Əhməd Qəşəmoğlu: “Ölkədə təkcə toyu nizamlamaqla nə qədər problemi həll etmək olar. İslahatları məhz bu sahədən başlamaq lazımdır”
Azərbaycan toylara çəkilən xərclər üzrə dünya lideridir
Dəyanət Rzayev: “Mövcud vəziyyəti dəyişdirmək mümkün deyil, çünki hamı bu cür toyu qınayır, amma özü eyni şeyi təkrarlayır”
Əhməd Qəşəmoğlu: “Ölkədə təkcə toyu nizamlamaqla nə qədər problemi həll etmək olar. İslahatları məhz bu sahədən başlamaq lazımdır”
Əhməd Qəşəmoğlu: “Ölkədə təkcə toyu nizamlamaqla nə qədər problemi həll etmək olar. İslahatları məhz bu sahədən başlamaq lazımdır”
BMT-nin Əhali Fondunun (UNFPA) yeni açıqlanmış hesabatına əsasən Azərbaycan toylara çəkilən xərclər üzrə dünya lideridir. Virtualaz.org xəbər verir ki, fondun hesablamaları toylara çəkilən xərclərə görə dünyada Yaxın Şərq və keçmiş sovet respublikalarının liderlik etdiyini üzə çıxarıb. Lakin bu göstərici üzrə Azərbaycan hətta Yaxın Şərqin zəngin ərəb ölkələrini də qabaqlayıb. Ona görə yox ki, Azərbaycanda toylara çəkilən xərclər orta hesabla zəngin ərəblərin toy xərclərindən çoxdur.
O səbəbdən ki, göstərici toylara çəkilən xərcin orta aylıq əmək haqqı ilə müqayisəsi əsasında aparılıb. Məlum olub ki, Azərbaycanda toylara çəkilən xərc orta aylıq maaşın 9.7 mislinə bərabərdir. Və bu göstərici üzrə Azərbaycanın dünyada doğrudan da analoqu yoxdur və məşhur "analoqu olmayan” ifadəsi məhz bu göstəricidə tamamilə yerinə düşür. Hesabata əsasən ikinci yerdə Belarusdur. Bu ölkədə toylara çəkilən xərc orta aylıq əmək haqqının 9.2 mislinə bərabərdir. Üçüncü yerdə isə Rusiya gəlir. Dördüncü yerdə Balkan regionunun yoxsul ölkəsi Albaniyadır. Bu ölkədə toylara çəkilən xərc orta aylıq əmək haqqının 8.9 mislinə bərabərdir.
Xatırladaq ki, Azərbaycanda ifrat toy xərcləri problemi dəfələrlə ictimai müzakirələrin predmeti olub. Hətta iki il əvvəl iqtisadi böhranın əlamətləri Azərbaycanda özünü göstərməyə başlayanda və əhalinin gəlirlərində azalma özünü göstərəndə dəbdəbəli toylara məhdudiyyət qoyulmasına dair qanunvericilik təşəbbüsləri də səslənməyə başladı. Məsələ Milli Məclisdə müzakirə olundu, ancaq belə görünür ki, "toyxana lobbisi” bu məsələnin qanun çərçivəsinə salınmasına imkan vermədi.
Bu gün toyların yüksək dəbdəbə ilə qeyd edilməsinin bir sıra amilləri zərbə altında qoyaraq ailə və ölkə büdcəsinə mənfi təsir göstərdiyini vurğulayan ekspertlər isə hesab edir ki, dəbdəbəli toylar yığışdırılmalıdır.
Psixoloq Dəyanət Rzayev isə Azərbaycan toylarında mövcud vəziyyəti dəyişdirməyin heç vaxt mümkün olmayacağını deyib.
"Hamı bu cür toyları qınayır. Amma sabah öz toyları olanda eynisini təkrarlayırlar. İnsanın beynini deşən biabırçı mahnıları oxutdurur, süfrələr yeməklə dolub-daşır. Toylarda elə geyinirlər ki, sanki hər kəs öz qızıllarını nümayiş etdirmək yarışına çıxıb. Bu çox gülünc görsənir. Toylar elə bir hala salınıb ki, orada gedib beş dəqiqədən artıq oturmaq olmur. Mən şəxsən Azərbaycan toylarında otura bilmirəm. Amma onu da deyim ki, milli mentalitet və bu kimi ənənələrdən qurtulmaq heç də asan deyil. Çünki bunu edən insan o dəqiqə qınaq obyektinə çevrilir. İnanın ki, insan toyda səsdən heç yeyə də bilmir. Stolun üstü dolu olsa da, çoxu keyfiyyətsiz yeməklər olur. Bu cür yeməklərdənsə, ayaqüstü buterbrodlar və ya ayaqüstü nələrsə hazırlamaq olar. Restoranda toy etməkdənsə, təbiət qoynunda toyu etmək daha gözəl görsənir. Azərbaycan həm anlayışlarına, həm də davranışlarına görə müasirlikdən çox uzaqdır. Biz heç vaxt Avropa ola bilməyəcəyik. Bu gün dünyada 25 inkişaf etmiş ölkə var. Onların içərisində bir dənə də olsun inkişaf etmiş müsəlman ölkəsi yoxdur. İnkişaf etmiş ölkələr arasında bir az geridə qalan xristian ölkəsi İspaniya və İtaliyadır.
