Azərbaycanda hər kəsin fikrini ifadə edə biləcəyi mətbuat var
Mediamızla bağlı hazırlanan beynəlxalq hesabatlar qərəzlidir
(əvvəli ötən sayımızda)
Söz və mətbuat azadlığı bir çox hallarda cəmiyyətdə demokratiyanın meyarı, ölçüsü rolunu
oynayır. Söz azadlığının olmadığı, mətbuatın senzuraya məruz qaldığı cəmiyyətdə insan
hüquqları da tez-tez pozulur. Məhz bu səbəbdən bir çox beynəlxalq qurumlar və demokratiyanın
inkişafına xidmət edən təsisatlar müxtəlif ölkələrdə söz və mətbuat azadlığını daim diqqət
mərkəzində saxlayırlar. Amma Azərbaycanda KİV-lərin fəaliyyətini tənzimləyən, bu və ya digər
şəkildə ona aidiyyəti olan qanunların hamısı beynəlxalq standartlara tam uyğunlaşdırılsa da,
təəssüflə qeyd etməliyik ki, beynəlxalq hesabatlarda, bəzi xarici medialarda Azərbaycandakı söz
azadlığına qərəzli münasibət bəslənir, hakimiyyət məlumat azadlığını pozmaqda ittiham olunur.
Xüsusən də, "Freedom House”, "Human Rights Watch”, "Sərhədsiz Reportyorlar” kimi
təşkilatların hesabatlarında hər bir ölkə üçün xarakterik olan ayrı-ayrı mənfi hallar, bir çox
hallarda təhrif olunmuş məlumatlar qabardılır və onların əsasında ümumi qənaət
formalaşdırılmasına cəhd edilir.
Bəs, ölkənin aparıcı media orqanlarına rəhbərlik edən baş redaktorlar və tanınmış media
ekspertləri nə düşünür? Beynəlxalq hesabatlarda ölkəmizdə söz, fikir azadlığının, insan
haqlarının pozulmasına dair yer alan bəyanatlar nə dərəcədə inandırıcıdır?
25 ildir müstəqillik qazanan Azərbaycanda hər kəsin fikrini ifadə edə biləcəyi mətbuat
orqanlarının mövcud olduğunu vurğulayan Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin
deputatı Əflatun Amaşovun sözlərinə görə, "Freedom House”, "Human Rights Watch”,
"Sərhədsiz Reportyorlar” kimi təşkilatların siyahısında, nədənsə, Azərbaycan həmişə arxa
sıralarda olur:
"Bir şeyi anlamıram, bəzən elə dövlətlər reytinq cədvəlində Azərbaycandan öndə
olur ki, orda söz və mətbuat azadlığından söhbət gedə bilməz. Bu, Latın Amerikası, Afrika,
Asiya ölkələridir. Azərbaycan isə bu ölkələrdən də aşağıda göstərilir. Ancaq 25 ildir müstəqillikqazanan Azərbaycanda hər kəsin fikrini ifadə edə biləcəyi mətbuat var. Ölkənin harasındasa bir hadisə baş verəndə, o elə yerli ictimaiyyətə də, dünya ictimaiyyətinə də asanlıqla çatdırıla bilər.
Əhalinin 80 faizə yaxınının internetə çıxışı var, milyon yarımdan çox insan sosial şəbəkələrdə
fikrini bölüşür və paylaşır”.
"Milli.az” saytının baş redaktoru Anar İmanov "Şərq”ə açıqlamasında bu cür hesabatların
inandırıcı olmadığını deyib: "Bir çox hallarda mediamızla bağlı hazırlanan beynəlxalq
hesabatlar qərəzli olur. Bunu hər il görürük. "Freedom House”, "Human Rights Watch”,
"Sərhədsiz Reportyorlar” kimi təşkilatların hazırladığı hesabatlar birmənalı olaraq həqiqətləri
tam əks etdirmir. Bu hesabatlarda adətən Azərbaycan aşağı yerlərə qoyulur. Media ilə bağlı
ölkəmizdə həyata keçirilən islahatlar, yeniliklər bu cür hesabatlarda yer almır, çünki kimlərəsə
bunu yazmaq "sərf etmir”. Bu cür hesabatlar sadəcə məlum dövlətlərin göstərişləri ilə hazırlanır
və onlara sərf edən tərzdə yayımlanır. Məqsəd - inkişaf edən ölkəyə təzyiq göstərmək və bundan
istifadə edərək öz istədiklərini həyata keçirməkdən ibarətdir”.
