“...Azərbaycanda ən şəffaf qurumlardan biridir...”

Mirvari Qəhrəmanlı millət vəkilinin iradlarını qəbul etmir


Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı millət vəkili Zahid Orucun Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının ləğv edilməsinin əleyhinədir.

M.Qəhrəmanlı Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasını Azərbaycanda ən şəffaf, ədalətli və qanunauyğun fəaliyyət göstərən dövlət qurumlarından biri kimi qiymətləndirib: "QHT nümayəndəsi olaraq müsahibə komissiyasında müstəqil ekspert kimi iştirak edirəm. Müsahibə iştirakçılarına suallar yalnız əvvəlcədən komissiyanın saytında yerləşdirilmiş proqramlar əsasında verilir. Bu müsahibənin tam videoçəkilişi aparılır və nəticədən narazı qalan şəxsin yuxarı orqana apelyasiya şikayəti vermək hüququ var”.

Təşkilat sədri apelyasiya mərhələsində bu çəkilişə bir daha baxıldığını və yuxarı komissiya tərəfindən yekun qərar qəbul edildiyini fikirlərinə əlavə edərək qeyd edib ki, bu komissiyada işləyənlərin çoxunu tanıdığımdan qətiyyətlə deyə bilərəm ki, burada çalışanların çoxu gənc,

savadlı, mədəniyyətli və qanunvericiliyin tələblərinə əməl edən insanlardır. Ona görə də millət vəkili Zahid Orucun bu Komissiya barədə olan iradlarını düzgün hesab etmirəm”.

Qeyd edək ki, bir neçə gün öncə millət vəkili Zahid Oruc Milli Məclisdə yeni yaradılan və ləğv edilən dövlət qurumlarına münasibət bildirərkən sözügedən Komissiyanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə eyni missiya daşıdığı üçün bu iki qurumun birləşdirilməsini təklif edib.

Vüqar Şahinoğlu