“Azərbaycan və Ermənistandan cavab gözləyirik”

Rusiyalı həmsədr: “Çərçivə sazişi ilə bağlı anlaşmanın əldə edilməsi üçün perspektivlər mövcuddur”
Popov: “Qarabağ münaqişəsinin həllində tərəflərə yardım etmək Rusiyanın xarici siyasət prioritetlərinə daxildir”


"Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı çərçivə sazişi ilə bağlı anlaşmanın əldə edilməsi üçün perspektivlər mövcuddur”.
Bu barədə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov "İnterfaks” agentliyinə müsahibəsində deyib.

İ. Popov bildirib ki, Vyanada prezidentlər əsas məsələlər üzrə danışıqlar prosesinin yenilənməsinə dair razılığa gəliblər. "Ümid edirəm ki, konstruktiv yanaşma üstün gələcək. İnsidentlərin araşdırılması mexanizmi üzərində işin tamamlanması ilə bağlı məsələdə ən yüksək səviyyədə razılıq əldə edilib və hazırda ATƏT mütəxəssisləri bu məsələnin həlli ilə məşğuldur. Ötən həftə bu məsələ ilə bağlı ekspert qiymətləndirmələrini Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə vermişik. Tərəflərin cavablarını gözləyirik”.
İ. Popovun sözlərinə görə, sülhməramlıların göndərilməsi ilə bağlı məsələ ancaq Dağlıq Qarabağ münaqişəsi üzrə əsas razılıqların əldə edilməsindən sonra mümkün ola bilər.

Səfir həmçinin bildirib ki, müəyyən mərhələdə Dağlıq Qarabağın danışıqlar prosesində iştirak etməsi imkanı nəzərdən keçirilə bilər: "Güman edirəm ki, çərçivə sazişinin imzalanmasından sonra onların danışıqlar masasında qayıtması imkanı nəzərdən keçiriləcək”.

ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov daha sonra deyib:

"Dağlıq Qarabağ münaqişəsinin həllində tərəflərə yardım etmək Rusiyanın əsas xarici siyasət prioritetlərinə daxildir. Qonşu regionda baş verənlərə laqeyd deyilik. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi bu sahədə fəal çalışırıq”. (apa)

Rusiyalı həmsədr bildirib ki, Rusiya, həmsədrlik fəaliyyəti ilə paralel olaraq, Ermənistan və Azərbaycanla yaxın münasibətlərin mövcudluğu ilə əlaqədar müstəqil səylər də göstərir və əsas məsələlər üzrə tərəflərlə səmimi fikir mübadiləsi aparır.

"Bilirsiz ki, məhz Rusiya Ermənistan və Azərbaycan Baş Qərargah rəislərini Moskvaya dəvət edərək aprelin əvvəlində baş vermiş genişmiqyaslı hərbi əməliyyatların dayandırılmasında əhəmiyyətli rol oynayıb. Lakin, bizim vasitəçiliyimizin əsas mövzusu münaqişənin davamlı həllinə nail olmaq üçün tərəflərə yardım etməkdir”.

İ. Popov həmçinin bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədri kimi Almaniya ilə münaqişənin həlli istiqamətində fəal iş aparılır. "Həmsədrlər almaniyalı təmsilçilərlə sıx təmasları davam etdirirlər”, - deyə İ.Popov diqqətə çatdırıb.