Orada da dinin təsiri çoxdur. Bizim bu vəziyyətdə olmağımızda dinin bir günahı olub-olmadığını bilmirəm. Amma fakt olaraq qalır. Toylar məsələsində gənclər fərqli müasir bir şey etmək istəyəndə onun valideynləri buna icazə vermir ki, bizə gülərlər. Azərbaycanlılar üçün toy müqəddəsdir. Gərək orada keyfiyyətsiz də olsa, çoxlu yemək olsun. Toya qara ikra qoyurlar. Onu heç it də yeməz”.
Azərbaycanlılarda özünü göstərmək adəti olduğunu vurğulayan psixoloq deyib ki, köklərdən qırılmaq çox çətindir: "Deyirlər ki, Avropaya inteqrasiya edirik. Hamısı boş fikirlərdir. Biz Avropadan yalnız "gey”ləri gətirdik, başqa da heç nə. Bizdə nə Avropa mədəniyyəti, nə də ki, mərhəməti var. Avropalılar heyvanlara, uşaqlara qarşı bizdən daha çox mərhəmətlidirlər. Bu dəqiqə dünyada ən qəddar insanlar müsəlmanlardır”.
Psixoloq köklərdən qırılmağın uzun illər də mümkünsüz olacağını deyib: "Köklərdən qırılmaq azərbaycanlıların içində dərin və mümkünsüz bir şeydir. Biz bu komplekslərdən qurtula bilmirik və qurtulmayacağıq da. Vəziyyət elə bu cür də davam edəcək. Düzdür, bunu tənqid edirlər, yazırlar, danışırlar. Amma sonra yenə də öz övladlarına ondan da təmtəraqlı toy edirlər”.
Toylarımızı sosial bəla hesab edən sosioloq Əhməd Qəşəmoğlu toylardakı israfçılığın ölkə büdcəsinə zərərli təsirindən danışıb:
"Toylarımızı sosial bəla hesab edirəm. Bu cür toyların olması Azərbaycanda mənəviyyata, mənəvi proseslərə böyük zərbə vurur. İlk baxışdan bəlkə də heç kəs bunu hiss etmir. Bir ailədə 3-4 nəfər işləyirsə, ilin müəyyən müddətlərində onlara 10-15 dəvətnamənin gəlməsi nə qədər pulun sərf olunacağını göstərir. Normal əmək haqqı ilə yaşayan ailə üçün bu böyük problemə çevrilir. Bu hələ məsələnin görünən tərəfidir. Bir ailədən bu qədər pulun getməsi ölkə büdcəsinə də mənfi təsir edir. Pulların bir əldə cəmləşməsi nəticəsində dövriyyədə olan məvacib azalır. Əhalinin əlində pul kütləsinin çox olması nəticəsində iqtisadiyyat güclənir. Bu, iqtisadiyyatın qanunudur. Bunun tam əksinə olaraq əhalinin əlindən pul kütləsinin azalmasının ölkə iqtisadiyyatına çox böyük zərbə vurduğunu qeyd etmək olar. Bundan başqa musiqiyə heç bir aidiyyəti olmayan şəxslərin pulları əllərində cəmləşdirməsi ilə telekanallar zərbə altına düşür. Nəticədə telekanallar həmin şəxslərin inhisarına keçir”.
Bir çox sahələrdə olduğu kimi toylarda da təbəqələşmənin gözə çarpdığını deyən Ə.Qəşəmoğluna görə, bu təbəqələşmədən restoranlar da sui-istifadə edirlər: "Yeməklərə və digər amillərə diqqət yetirməklə kasıb-varlı toyunda təbəqələşmənin olduğunu görə bilərik. Bəzən varlı üçün kasıb toyunda iştirak etmək onun üçün təhqir hesab olunur. Dövlətli, yüksək rütbəli şəxs "o mənim toyuma nə pul salacaq ki” deyib kasıbın toyuna getməkdən imtina edir”.
Bir sosioloq kimi bu cür amillərə son qoymağı tələb edən Ə.Qəşəmoğlu hesab edir ki, ölkədə təkcə toyu nizamlamaqla nə qədər problemi həll etmək olar: "İslahatları məhz bu sahədən başlamaq lazımdır. 9 milyon əhalisi olan ölkənin ayda təxminən 1/3-i pulunu toya sərf etməklə az qala dövlət büdcəsi qədər pul itirir. Çünki təkcə toya salınan pulla xərclər yekunlaşmır. Geyimə, saça və digər zəruri amillərə istənilən qədər vəsait xərclənir. Bu pulu ödəmək üçün də insan hansısa kriminal yola əl atmalı olur. Oğurluq edirsə, borca girirsə, bir ayrı problem yaranır. Qarabağ, ya hansısa sosial məsələ üçün pul yığıldıqda insanlar toya verdiyi məvacibin yüzdən birini bu xeyirxah işə verməzlər”.
Şəymən