Azərbaycan xarici diplomatiyasını effektiv qurur

Prezidentin Vaşinqton səfəri, orda keçirilən ikitərəfli görüşlər bunu təsdiqləyir




Azərbaycanda neft gəlirləri əsasında yaradılan möhkəm maliyyə bazası qeyri-neft sektorunun dinamik inkişafını, ölkə iqtisadiyyatının diversifikasiyasını, regionların tarazlı inkişafını, səmərəli beynəlxalq iqtisadi əməkdaşlığı, dünya iqtisadiyyatına inteqrasiyanı sürətləndirib. Son nəticədə Azərbaycanın hər bir vətəndaşının rifahının yüksəldilməsi ilə bağlı müsbət dəyişikliklər baş verib.

Ölkə Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi sosial siyasətin prioritet istiqamətlərindən biri iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyinin artırılması və həmin sahəyə investisiya qoyuluşunun sürətləndirilməsidir. Bu siyasətə uyğun olaraq görülən işlərin nəticəsidir ki, son illərdə ÜDM-nin artımı qeyri-neft sektoru hesabına təmin edilir, rəqabətədavamlı məhsul istehsalı durmadan artır. Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə ətraflı danışılıb. Dövlət başçısı bildirib ki, 2016-cı ildə mühüm qərarlar verilib. Biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialımızın artırılması, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın artırılması ilə bağlı tədbirlər görülüb.

Regional inkişaf layihələri: - nəqliyyat sektoru

Bu il regional inkişaf istiqamətində də çox böyük layihələr icra ediləcək. Prezident bildirib ki, nəzərdə tutulan layihələrin icrası üçün təqribən 2 milyard manata qədər vəsait ayrılacaq: "Onun bir hissəsi dövlətin güzəştli kreditləri, bir hissəsi isə sahibkarların hesabına təmin ediləcək. Hər halda biz qarşıya bu hədəfi qoymuşuq. Çalışmalıyıq ki, buna nail olaq. Beləliklə, ölkə iqtisadiyyatına, qeyri-neft sektoruna qoyulacaq investisiyalar özlüyündə daha da böyük canlanmaya, yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq və yeni ixrac məhsullarımız olacaq. Biz birinci rübdə digər sahələrdə, məsələn, nəqliyyat sahəsində, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması üçün çox fəal işləmişik. Bu dəhlizin yaradılması üçün Azərbaycan- İran- Rusiya üçtərəfli əməkdaşlığı əsas şərtdir. Bildiyiniz kimi, həm İran, həm də Rusiya prezidentləri ilə görüşlərdə bu məsələlər tərəfimdən qaldırılıb, müzakirə edilib. Deyə bilərəm ki, burada ümumi razılıq var”. Dövlət başçısı vurğulayıb ki, bu nəqliyyat dəhlizi iqtisadi, təhlükəsizlik və turizm baxımından bizə çox lazımdır: "Biz digər böyük ölkələr üçün tranzit imkanlarımızı təqdim edəcəyik və Azərbaycan büdcəsi bundan çox böyük iqtisadi mənfəət götürəcək. Çünki bu, nəinki üç ölkə arasında olan və ola biləcək ticarəti sürətləndirəcək, eyni zamanda, Pakistan, Hindistan, Şimali Avropa ölkələri bu dəhliz vasitəsilə birləşəcəklər və bizim ərazimizdən keçən yüklərin həcmi böyük dərəcədə artacaq”. "Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılması üçün bütün işlər görülür” deyən dövlət başçısı bəyan edib ki, keçən ilin sonunda Gürcüstana, bu il Türkiyəyə səfər etməsi bu dəhlizin yaradılması üçün çox faydalı olub: "Baxın, Azərbaycan yenə də iki dəhlizin ortasındadır. Əgər bizim qonşu ölkələrlə çox müsbət dostluq, tərəfdaşlıq əsasında qurulmuş münasibətlərimiz olmasaydı, bu layihələrin heç biri reallaşmazdı. Mən həmişə demişəm ki, qonşularla münasibətlərimiz bizim üçün çox önəmlidir. Bizim Ermənistandan başqa heç bir qonşu ölkə ilə problemimiz yoxdur. Əksinə, bizim qonşularla əlaqələrimiz gündən-günə artır, güclənir və bu, həm təhlükəsizlik, həm sabitlik, iqtisadi inkişaf, əməkdaşlıq üçün əsas şərtdir. Bir daha demək istəyirəm ki, Azərbaycanın bu sahədə oynadığı rol yüksək qiymətləndirilir və artıq gözəl nəticələr var”.