"Ölkə.az” saytının baş redaktoru Məmməd Gülməmmədov da beynəlxalq təşkilatların
hesabatlarından qərəz "iyi” gəldiyini deyib. Onun sözlərinə görə, "Freedom House”, "Human
Rights Watch”, "Sərhədsiz Reportyorlar” kimi təşkilatlar hesabatlarında xidmət etdikləri maraq
dairələrinə uyğun olaraq vəziyyəti əks etdirirlər: "Bizə münasibətə gəlincə isə bir misal çəkmək
istəyirəm, "Freedom House” təşkilatı 2016-cı il üzrə dünya ölkələri arasında azadlıq indeksinin
müəyyənləşməsilə bağlı keçirdiyi rəy sorğusunda qondarma Dağlıq Qarabağ Respublikasına
ayrıca ölkə kimi qiymət verib. Ermənistan mətbuatının sevincək yaydığı həmin hesabatda
qondarma ölkənin azad ölkələr kateqoriyasına aid edildiyi vurğulanıb.
Mən bu kimi qərəzli halları kobud səhv, yaxud təsadüf yox, bilərəkdən edilən təxribat hesab
edirəm.
Dünyaya demokratiya dərsi keçməyə çalışan bu qurumların yaydıqları hesabatların etibarlılığı da
elə qondarma respublika qədərdir. Bu kimi təşkilatların Azərbaycana qarşı daim qərəzli
münasibət sərgilədiyi bəllidir.
Mən düşünürəm ki, bu hesabatların hazırlanmasında erməni lobbisinin də "əməyi” böyükdür.
Ona görə də həmin hesabatlarda ölkəmizdə söz, fikir azadlığının, insan haqlarının pozulmasına
dair yer alan bəyanatları o qədər də ciddiyə almaq lazım deyil. Ancaq biz də öz növbəmizdə
çalışmalıyıq ki, bütün mühüm tədbirlərdə iştirak edək, öz sözümüzü deyə bilək. Bu məqamda
vətəndaş cəmiyyətinin və diasporamızın üzərinə böyük məsuliyyət düşür.
Sonda isə qeyd etmək istəyirəm ki, diasporamızın bu sahədəki işini qənaətbəxş hesab etmək
olmaz. Dövlətimiz tərəfindən göstərilən qayğı və dəstəyin haqqını verə bilmirlər”.
"Report” informasiya agentliyinin rəhbəri Murad Əliyev isə hesab edir ki, istənilən beynəlxalq
təşkilatın hazırladığı hesabatı obyektivlik ələyindən keçirmək lazımdır:
"Bir çox hallarda açıqaşkar görünür ki, hər hansı bir hesabatın mətni əvvəlcədən hazırlanır və "araşdırma” yalnız həmin faktları təsdiq etmək prizmasından aparılır. Bir mətbuat orqanı olaraq biz də "Report” agentliyində daima beynəlxalq təşkilatların araşdırmalarını izləyirik, çalışırıq onların faktlar
üzərində gəldiyi nəticələri əsas götürərək ölkəmiz və region barədə təhlili yazılar hazırlayaq.
Yəni əslində hər bir ölkənin qərəzsiz, sifarişsiz hazırlanan hesabatlara ehtiyacı var. Çünki bu
hesabatlara əsasən ölkənin bu və ya digər sahədə əldə etdiyi uğurlar və ya gözdən qaçırdığı
məqamlar üzə çıxır. Ancaq təəssüf ki, çox vaxt özünü "beynəlxalq təşkilat” pərdəsi arxasında
gizlədənlərin müəyyən dairələrin sifarişi ilə hazırladıqları hesabatlarla üzləşirik. Bu hesabatların
artıq ilk cümləsindən ittiham dolu fikirlər yağır.
