan edilib. Qeyd edək ki, Böyük Vətən müharibəsinin başlanması ilə aviasiyanın marşrutları daha çox hərbi məsələlərə tabe olub. Azərbaycanın aviasiyası 1941-ci ildən 1945-ci ilədək "Hər şey cəbhə üçün” devizi altında çalışıb. Azərbaycan təyyarəçilərinin əmək və döyüş qəhrəmanlıqları Qələbə uğrunda canını qurban verənlərin adları ilə yanaşı olaraq heç vaxt unudulmayacaq. Nəhayət, İkinci Dünya müharibəsinin döyüşləri sona yetəndən sonra Azərbaycan təyyarəçiləri yenidən sülh şəraitində sərnişin və yük daşımağa başlayıblar. Bakıdan başlanğıcını götürən hava yollarında yeni "Li-2”, "İl-14”, "İL-18”, "An-24”, xüsusi təyinatlı "An-2”, "Mi-1” və "Mi-4” helikopterləri görünməyə başlayıb.
Mülki aviasiyamıza dair keyfiyyət dəyişiklikləri
Azərbaycanın mülki hava donanmasının tarixində yeni keyfiyyətli dövr 70-80-ci illərə təsadüf edir. Bu dövr ərzində Gəncədə, Yevlaxda, Naftalanda, Naxçıvanda, Zaqatalada, Lənkəranda, Ağdamda, Ağstafada və Şəkidə süni örtüklü uçuş-enmə zolaqları ilə təchiz olunmuş hava limanları tikilib. Onlar "Yak-40” reaktiv təyyarələrini qəbul etmək imkanına malik idilər. Bakı və Gəncə hava limanları müasir radio və işıq texnikası vasitələri ilə təchiz edilib. Bu da uçuşların təhlükəsizliyinin və müntəzəmliyinin artırılmasına şərait yaradıb. Həmin illər respublikanın hava traslarına yeni "Tu-134”, "Yak-40” reaktiv laynerləri çıxıb. 1976-1980-ci illər üçün Azərbaycanda mülki aviasiyanın yüksək inkişaf tempini nəzərdə tutan proqram hazırlanıb. Həmin proqrama uyğun olaraq "Tu-154” tipli magistral təyyarələrin qəbulu üçün Bakı hava limanında qalxma-enmə zolağında yenidənqurma işləri aparılıb. Habelə yeni müasir aerovağzal kompleksinin tikintisi planlaşdırılıb.
Aviasiyamızın ən böyük uğurları Heydər Əliyevlə bağlıdır
Təsadüfi deyil ki, 1983-cü ildə Azərbaycan Mülki Aviasiya İdarəsi uğurlu 23 illik fəaliyyətinə görə SSRİ-nin "Oktyabr İnqilabı Ordeni” ilə mükafatlandırılıb. Lakin Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan aviasiyası ağır vəziyyətə düşüb. Kooperasiya əlaqələri pozulub. Texniki təchizat kəsilib. Təyyarələr köhnəlib və dağılıb. Aviasiyadan təcrübəli işçilər gediblər və yeni mütəxəssislər hazırlanmayıb. Amma bu problemi ulu öndər Heydər Əliyev öz nəzarəti altına alıb. Mülki aviasiyaya 200 milyon dollardan artıq sərmayə qoyulub. Beləliklə, ümummilli lider Heydər Əliyevin milli aviasiyamız haqqında arzuları yalnız müstəqillik dövründə əsl həqiqətə çevrilib. Aviasiyamız ən böyük uğurlarını ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə qazanıb. Ölkəmiz yenidən müstəqillik yoluna qədəm qoyan gündən milli aviasiyamız sürətlə inkişaf etməyə başlayıb. Erməni təcavüzkarlarının öz havadarları ilə birlikdə ölkəmizi ədalətsiz müharibəyə cəlb etmələrinə, habelə ölkə daxilində baş verən hakimiyyət davasının çətinliklərinə baxmayaraq bu məsələ daim diqqət mərkəzində saxlanılıb. Xüsusən 1993-cü ildə dünya şöhrətli siyasətçi Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı bütün sahələrdə, o cümlədən milli aviasiya sahəsində kəskin dönüşə, daha doğrusu, misli görünməmiş sıçrayışa səbəb olub. Onun uzaqgörən siyasəti nəticəsində görülən tədbirlər, xarici aviaşirkətlərlə bağlanan müqavilələr Azərbaycanın bir sıra taleyüklü məsələlərini həll edib. Aviasiya xətlərinin miqyasının sürətlə artması bizim diplomatiyanın, başqa sözlə, Azərbaycan həqiqətlərinin dünyaya çıxışını asanlaşdırıb.