Beynəlxalq qurumlarla əməkdaşlıq genişlənir

Azərbaycan xarici diplomatiyası beynəlxalq qurumlarla da işi effektiv qurur. Prezidentin sözlərinə görə, Azərbaycanın bütün ölkələrlə, beynəlxalq qurumlarla əlaqələri inkişaf edir: "Bilirsiniz ki, birinci rübdə Avropa Komissiyasının yüksək vəzifəli şəxsləri, iki vitse-prezident Azərbaycana gəlib. Burada həm energetika, həm siyasi, iqtisadi və digər təhlükəsizlik məsələləri müzakirə edilib. Keçən il Avropa Komissiyasının prezidenti Azərbaycana səfər edib. Biz indi yeni əməkdaşlıq formatı üzərində işləyirik. Mənim Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirakım özlüyündə bir göstəricidir. Orada 50-dən çox ölkə iştirak edirdi, o cümlədən Azərbaycan. Nəzərə alsaq ki, Azərbaycan nüvə dövləti deyil, bizdə atom elektrik stansiyası yoxdur. Demək olar ki, nüvə sənayesi hələ inkişaf etməyib. Azərbaycanın bu mötəbər tədbirə dəvət edilməsi ABŞ hökuməti, Prezidenti tərəfindən bizə olan hörmətin təzahürüdür və bizim bu bölgədə oynadığımız rolu əks etdirir. Səfər zamanı ABŞ-ın siyasi rəhbərliyi ilə çox yaxşı, səmərəli və səmimi söhbətlərim, danışıqlarım oldu. Bu danışıqlar bir daha onu göstərdi ki, bizim aramızdakı əlaqələr hər iki tərəf üçün çox önəmlidir. Biz bir çox sahələrdə birgə işləyirik və bu əlaqələr hər iki tərəf üçün yeni imkanlar açır. Burada həm siyasi əlaqələr, həm də energetika sahəsində əməkdaşlıq, təhlükəsizlik məsələləri və ticarət, iqtisadi məsələlər də gündəliyin əsas məsələləridir”.

Enerji təminatçısı...

Prezident bildirib ki, Azərbaycanın Avropanın enerji təchizatındakı mühüm əhəmiyyəti aydındır: "Xatırladıldı ki, birinci rübdə Bakıda "Cənub Qaz Dəhlizi”nin ikinci Məşvərət Şurası keçirilib. Artıq ikinci dəfədir ki, bu tədbir Bakıda keçirilir. Bu da bizim təşəbbüsümüzlə mümkün olub. Biz iki il bundan əvvəl təşəbbüs göstərmişdik ki, belə bir toplantı keçirilsin və indi bu, artıq ənənəvi xarakter daşıyır. İkinci Məşvərət Şurasının toplantısı çox böyük uğurla keçirilmişdir, çox vacib qərarlar qəbul edilib. Qəbul edilmiş Bəyannamədə Azərbaycanın bu sahədəki liderlik rolu bir daha qeyd olunub. "Cənub Qaz Dəhlizi”nin icrası cədvəl üzrə gedir, lazımi investisiyalar qoyulur. Burada ölkələr və şirkətlər arasındakı əlaqələndirmə yüksək səviyyədədir. Əminəm ki, bu strateji layihə vaxtında icra ediləcək”.

İsmayıl