Digər tərəfdən, qəbul etmək lazımdır ki, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına
qısqanclıqla yanaşan bəzi xarici dairələr, qurum və təşkilatlar ölkəmizin reallıqlarını qərəzli
şəkildə təhrif etmək, onunla bağlı beynəlxalq aləmdə yanlış rəy formalaşdırmaq cəhdlərini hər
zaman davam etdirirlər. Bu kimi təşkilatlar bu yanaşma tərzi göstərməklə, əslində, bir daha
başqalarından tələb etdikləri "demokratiya dəyərlərindən” nə qədər uzaq olduqlarını nümayiş
etdirirlər. Bir məqamı da qeyd edək ki, həmin təşkilatların "hesabatları” öncəki hesabatlarından,
demək olar ki, fərqlənmir və görünən də odur ki, bu hesabatlar hər dəfə rəflərə düzüldükdən
sonra növbəti illərdə bir daha üzə çıxarılaraq, ictimailəşdirilir. Misal üçün, hər hansı biririmiqyaslı layihə ilə bağlı Bakıda aparılan yenidənqurma işlərinə, əlbəttə ki, narazı olan bir neçə
vətəndaş tapıla bilər. Və əgər yalnız onların fikirləri üzərində hesabat hazırlanırsa, buna ciddi bir
sənəd kimi baxmaq olmaz.
Belə təşkilatlar bəzi yerli QHT-lərin qərəzli iddialarını, subyektiv mülahizələrini yoxlamadan
təkrarlayır və heç bir müstəqil araşdırma aparmadan öz yekun qənaətini yalnız bu iddialar
əsasında formalaşdırır.
Məsələnin digər tərəfi də ondan ibarətdir ki, uzun illərdən bəri beynəlxalq aləmin gözü
qarşısında Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən təcavüzkar Ermənistan dövlətinin insan
haqlarının pozulması ilə bağlı addımlarına göz yumurlar. Beləliklə bu hesabatlar subyektiv
mülahizələr əsasında tərtib olunmuş bu və ya digər QHT-nin raportu kimi dəyərləndirilməlidir”.
Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə isə hər zaman söz və mətbuat
azadlığının ən yüksək səviyyədə təmin edilməsinin tərəfdarı olduğunu deyib: "Fikir müxtəlifliyi
cəmiyyəti irəliyə aparan əsas amillərdən biridir. Beynəlxalq təşkilatların bu məsələyə bir qədər
həssas yanaşması isə başadüşüləndir. Amma müşahidələrim onu deməyə əsas verir ki, son
vaxtlar bəzi beynəlxalq təşkilatlar söz və mətbuat azadlığı kimi mühüm anlayışları ayrı-ayrı
dövlətlərə qarşı təzyiq vasitəsinə çevirməyə çalışırlar. Mən söz azadlığına insan hüquq və
azadlıqlarının tərkib hissəsi kimi yanaşıram.
Azərbaycanda 1 milyona yaxın insanın təməl hüquqları Ermənistan tərəfindən kobud şəkildə
pozulub. Ancaq özünü insan hüquq və azadlıqlarının qızğın tərəfdarı kimi təqdim edən
beynəlxalq təşkilatlar, nədənsə, bu fakta göz yumurlar. Azərbaycanın Ermənistan tərəfindən
işğal edilmiş Qarabağ bölgəsindən olan bir vətəndaş kimi çox istərdim ki, həmin beynəlxalq
təşkilatlar əvvəlcə mənim vətəndaş kimi pozulmuş hüquqlarımın bərpasına nail olsunlar. Əgər
belə olsa, bir jurnalist kimi mən onların səmimiyyətinə ürəkdən inanaram. Hesab edirəm ki,
vətəndaşın hüquqlarının pozulmasına göz yumub, jurnalistin hüquqlarının davasını aparmaq
qeyri-səmimilik əlamətidir və kənardan yaxşı görünmür”.
(Davamı olacaq... )
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə
dəstəyi ilə hazırlanıb