Ölkəmizdə şprislərin istehsalı ilə Yaponiya və Koreya şirkətləri məşğul olacaq
Səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında ölkədə ötən ildən başlayaraq icbari tibbi sığortanın tətbiqinə başlanıldığını deyib.
Onun sözlərinə görə, bu layihənin tətbiq olunduğu xəstəxanalar özəl yox, dövlət tibb müəssisələridir: "Bilirik ki, həmin müəssisələr də publik hüquqi şəxsə çevrilməlidir. Çünki Azərbaycanda dövlət tibb müəssisələri 10 ildən artıqdır ki, əhaliyə pulsuz xidmət göstərir. Onlar isə sığortaya xidmət göstərmələri üçün publik hüquqi şəxs olmalı və xüsusi hesabları açılmalıdır. Artıq publik hüquqi şəxs statusu alacaq xəstəxanaların ilkin siyahısı hazırlanıb. İlkin olaraq 70 müəssisə nəzərdə tutulub və sonradan onların sayı artırılacaq”.
Azərbaycanda illik icbari tibbi sığortanın xidmət haqqı ilə bağlı məsələyə baxıldığını deyən səhiyyə nazirinin müavini bildirib ki, bu məsələ hələ də müzakirə olunur: "2016-cı ildən səhiyyə islahatlarının vacib hissəsi olan icbari tibbi sığortanın pilot layihələrinin tətbiqinə başlandığını xatırladan nazir müavini qeyd edib ki, Mingəçevir şəhəri və Yevlax rayonunda icra olunan icbari tibbi sığortanın gələn il sahəsi genişlənəcək.
E.Ağayev tibb işçilərinin sertifikasiyası məsələsinə də münasibət bildirib: "Uzun illərdir bu proses həyata keçirilir. Beş ili tamam olan həkimlər və tibb işçiləri yenidən sertifikasiyaya cəlb olunurlar. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar əsasında icra olunur. Sertifikasiyadan keçməyən həkimlər tibb fəaliyyəti ilə məşğul olmamalıdır”.
Nazir müavininin sözlərinə görə, Azərbaycanda dövlət tibb müəssisələrinin publik hüquqi şəxs statusu alması gələcəkdə mərhələli şəkildə həyata keçiriləcək.
E.Ağayev açıqlama zamanı dərman preparatlarının qiyməti ilə bağlı ünvanlanan sualları da cavablayıb. O deyib ki, Azərbaycanda qeydiyyatda olan bütün dərman preparatlarına Tarif Şurası tərəfindən vahid qiymət qoyulub. Bu məsələnin rotasiya olunan, təkmilləşən proses olduğunu qeyd edən E.Ağayevin sözlərinə görə, bəzi dərman preparatlarının qeydiyyatının vaxtı bitir, Azərbaycanda yeni dərman preparatları qeydiyyata düşür: "Bu proses daim davam etdirilir. Artıq Azərbaycanda qeydiyyatda olan 10 mindən çox dərman preparatının qiyməti dövlət tərəfindən tənzimlənib”.
Nazir müavini Azərbaycanda xarici ölkələrin dərman zavodlarının tikintisi məsələsinə də aydınlıq gətirib: "Ötən il İranın dərman zavodunun təməli qoyulub və işlər davam etdirilir: "İranla yanaşı Rusiya tərəfinin də dərman zavodu inşa edilir. Bundan əlavə, Yaponiya və Koreya mütəxəssislərinin birgə şirkəti yaradılıb. Bu şirkət şprislərin istehsalı ilə məşğul olacaq”.
Şəymən