"Azərbaycan rəsmi Moskvanın erməniləri düzgün yola gətirməsini gözləyir"- Deputat





"Rusiya ilə Azərbaycan prezidentləri ilk öncə ikitərəfli münasibətləri müzakirə edəcəklər”.

Bu barədə "Sherg.az”a millət vəkili Rasim Musabəyov bildirib. O diqqətə çatdırıb ki, şimal qonşumuzla bir çox sahələrdə - iqtisadi, energetika, hərbi və s. əməkdaşlığımız var:

"Bütün bu qarşılıqlı əməkdaşlıqlar, digər sahələrdə əldə edilən uğurlar, görülən işlər prezidentlərin gündəliyinə daxildir.

Xüsusilə, təhlükəsizlik məsələləri, Yaxın Şərqdə mövcud olan gərginliklər, bunun regiona təsirləri müzakirə obyektidir. Həm Vladimir Putin, həm də Prezident İlham Əliyev regionun, hər iki ölkənin təhlükəsizliyini əhatə edən bu məsələləri də gələcək görüşdə müzakirə edə bilərlər.

Cənubi Qafqazda mövcud olan Dağlıq Qarabağ münaqişəsinə gəlincə, konfliktin nizamlanması ilə bağlı əsas güc Rusiyadır. ATƏT-in Minsk qrupunun fəaliyyətində də əsas aktiv tərəf kimi Rusiya çıxış edir. Azərbaycan isə təbii ki, rəsmi Moskvanın erməniləri düzgün yola gətirməsini, reallıqlarla hesablaşaraq, danışıqlara cəlb etməsini gözləyir. Ölkə başçısının sentyabrda baş tutacaq Rusiya səfəri çərçivəsində bütün bunlar dilə gətiriləcək”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin Rusiya Federasiyasına səfərinin vaxtında dəyişiklik olub. Rusiya-Azərbaycan İş Şurasının iclasında çıxış edən Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin Azərbaycan prezidentinin Rusiyaya səfərinin əvvəlcədən qeyd olunduğu kimi, avqustun 30-da deyil, sentyabrın 1-də baş tutacağını söyləyib.

Aysel Aslan