Azərbaycan Qərbin müəllifi olduğu “müsəlman dünyası” portretini pozur

Əli Həsənov: “Ölkəmiz öz dəyərlərini dünyaya nümayiş etdirmək imkanı qazananda, o imkanı bağlamaq üçün qarayaxma kampaniyalarına start verilir”


Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ANS-in "Hesabat” verilişinə müsahibə verib. Müsahibədə Ə.Həsənov son dövrlər bəzi beynəlxalq dairələr tərəfindən ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası, bunun məqsəd və xarakteri və s. barədə Azərbaycan dövlətinin mövqeyini ortaya qoyub. Kaspi.az müsahibəni təqdim edir.

- Əli müəllim, son zamanlar Azərbaycanın mötəbər tədbir ərəfəsində müxtəlif səviyyələrdə basqılarla üzləşdiyini cəsarətlə söyləmək olar. Təbii ki, bu basqıların qarşısına da cəsarətlə çıxırıq. Lakin basqılarda təzə nədir ki, bizi bir dövlət olaraq bu, narahat edir? Axı bu basqılar həmişə olub.

- Bilirsiniz, bəzi beynəlxalq dairələr, hansı ki, biz bunu 2012-ci ildə "Avroviziya” yarışması öncəsi də hiss etmişdik, Azərbaycan tipli modern, inkişaf etmiş, dünyada cəledici olan dövlətlərin özünü təqdim etməsini nədənsə həzm edə bilmirlər. Azərbaycan bu kimi tədbirlərdə öz mədəniyyətini, adət-ənənələrini, tarixi keçmişini, bir sözlə, sivil dünyanın dövləti dəyərləndirərkən istifadə etdiyi digər dəyərlərini dünyaya təqdim edir. Müvafiq olaraq, əgər Azərbaycan İsveçrə, Norveç, Fransa, İngiltərə kimi inkişaf etmiş Avropa dövlətləri ilə bir sırada durur və bu səviyyəli tədbirləri keçirir, bu işdə ən yüksək standartlar ortaya qoyursa, o zaman antimüsəlman ovqatını, hansı ki, bu gün Qərbdə hökm sürür, həmin dairələr nə ilə əsaslandırsınlar? Deməli, müsəlman ölkələri də inkişaf edə bilərmiş. Məhz bu nöqtədə biz beynəlxalq islamafob qüvvələrlə üz-üzə gəlirik. Məhz antiAzərbaycan kampaniyasının arxasında duran birinci amil beynəlxalq islamafob qüvvələrin bir müsəlman dövləti olaraq Azərbaycanı özlərinə bərabər dövlət kimi görmək istəməməsidir. Onların fikrincə, müsəlman dünyasında həmişə xaos, anarxiya olmalıdı, insanlar bir-birini öldürməlidir, partlayışlar olmalıdır. Necə ki İraqda, Suriyada, Yəməndə, Misirdə, Liviyada bunlar baş verir. Və bunlar bütün müsəlman dünyasına aid olmalıdı. Yəni modern, nümunəvi müsəlman dövləti modeli dünyaya təqdim oluna bilməz.

- Yəni belə çıxır ki, böyük güclər müsəlmanlar üçün müəyyənləşdirmiş olduqları portretin Azərbaycan tərəfindən pozulmasını, cızılmasını qəbul edə bilmirlər.