Neft yataqlarının kəşfində aviasiyanın rolu
1994-cü ildə entuziastların aviasiyadan geniş istifadə etmək ümidlərini doğruldan daha bir mühüm hadisə baş verib. Təyyarəçi Teymur Mustafayev Xəzər dənizinin üzərində həyata keçirdiyi uçuşlardan birində suyun üzərində neft ləkələri görüb. Hava limanına qayıtdıqdan sonra o, bu yerin koordinatlarını geoloqlara xəbər verib. Və sonradan orda böyük karbohidrat yataqları kəşf ediblər. Beləliklə, aviasiya yeni sahənin - dənizdə neftçıxarmanın yaradılmasının iştirakçısı olub.
Naxçıvan düşmən blokadasından xilas olunub
90-cı illərin əvvəllərində Sovet İttifaqının əsas neft mərkəzi olan Azərbaycanın iqtisadiyyatının inkişafı çox sürətli templərlə irəliləyirdi və eyni zamanda Azərbaycan aviasiyası səmada özünü daha inamlı hiss edirdi. Xalq təsərrüfatının planlarının həyata keçirilməsində aviasiyanın rolu çox böyük idi. Ən ümdəsi isə düşmən blokadasında qalıb, yalnız hava əlaqəsinə ümid bağlayan Naxçıvan Muxtar Respublikası böyük təhlükədən xilas olub. Ulu öndərin rəhbərliyi altında "1998-2003-cü illər üçün Respublika Mülki Aviasiyasının İnkişaf proqramı” hazırlanıb, uğurla həyata keçirilib. Bu proqram çərçivəsində əldə olunan nailiyyətlərin ən bariz nümunəsi Bakı hava limanında dünya standartlarına tam cavab verən yeni aerovağzal kompleksinin tikintisi oldu. 1999-cu il oktyabrın 2-də ulu öndərin iştirakı ilə yeni aerovağzal kompleksinin təntənəli açılışı baş tutub. Bir il sonra isə bu limana dünya aviasiyasında xüsusi yeri olan ilk "Boeinq” təyyarəsi enib. 2004-cü ildə Bakı hava limanı "Heydər Əliyev Beynəlxalq Hava Limanı” adı ilə aviasiya tarixinə düşüb.
İlham Əliyev bu sahənin inkişafına çox ciddi maraq göstərib
2003-cü ildə Azərbaycanda prezidentlik "estafetini” qəbul edən İlham Əliyev hər sahədə olduğu kimi, aviasiya sahəsində də ulu öndərin siyasətini uğurla davam etdirib. Onun rəhbərliyi ilə "Respublika Mülki Aviasiyasının II (2004-2010-cu illər) İnkişaf Proqramı” qəbul olunub. Yeni proqramda xarici şirkətlərdən müasir sərnişin və yük təyyarələrinin alınması, "Gəncə” və "Lənkəran” hava limanlarının yenidən qurulması, Heydər Əliyev Beynəlxalq Hava Limanında beşulduzlu mehmanxananın və yeni anqarların tikintisi, bir sıra regional layihələr nəzərdə tutulub. İndi inamla demək olar ki, bu proqram da yüksək dəqiqlik və keyfiyyətlə həyata keçirilib. "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus aviapark yeni-yeni hava gəmiləri və aerobuslarla zənginləşməkdədir. 2007-ci ilin avqust ayında "Boeing” şirkəti ilə imzalanmış sazişin şərtlərinə görə, Azərbaycana göndəriləcək təyyarələrin sayı müəyyənləşdirilib.