- Tamamilə doğrudur, biz ümumi portreti pozuruq. Və müsəlman dünyasında da tolerant bir cəmiyyət formalaşa, nümunəvi "Avroviziya” musiqi yarışması keçirilə, bu yarışmanın qalibi ola, Olimpiya səviyyəli Avropa Oyunlarına ev sahibliyi edə, ümumdaxili məhsulu illlik 8-10 faiz arta, sivil birgə yaşayış normaları cəmiyyətdə hökm sürə bilərmiş. Eləcə də müsəlman dünyasında demokratiya, insan hüquqları, vətəndaş azadlıqlarının vəziyyəti eynilə Avropadakı kimi ola bilərmiş. Məhz mövcud reallıq onların müsəlman dünyasına aid etdiyi trafareti pozur. Və bizim onlarla ilk qarşıdurmamız bu fonda yaranır. Başqa səbəblər də var. Erməni lobbisi bunun arxasında dayanır. Erməni lobbisi istəmir ki, bu gün Azərbaycan sivil dünyaya olduğu kimi təqdim olunsun. Çünki onlar illərlə Azərbaycan haqqında özlərinin düşündüyü rəyi formalaşdırmağa çalışıblar. Erməni lobbisinin təsiri altında olan bəzi Avropa, Qərb ölkələri, bunların sırasında hüquq müdafiə, mətbuatla, insan hüquqları, vətəndaş cəmiyyətləri ilə bağlı təşkilatlar da erməni lobbisinin təsiri altında anti-Azərbaycan fəaliyyətinə qoşulurlar. O cümlədən bəzi hökümətlərarası təşkilatlar, məsələn, Avropa Parlamenti və digər beynəlxalq qurumlar da "Avroviziya" musiqi yarışması ərafəsində də bizə müəyyən qədər öz tezislərini sırımağa çalışdılar. Eyni zamanda Ramil Səfərovun azadlığa buraxılıb Azərbaycana gətirilməsi və onun haqqının bərpa olunması məsləsində də bizə problem yaratmağa çalışdılar. Bu insanlar neçə dəfədir ki, Azərbaycanı sivil dünyanın bir tərkib hissəsi, inkişaf etmiş bir dövlət kimi təqdim etməkdən imtina edərək bizə qarşı belə kampaniyalar aparırlar. Özü də kampaniyaları o zaman aparırlar ki, bizim yürütdüyümüz siyasət, gördüyümüz işlər artıq öz effektini verməyə başlayır. Sivil dünya Azərbaycanın haqları haqqında danışmağa başlayıb, maraqlanır ki, necə oldu, bu ölkənin ərazisini Ermənistan işğal etdi. Nəyə görə BMT-nin 4 qətnaməsi bu ölkə ilə bağlı neçə illərdir həyata keçirilmir? Nəyə görə bu ölkəni hər tərəfdən mühasirəyə almaq istəyirlər? Bunlar nədən qaynaqlanır? Bu gün dünyanın hər yerindən Azərbaycana gəlib görürlər ki, burada tolerant cəmiyyət dünyanın bütün bölgələr ilə müqayisədə daha üstündür. Burda müsəlmanlar, xristianlar və musəvilər bir arada dinc şəraitdə yaşayırlar. Burada insan hüquqları, vətəndaş hüquqları tam və dolğun bir şəkildə təmin olunur. Bunları gözü götürməyən dairələr əlbəttə, Azərbaycan o dəyərlərini dünyaya nümayiş etdirmək imkanı qazananda, o imkanı bağlamaq üçün belə kampaniyalara başlayırlar.

- Bizim gəldiyimiz qənaət belədir ki, Azərbaycan eyni zamanda həm də onun açısını cəkir ki, özünün mövcudluğuyla mövcud dünya nizamını pozur. Yəni artıq dünya dövlətləri öz yerlərini bilirlər, xəritədə müəyyən məsələləri həll ediblər və birdən Azərbaycan çıxır ortalığa, bərabər hüquqlu, bərbər imkanlı bir dövlət kimi deyir ki, mən də varam. Bu isə kiminsə xoşuna gəlmir. Siz bununla razısınız?

- Azərbaycanın geosiyasi, geoiqtisadi və geostrateji dəyəri çox yüksəkdir. Azərbaycan Cənubi Qafqazın o ölkəsidir ki, Qara dəniz hövzəsində Ukraynanın oynadığı rolu oynayır. Bu gün Ukrayna uğrunda beynəlxalq güclər necə mübarizə aparırsa, Cənubi Qafqazda geosiyasi, geoiqtisadi və hər cür geostrateji maraqları təmin etmək üçün də Azərbaycan uğrunda mübarizə gedir. Ona görə də Azərbaycanın hansı cəbhədə dayanacağı, hansı blokun yanında yer alacağı və hansı bloka qarşı istifadə ediləcəyi məsələsi beynəlxalq güclərin maraq çərçivəsindədir. Ermənistan və ona bənzər dövlətlərin geosiyasi dəyəri o qədər aşağıdır ki, onların kimin yanında dayanması, hansı şəkildə idarə olunması, dövlətin özünün müstəqil iradəsinin olub-olamaması dünya üçün o qədər də maraq kəsb etmir. Təssəvür edin ki, dünyanın yeganə alternativ enerji mənbəyi hardadır? Azərbaycandadır. Eləcə də dünyanın yeganə alternativ nəqliyyat kommunikasiya xətlərinin başlandığı, bitdiyi və əlaqələndirici ölkəsi haradır? Azərbaycandır. Dünyanın hərbi geostrateji mövqeyində mövcud dəyişiklik edə biləcək, yəni Xəzərə NATO-nun çıxışını təmin edəcək ölkə hansıdır? Azərbaycan. Bu gün NATO qoşunlarının Əfqanıstana hərbi dəhlizi Azərbaycan üzərindən keçir. Azərbaycan günü sabah Xəzərin qapısını açıb NATO-nu ora buraxsa, nə olacaq? Və yaxud da Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsinə qoşulub NATO-ya qarşı blokda yer alsa, nə olacaq? Məhz bütün bunlar, əlbəttə, beynəlxalq dairələri çox düşündürür. Ona görə də Azərbaycan balanslı siyasət yürüdür. Siyasətin təməlində isə Azərbaycan xalqının maraqları durur. Biz beynəlxalq ailəmə başa salmağa çalışırıq ki, kiçik olmağımıza baxmayaraq, bizim də ABŞ, Rusiya, İran, Türkiyə və Avropa kimi öz maraqlarımız var. Bizm millətin marqlarının təmsil olunduğu yeganə yer də Azərbaycan coğrafiyasıdır.

- Və biz piyada deyilik artıq...

- Bəli. Bizim də özümüzə məxsus dəyərlərimiz var. Azərbaycan Prezidenti cənab İlham Əliyev hakimiyyətdə olduğu bütün dövrlər ərzində bu reallığı anlatmağa çalışır ki, biz sizinlə qarşılıqlı faydalı əməkdaşlığa tərfdaş olmağa hazırıq. Amma hər bir tərəfdaş dövlətin öz maraqları var və onlar nəzərə alınmalıdır. Azərbaycan xalqının maraqlarının təmsil olunacağı yeganə məkan Azərbaycandır. Əlbəttə, biz xarici siyasətdə maraqların uzlaşdırılması siyasətini - balanslaşma aparırıq. Lakin təkrar edirəm, Azərbaycan dövlətinin, xalqının maraqlarının təmsil olunacağı məkan buradır və bu məkana nə qədər ki cənab Prezident və onun komandası rəhbərlik edir, bu, onun söylədiyi kimi, belə də olacaqdır.

- Kənardan belə görünür ki, bu, yalnız ona görə deyil ki, Azərbaycan tarixdə ilk Avropa Oyunlarını keçirəcək. Həm də bu il ölkədə parlament seçkiləri keçiriləcək və bəzi xarici qüvvələrin ölkədə həyata keçirmək istəyəcəyi hərəkətlər kompleksinin repetisiyasıdır.