Aviasiyamızın xarici əlaqələri genişləndirilib
2010-2011-ci illərdə "Boeing” şirkəti Azərbaycana "B-737-900ER” tipli 4 təyyarə göndərib. Bundan əlavə, 2014-cü ildə ölkəmizə 2 ədəd "B-767-300ER” və 2 ədəd "B-787-8” tipli təyyarə göndərilib. Həmin təyyarələr mövcud aviareyslər şəbəkəsini genişləndirməyə, Avropa, Cənub-Şərqi Asiya və Amerika ölkələrinə yeni xətlərin açılmasına şərait yaradıb. Hazırda "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti respublikadaxili reyslərlə yanaşı, dünyanın 15 ölkəsinə də beynəlxalq uçuşlar edir. Belə reyslər təkcə Bakıdan deyil, həm də Gəncə, Lənkəran və Naxçıvan hava limanlarından həyata keçirilir. Son olaraq istifadəyə verilən Moskva-Lənkəran-Moskva və Moskva-Naxçıvan-Moskva aviareysləri sərnişinlər üçün əsl "sürpriz” olub. Onu da qeyd etmək lazımdır ki, bu uğurların qazanılmasında "Azərbaycan Hava Yolları” QSC-nin işgüzar kollektivinin və onun prezidenti Cahangir Cəlal oğlu Əsgərovun zəhməti az olmayıb. Çox fərəhli haldır ki, indi Azərbaycan Respublikası dünyanın nəhəng aeroportları ilə yarışa biləcək beynəlxalq hava limanlarına malikdir. Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Zaqatala hava limanları belələrindəndir. Lakin bu da həqiqətdir ki, milli aviasiyamızın yüksəlişi bilavasitə peşəkar milli kadrların hazırlanması ilə bağlıdır. Bunun üçün isə ölkəmizdə analoqu olmayan ali təhsil ocağına borcluyuq.
Milli Aviasiya Akademiyası, müstəqilliyimizin bəhrəsidir
Müstəqilliyimizin bəhrələrindən biri də Milli Aviasiya Akademiyasıdır. Belə ki, müstəqillik əldə etdikdən sonra mülki aviasiya sahəsində milli kadrlara olan ehtiyacın ödənilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyun 1992-ci il tarixli 337 saylı qərarı ilə "Azərbaycan Hava Yolları” Dövlət Konserni (indiki "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti) nəzdində Milli Aviasiya Mərkəzi yaradılıb. Mərkəzin direktoru professor İlyas Musa oğlu Əliyev təyin edilib. Mərkəzin nəzdində Ümumi texniki fənlər və Humanitar fənlər kafedraları təşkil olunub. 1993-cü ildə Mərkəzdə Hava nəqliyyatının istismarı fakültəsi yaradılıb və mövcud kafedralar bu fakültəyə daxil edilib. Aviasiya xüsusi avadanlığı, ingilis dili kafedraları yaradılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 1994-cü il tarixli 81 saylı qərarı ilə Milli Aviasiya Mərkəzi Milli Aviasiya Akademiyası (MAA) adlandırılıb. Ulu öndərimiz Heydər Əliyev Milli Aviasiya Akademiyasının uğurlu fəaliyyətindən fərəh duyurdu. O, iftixarla deyirdi: "Mən xoşbəxtəm ki, artıq indi Azərbaycan mülki aviasiyasının milli kadrları - azərbaycanlı təyyarəçilər, mühəndislər, mütəxəssislər vardır və onlar Azərbaycanın mülki aviasiyasını bu gün də, gələcəkdə də inkişaf etdirəcəklər”. Professor İlyas Əliyev akademiyanın rektoru təyin edilib. Milli Aviasiya Akademiyası bir fakültə, iki ixtisas, 80 tələbə ilə fəaliyyətə başlayıb. 1994-cü ildə Hava nəqliyyatının uçuş istismarı fakültəsi və onun nəzdində Hava gəmilərinin uçuş istismarı və aeronaviqasiya, uçuş aparatlarının və aviasiya mühərriklərinin konstruksiyası və istismarı kafedraları yaradılıb. Həmin ildə MAA-nın nəzdində Elmi-Tədqiqat Aviasiya İnstitutu (ETAİ) yaradılıb. ETAİ-nin tərkibində Konstruktor-texnoloji, Elmi texniki informasiya və yeni texnikanın tətbiqi, Aviasiya elektronikası və Yeni texnika və texnologiyanın tətbiqi şöbələri yaradıldı. Mülki aviasiyada aktual elmi-texniki problemlərin həlli, uçuşların təhlükəsizliyini təmin edən yeni uçuş və yerüstü vasitələrin yaradılması, eləcə də "Azərbaycan Hava Yolları” Dövlət Konserni aviamüəssisələrinin fəaliyyətini tənzimləyən normativ-texniki sənədlərin işlənməsində bu institut mühüm rol oynadı. 1996-cı ildə Milli Aviasiya Akademiyasının rektoru vəzifəsinə AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, fizika- riyaziyyat elmləri doktoru, professor Arif Mir Cəlal oğlu Paşayev təyin olundu. 1996-cı ildən başlayaraq MAA özünün yeni inkişaf dövrünə qədəm qoyub.
Ayyət Əhməd
Məqalə "Azərbaycan Hava Yolları” (AZAL) QSC və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.