- Əlbəttə, çoxları çalışır ki, bu gün İlham Əliyevin həyata keçirdiyi fundamental dəyərlər yoxa çıxsın. Bunlar hansılardır? İctimai-siyasi sabitlik, dinamik iqtisadi inkişaf, iqtidarla müxalifət arasında dialoq mühitinin mövcudluğu, ölkədə söz, mətbuat, vətəndaş cəmiyyəti azadlıqlarının təmin olunması, milli barışığın mövcud olması, tolerantlığın bərqərar olması. Bütün bunlar Azərbaycan dövlətinin və cənab Prezidentin müstəqil siyasət yürütməsinin təməli hesab olunur. Vəziyyəti gərginləşdirmək üçün bəzi hüquq müdafiə təşkilatları, dırnaqarası bəzi beynəlxalq dairələr yuxarıda sadalanan əsaslar yoxmuş kimi, kampaniya aparmağa başlayırlar. Məsələn, bu ayın sonunda Londonda insan hüquqları və idman mövzusunda tədbir keçirəcəklər. Eynən 2012-ci ildə "Avroviziya” öncəsi olduğu kimi. Onlar eyni mərkəzdən və eyni cibdən maliyyələşirlər. Azərbaycanda da onların "kolonlar”ı var. Onlar birgə antiAzərbaycan ovqatı, isterika yaradırlar. Bunun üzərində isə Avropa Parlamenti, Avropa Şurası və digər xüsusi məqsədlər üçün yaradılmış qurumlarda müəyyən dinləmələr keçirirlər, qətnamələr qəbul edirlər. Bunun ardınca da müəyyən dövlətlərin təzyiqi gəlir və s. Bütün bunların təməlində kifayət qədər geosiyasi, geoiqtisadi, geostrateji əhəmiyyəti olan Azərbaycanı təzyiq altında saxlamaq dayanır. Amma Azərbaycanın bu günkü müvəffqiyyətlərinin təməlində onun müstəqilliyi, milli maraqların təmin olunması dayanır. Ona görə də, əlbəttə, biz bu cür qüvvələrə sinə gəririk. Onlarla əvvəlcə dialoqa çalışırıq. Lakin bir sıra hallarda isə görünür ki, onlar bilərəkdən bu cür addım atırlar. Məsələn, Avropa Parlamenti Türkiyə ərazisində 1915-ci il hadisələri ilə bağlı əsl həqiqəti, yəni soyqırımının olmadığını bilə-bilə qərar qəbul etdi. Bu, siyasiləşmiş qərardır. Bu, ikili standartlara söykənir. İslamafob əhval-ruhiyyə Avropada çoxdandır ki, bərqərar olub. Hətta dövlət siyasəti səviyyəsinə qaldırılıb. Həmin dairələr Ermənistana yardım etməsi və sərhədləri açması, ona təzminat verməsi üçün Türkiyəyə təzyiq etməyə çalışırlar. Digər məsələ Qarabağ reallığı ilə Türkiyəni də barışdırmaqdan ibarətdir. Yəni Türkiyəyə Qarabağı 1915-ci il hadisələri üçün kompensasiya kimi qəbul etdirməyə çalışılır. Bu, onların məqsəd və istəkləridir. Ancaq bunun qarşısında bir xalq və onun iradəsi durursa, buna nail olmaq olmaz. Türk xalqının iradəsini 1915-ci ildə hərb yolu ilə birləşmiş işğalçı qüvvələr sındıra bilmədi, indi isə buna qondarma bir qərarla nail olmaq istəyirlər. Bu, mümkün deyil. Türk xalqının iradəsini sındırmaq hələ heç kimə müyəssər olmayıb və bundan sonra da olmayacaq.

- Azərbaycan dövlətinin rəsmisi türk xalqının adından bəyanat verir ki, türk millətinin iradəsini sındırmaq mümkün olmayacaq. Bu, bir millət, iki dövlət prinsipinin növbəti təzahürüdü...

- Biz bütün çətin məqamlarda, böhranlı durumlarda Türkiyəyə söykənmişik və bu dövlətdən yalnız yaxşılıq görmüşük. Türk xalqı həmişə bizim arxamızda dayanıb. Biz də Azərbaycan olaraq eyni münasibəti sərgiləyirik. Necə ki 1915-ci ildə Azərbaycan könüllüləri Çanaqqalada türk xalqı ilə çiyin-çiyinə vuruşdu, bu gün də türk xalqı Dağlıq Qarabağ uğrunda azərbaycanlılarla bərabərdir və biz beynəlxalq səviyyədə olan ikili standartlara qarşı birlikdə sinə gərməkdə davam edəcəyik.